AZ

Əmir Oskouei: Türkiyədə “Turan İslam Sənət Əsərləri” muzeyinin yaradılması layihəsi üzərində çalışırıq

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İstanbul, 18 fevral, Günel Karatepe, AZƏRTAC

Hazırda “Turan İslam Sənət Əsərləri” muzeyinin yaradılması layihəsi üzərində çalışırıq. Layihəni Türkiyədə reallaşdırmaq qərarına gəldik və burada çox müsbət münasibət, dəstək gördük. Hətta Türkiyə prezidenti ilə də görüşümüz oldu və ona layihə barədə məlumat verildi. Arzularımız və hədəflərimiz istiqamətində irəliləməyə davam edəcəyik.

Bu barədə AZƏRTAC-a açıqlamasında İstanbulda açılan Azərbaycanın XVII-XVIII əsrlərə aid unikal xalça və bədii tikmə sərgisinin müəllifi Əmir Oskouei bildirib.

Bu layihənin əsas məqsədinin Türk dünyasına məxsus sənət nümunələrini bir çətir altında toplamaq olduğunu bildirən müsahib deyib: “Burada söhbət yalnız xalçadan getmir. Layihə toxuculuq sənəti üzrə, yəni parça, kilim, xalça və digər ən qədim tekstil nümunələrinin toplanaraq vahid bir mədəniyyət mərkəzində təqdim edilməsini nəzərdə tutur. Bildiyiniz kimi, Azərbaycan xalçaları və ornamentləri uzun illər müxtəlif dairələr tərəfindən başqa adlarla təqdim edilib və mənimsənilməyə çalışılıb. Mən buna qarşı ilk mübarizə aparanlardanam. Azərbaycan xalçasının məhz “Azərbaycan xalçası” adı ilə tanıdılması üçün sosial mediada və beynəlxalq xalça jurnallarında bu məsələni davamlı şəkildə gündəmə gətirmişəm və bu səylər nəticəsiz qalmadı. Bu gün artıq Azərbaycan xalçası beynəlxalq aləmdə “Qafqaz xalçası” adı altında deyil, məhz “Azərbaycan xalçası” adı ilə təqdim olunur. Bu, mənim üçün böyük qürurdur”.

Kolleksiyaçı Azərbaycanın tarixi xalçalarına həsr olunan ilk sərgisinin ABŞ Ticarət Palatasında, Vaşinqton şəhərində keçirildiyini deyib: “İkinci sərgimiz isə Amerikada Türk Evində keçirildi və yenə də Ticarət Palatasının rəhbərliyi tərəfindən təşkil olundu. Daha sonra qərara gəldik ki, layihəni Azərbaycanda həyata keçirək. Görüşlərimiz nəticəsində sərgi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təşkil edildi və Azərbaycan Milli Xalça Muzeyində 5 ay müddətində davam etdi. Mən bu sənət yolunun ikinci nəsil nümayəndəsi olaraq, mədəni irsimizin qorunması və layiq olduğu şəkildə təqdim edilməsi üçün bu günə qədər əlimdən gələni etmişəm və bundan sonra da davam etdirəcəyəm”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
1
azertag.az

2Mənbələr