AZ

“Uşaq Qaynar Xətti”nə 5500-dən çox müraciət daxil olub

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” ötən il ərzində uşaqların müdafiəsi və rifahının təmin olunması istiqamətində fəaliyyətini davam etdirib. 2025-ci ildə qaynar xəttə ümumilikdə 5520 müraciət daxil olub.

Müraciətlər xidmət tərəfindən sistemli şəkildə təhlil edilib, risklərin vaxtında müəyyən olunması və qarşısının alınması məqsədilə erkən müdaxilə mexanizmləri işə salınıb. Bu çərçivədə 127 ailəyə birbaşa səfər təşkil edilib, hər bir hal üzrə sosial qiymətləndirmə aparılıb, onlayn konsultasiyalar və ödənişsiz hüquqi dəstək təmin olunub.

Həmçinin, fərdi hallar üzrə uşaqlarla ayrıca görüşlər təşkil edilib, dövlət qurumları ilə multidissiplinar əməkdaşlıq çərçivəsində koordinasiyalı iş aparılıb, qrup terapiyaları həyata keçirilib. Ümumilikdə, görülən tədbirlər konkret müraciətlərin həlli ilə yanaşı, uşaqlar, valideynlər və cəmiyyət arasında məlumatlılığın artırılmasına, təhlükəsiz mühitin təşviqinə və qaynar xəttin əlçatanlığının genişləndirilməsinə xidmət edib.

Müraciətlərin təsnifatına gəldikdə, onların əhəmiyyətli hissəsi uşaqların psixoloji və sosial rifahı ilə bağlı olub. 1605 müraciət psixoloji problemlər, 823 müraciət sosial məsələlər, 808-i isə zorakılıq halları ilə əlaqəli olub. Qeyd edək ki, zorakılıqla bağlı müraciətlərin əsas hissəsini məişət zorakılığı təşkil etsə də, kiberzorakılıqla bağlı 120, qısnama (bullinq) ilə bağlı 53 müraciət qeydə alınıb.

2025-ci il ərzində uşaqların istismarı və həssas vəziyyətindən sui-istifadə hallarına dair ümumilikdə 165 müraciət qeydə alınıb. Bunların 60-ı erkən nikah, 54-ü təhlükəli ailə mühitini tərk etmə, 44-ü dilənməyə məcbur edilmə, 7-si isə əməyin istismarı hallarını əhatə edib.

Seçilən
89
16
publika.az

10Mənbələr