AZ

Türkiyənin Mədəniyyət və Turizm Naziri:“Serialların hər bölümünə 100 min dollar verəcəyik”

Türkiyənin Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ərsoy türk serialları üçün yeni dəstək modelini açıqlayıb. Korrekt.az xəbər verir ki,  İstanbulda Atatürk Mədəniyyət Mərkəzində keçirilən mətbuat konfransında çıxış edən nazir bildirib ki, sektor artıq ölkənin tanıtım və turizm strategiyasının əsas hərəkətverici qüvvəsinə çevriləcək...

Nazirin sözlərinə görə, təxminən 170 ölkədə bir milyarda yaxın izləyiciyə çatan türk serialları Türkiyəni televiziya məzmunu ixracında dünyanın ilk üç ölkəsindən birinə çevirib. Sektorun ixrac gəlirləri 1 milyard dolları ötərək tarixi həddi keçib.

Ərsoy vurğulayıb ki, türk serialları yalnız iqtisadi gəlir mənbəyi deyil, həm də ölkənin “yumşaq güc” alətidir:
“Minlərlə kilometr uzaqda yaşayan insanların türk dilini öyrənməsi, uşaqlarına türk adları verməsi və ölkəmizi ziyarət etmək istəyi bu təsirin dərinliyini göstərir. ‘Ekran turizmi’ artıq keçici trend deyil, strateji sahəyə çevrilib”.

Nazir qeyd edib ki, Türkiyə 65,2 milyard dollarlıq turizm gəliri və 64 milyon ziyarətçi ilə gəlir baxımından dünyada 7-ci, ziyarətçi sayına görə isə 4-cü yerdə qərarlaşıb. Yeni modelin məqsədi bu göstəriciləri daha da artırmaqdır.

Yeni mexanizmə əsasən, Türkiyənin tanıdılmasına töhfə verən və müəyyən meyarlara cavab verən serialların hər bölümü üçün 100 min ABŞ dollarına qədər maliyyə dəstəyi ayrılacaq.

Dəstək Türkiyə Turizm Təbliğat və İnkişaf Agentliyi və Nazirliyin Kino Baş İdarəsi vasitəsilə təqdim olunacaq. Hesablamalar daxili yayım müddətinə əsaslanacaq. Xaricdə 40–45 dəqiqəlik formatda yayımlanan bölümlər üçün maksimum 33 min dollara qədər dəstək nəzərdə tutulur.

Nazirlik həmçinin çəkiliş məkanları ilə bağlı bürokratik prosedurların sadələşdiriləcəyini, dövlətə məxsus məkanların pulsuz ayrılacağını və istehsal prosesinə əlavə inzibati dəstək veriləcəyini açıqlayıb.

Ərsoy bildirib ki, yeni model çərçivəsində məhsul yerləşdirmə üsulu ilə Türkiyənin tarixi, mədəni, təbii və qastronomik dəyərləri serial məzmununa inteqrasiya ediləcək. 30 saniyəlik tanıtım çarxları və rəqəmsal qısa video formatları hazırlanacaq.

Dəstəyin əsas meyarları arasında serialın yayımlandığı ölkələrin sayı, reytinqlər, ümumi satış həcmi, Türkiyənin tanıdılmasına və türk dilinin yayılmasına töhfə kimi göstəricilər yer alır. Baş rolların ifaçılarının tanıtım kampaniyalarında iştirakı da qiymətləndirmə meyarlarından biri olacaq.

Nazir vurğulayıb ki, məqsəd dünyaca məşhur türk aktyorlarını turizm səfirlərinə çevirmək, ölkənin çimərliklərini, tarixi məkanlarını, qış və sağlamlıq turizmi imkanlarını daha geniş auditoriyaya çatdırmaqdır.

Ərsoy əlavə edib ki, oxşar dəstək mexanizmi bədii filmlər üçün də tətbiq olunacaq və beynəlxalq “A” kateqoriyalı festivallarda təmsil olunan, Türkiyəni tanıdan istehsallara maliyyə dəstəyi veriləcək.

Nazir çıxışının sonunda yeni modelin Türkiyə mədəniyyəti, turizmi və televiziya sənayesi üçün mühüm töhfə verəcəyinə inandığını bildirib.

Poliqon.info

Seçilən
29
1
poliqon.info

2Mənbələr