AZ

Qazaxıstan Orta Dəhliz vasitəsilə Belçikaya pilot ixrac daşımasını həyata keçirir

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Astana, 18 fevral, AZƏRTAC

“Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti SC-nin törəmə müəssisəsi olan “KTZ Express” Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR, Orta Dəhliz) vasitəsilə Antverpen (Belçika) limanına Qazaxıstanın üyüdülmüş düyüsünün pilot ixrac daşımasını həyata keçirib.

AZƏRTAC “KTZ Express”ə istinadla xəbər verir ki, daşıma Xəzər və Qara dənizlər üzərindən dəmir yolu infrastrukturu və gəmiçilik xətlərindən istifadə etməklə multimodal formatda təşkil olunur.

Logistika sxemi ardıcıl olaraq dəmir yolu və dəniz əlaqələrindən istifadə edən Kızılorda - Aktau - Poti - Antverpen marşrutuna əsaslanır. Poti və Antverpen limanları arasındakı dəniz yolu beynəlxalq gəmiçilik qrupu “CMA CGM Group” tərəfindən idarə olunur. Əvvəllər bu istiqamətdə yükdaşımaları əsasən quru yolu ilə Semiqlavı Mar sərhəd keçid məntəqəsi vasitəsilə, ardınca isə Brest, Duysburq və Antverpendən tranzitlə həyata keçirilirdi.

TITR infrastrukturundan istifadə logistikanı əhəmiyyətli dərəcədə optimallaşdırıb: yeni marşrut boyunca yükdaşıma xərcləri Şimal Dəhlizi üzrə məsrəflərdən daha aşağıdır və tranzit müddəti də müqayisə edilə bilər. Həmin müddət təxminən 30 gündür.

Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çini və Avropa ölkələrini birləşdirir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
79
1
azertag.az

2Mənbələr