ain.az, Qaynarinfo saytına istinadən bildirir.
Sabah bütün müsəlman dünyasında Ramazan ayı başlayır.
Bu müqəddəs ay oruc, ibadət və mənəvi yenilənmə dövrü kimi kimi qiymətləndirilir.
Lakin Ramazan ayı başlayar-başlamaz insanlar arasında fikir ayrılıqları yaranır. Bu ayla bağlı bir sıra qaydalar haqqında məlumatlar bəzən qorxu və çaşqınlıq yaradır. İnsanlar çox vaxt Ramazanı "qadağalar siyahısı” ilə xatırlayır və gündəlik həyatın bir çox aspektini məhdudlaşdıran qaydalarla qarşılaşdıqlarını düşünürlər.
Bəs Ramazan ayı niyə daha çox məhz qadağalarla xatırlanır? Cəmiyyətdə bu ayla bağlı ən çox rast gəlinən miflər, şişirdilmiş qadağalar hansılardır?
Qaynarinfo bu sualları ilahiyyatçı Tural İrfan ilə müzakirə edib.
Tural İrfan deyir ki, Ramazan ayı rəhmət ayıdır, zəhmət ayı deyil. Ona görə bu ayı insanlar üçün məşəqqətə çevirmək olmaz:
"Dində rahatlıqlar tövsiyyə olunur, çətinliklər yaratmaq deyil. Bu ayda sadəcə pis əməllərdən, günahlardan daha çox çəkinmək lazımdır. Bəzən xurafatçı və mühafizəkar şəxslər ixtisasına uyğun olmadan dindən danışır və insanları çaşdırır, yanlış məlumatlar yayılır. Bəzən deyirlər ki, oruc tutan adam yuyuna bilməz, ağzının suyunu uda bilməz. Bunlar tamamilə yanlışdır. Yaxud deyirlər ki, qadınlar makiyaj edə bilməz, saç və dırnağına rəng qoya bilməz. Bunlar da yanlışdır. Yalnız qidadan və qidalandırıcılardan, cinsi münasibətdən çəkinmək kifayət edir ki, insan oruclu sayılsın”.

İlahiyyatçı vurğulayıb ki, niyyəti oruc tutmaq olan şəxs günahlardan və digər yanlış işlərdən də uzaq olmalıdır. Ona görə də mümkün qədər bu ayda yaxşılıq etmək, səxavət göstərmək savabdır.
"İnsanlar niyə daha çox bu məlumatlara inanır? Bu, məlumat azlığından, yoxsa içimizə sinən din xofdan irəli gəlir?” sualına cavab olaraq Tural İrfan qeyd edib ki, xurafat çox olduğu üçün bəzi insanlar din haqda nə danışılsa ona inanır. Gərək din xadimləri düzgün maarifləndirmə aparsınlar ki, insanlar sağlam inanca sahib olsun. Din xofundan irəli gəlməsini düşünmürəm. Lakin təəssübkeşlik də var. Müsəlmanların çoxu Quranı oxumayıb. Din haqda məlumatı azdır. Ona görə də nağıl danışanlara inanır”.
Günay İlqarqızı
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.