AZ

Bakının bu ərazisində işlər dərhal dayandırılmalıdır SƏBƏB/VİDEO

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakının Səbayıl rayonu, Badamdar şosesi adlanan ərazidə torpaq qatı yenidən sürüşüb. Bununla bağlı “Xəzər Xəbər”ə danışan sakinlər deyiblər ki, ərazidə yaşayış zonasının olması təhlükəni artırır. Avtomobillə ərazidən mütəmadi keçən sürücülər bildirirlər ki, bundan əvvəlki böyük sürüşmə zamanı yol bağlanıb və belə hadisənin təkrarlanmaması üçün işlər görülməlidir. Qeyd edək ki, bu yolda əvvəlki illərdə də iki dəfə sürüşmə hadisəsi baş verib. 

Sürüşməyə səbəb nədir? Bunun qarşısı necə alına bilər?

Globalinfo.az-a danışan ekoloq Cəmşid Bəxtiyar deyib ki, torpağın sürüşməyə meyilli olması bir sıra amillərlə bağlıdır:

“Bu prosesi yalnız texnogen amillərlə izah etmək və ya əksinə, həmin amilləri tamamilə istisna etmək düzgün yanaşma deyil. Əsas səbəb ərazinin geoloji quruluşu, xüsusilə torpağın alt qatlarının strukturu ilə bağlıdır. Dərin təbəqələrin möhkəm olmaması, gil qatlarının mövcudluğu və yeraltı su sızmaları torpağın dayanıqlığını azaldaraq sürüşmə riskini artırır. Relyef də bu prosesdə mühüm rol oynayır. Yəni yamac nə qədər dikdirsə, sürüşmə ehtimalı bir o qədər yüksək olur. Texnogen amillər isə prosesi sürətləndirən əlavə təsir kimi çıxış edə bilər. Çünki su və kanalizasiya xətlərinin düzgün quraşdırılmaması, yeraltı sızmalar torpaq qatlarının boşalmasına yol açır. Ərazidə aparılan tikinti işləri və yaşayış evlərinin inşası da sürüşmə riskini artıran faktorlardandır. Bu baxımdan, belə halların vaxtaşırı baş verməsi istisna deyil”.

Cəmşid Bəxtiyar

Ekoloq bildirib ki, Badamdar yolu yaşayış massividir və burada sürüşmə təhlükəsi daim mövcuddur:

“Problemin qarşısını almaq üçün ilk növbədə həmin ərazidə yeni tikintilərə “dayan” komandası verilməli və torpağın geoloji strukturu ətraflı araşdırılmalıdır. O cümlədən, texnogen amillərin təsiri ayrıca qiymətləndirilməli və bunun üçün xüsusi komissiya yaradılmalıdır. Əlaqədar qurumlar sürüşmələrin təkrarlanmaması üçün kompleks və sistemli tədbirlər həyata keçirməlidirlər”.

Ləman İmran

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
56
globalinfo.az

1Mənbələr