AZ

Ramazan ayında necə qidalanmaq lazımdır?  

Ramazan ayı yalnız ibadət etməklə deyil, həm də bədənin və ruhun təmizlənməsi və gücləndirilməsi ilə bağlı bir fürsətdir. Oruc tutarkən düzgün qidalanma çox vacibdir ki, bədənimiz bu müddət ərzində lazım olan enerji və qidaları ala bilsin. Nəzərə alınmalı başlıca məqam orqanizmin maye tələbatı çərçivəsində su balansının tənzimlənməsidir. Oruc tutarkən imsak və iftarda tərkibində maye olan qidalar qəbul edilməlidir.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, imsakda düzgün qidalanmaq gün ərzində su və enerji balansının qorunmasına kömək edir. İmsakda yulaf, düyü və ya bulqur yemək oruc boyu enerjinin davamlı olmasına kömək edir. Həmçinin yüksək lifli qida məhsulları (çeşidli tərəvəzlər və meyvələr) oruc müddətində susuzluğu azaltmağa kömək edir. Protein mənbəyi olan yumurta, pendir səhər yeməyinə daxil edilə bilər.

İftar yeməyini müəyyən olunmuş saatdan gec qəbul etməməyə diqqət yetirilməlidir. Oruc ilıq su ilə açılmalı, 1-2 stəkan su içildikdən sonra zeytun, xurma, tərəvəz salatı və göyərti yeyilə bilər. 15-20 dəqiqə fasilədən sonra isə əsas yeməklərə başlamaq olar. Belə ki, birbaşa quru qidanın qəbulu həzm problemləri riski yaratdığından yeməyə ilk olaraq sulu yeməklərdən başlamaq məsləhətdir.

Əsas yeməklərdən bir neçə çeşid varsa, birinə üstünlük verilməli, mümkün qədər az yağlı yeməklər qəbul edilməlidir. Xəmir xörəkləri, qızartma, tərkibində sous olan kalorili yeməklərin Ramazan ayı boyunca iftar süfrələrində yer almaması tövsiyə olunur. Acılı, müxtəlif ədviyyatlı qidalar, həmçinin turşuların qida rasionuna daxil edilməsi məqsədəuyğun deyil. Həzm problemlərinin qarşısını almaq məqsədilə fermentləşdirilmiş süd məhsullarının (qatıq, kefir, ayran) istehlakını artırmaq tövsiyə olunur.

Orucu açdıqdan sonra fasilələrlə qidalanma orqanizmin vitamin və minerallara olan ehtiyacının ödənməsi üçün vacibdir. Həmçinin əsas şərtlərdən biri də yavaş-yavaş və kiçik porsiyalarla qidalanmaqdır. Həzm probleminin qarşısını almaq üçün qəbul olunan qidaların yaxşı çeynənməsi də önəmlidir.

İftarla imsak arası bol miqdarda su qəbulu tövsiyə edilir. İftardan sonra bağırsağın aktiv fəaliyyəti, qəbul edilmiş qidaların yaxşı həzm olunması üçün piyada gəzmək şərtdir. Oruc tutanlar yuxu rejiminə də xüsusi diqqət etməlidirlər.

Seçilən
28
2
azerbaijan-news.az

3Mənbələr