AZ

Onun ölüm xəbərini eşidib yelləncəkdə yelləndim Nadir Yalçın yazır

ain.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Nəfəslikdən gələn səs” yazısı

Araz kənarında çinar qəmlidir,

Çinar fərəhlidir Kür sahilində...

(Nəbi Xəzri)

Yaz havası var. Boz aya uyğun olmayan mülayimlik isə havadan yox, Kürün aramlığından bilinir. Kür körpüsünün üstündən uzaqda görünən damların hərəsi bozun bir çalarındadır. Ölçüləri başqa-başqa olsa da, hamısı bir-birinə bənzəyir. O damlar altında yaşayan ailələrin həyatları da bozun çalarlarından bir o qədər fərqli deyil, xoşbəxtliklərinin və bədbəxtliklərinin ölçüləri də... hamısı eyni boydadır...

Körpüdən enib irəlilədikcə bayaq uzaqdan görünən mənzərələrin içi ilə – enişli-yoxuşlu kənd yollarıyla məsafələri geridə qoyanda hansısa sərgi salonunda diqqət kəsildiyin mənzərə tablolarını və tabloların daxilində olmaq arzunu düşünürsən. Bax məni bu kəndin içində xoşbəxt edən də budur: uzaqdan gördüyüm mənzərənin içində olmaq! O mənzərənin havasını hiss edib uzaqdan baxan başqa adamların görmədiyi kiçik nöqtəyə çevrilmək... Bu əhvali-ruhiyyə ilə kənddə olanda bilmirsən, gün hayandan çıxır, hayanda batır.

İndi də necə gəldiyini bilmədiyim həmin axşamlardan biridir. Kötük ev adlandırdığımız dədə-baba ocağında həyətin sol tərəfində üzüm çardağı var. Üzüm çardağının sol hissəsi bağla həyəti ayıran daş hasarın döşü ilə uzanır. Bu daş hasar əvvəllər burda qərar tutan taxta çəpəri əvəzləyir. Səma rəngi ilə boyanmış bu daş hasar adama sakitlik verir. Üzüm çardağının tən ortasından bir yelləncək asılıb. Elə bil yüz ildir o yelləncək sallanır. Vaxtilə yellənən uşaqlar indi böyüyüb, yelləncək qəribsəyib.

15 il əvvəlin fevral günlərinin birində babamın cənazəsini dəfn namazının qılınması üçün həmin üzüm çardağının altına qoyanda da yaz havası var idi və onda gözüm ilk o yelləncəyi axtarmışdı. Yelləncəyi yerində görməyib hər tərəfə göz gəzdirmişdim, sonradan burulub, burulub çardağın üstünə ilişdirilən görmüşdüm, fikirləşmişdim, dəfndən qayıdandan sonra yelləncəyi açıb yellənim. Sonra utanıb fikrimdən daşınmışdım.

Fevralın 14-dür. Gecəyarıdır. Həmin üzüm çardağının altında gəzişib telefondan xəbərləri oxuyuram: Xanəndə Vaqif Babayev vəfat edib. Vaqif Babayev əslən Salyandan olan Aşıq Qurbanxanın oğlu, Aşıq Bilalın qardaşı, mərhum sənətkar Həsənağa Sadıqovun əmisidir, nəlbəkidə çalan Həsənağanı deyirəm...

***

2012-13-cü illər idi. Nizami metrosundan çıxıb Üzeyir Hacıbəylinin ev muzeyinin yanı ilə “Sovetski”də üzüyuxarı Zülfi Adıgözəlov küçəsindəki Əbilov klubuna gedirdim. Üzvü olduğum dərnək hər həftənin şənbə günü məktəbliləri başına yığırdı. “Əbilov”da musiqi həvəskarları üçün “Şəlalə” ansamblı, poeziya həvəskarları üçün “Vurğun” poeziya teatrı, teatr həvəskarları üçün Ələsgər Ələkbərov adına xalq teatrı, rəqs həvəskarları üçün adını indi xatırlamadığım rəqs dərnəyi fəaliyyət göstərirdi. Mən də “Vurğun” poeziya teatrının müdavimlərindən idim.

Üzeyir Hacıbəylinin ev-muzeyinin yerləşdiyi Şamil Əzizbəyov küçəsi ilə “Əbilov”a tələsərkən Mirzə Fətəli Axundzadə küçəsinə ayrılan döngəni geridə qoyanda hər dəfə nəfəsliyi açıq evdən muğam sədası eşidirdim. Evin boz qapısı var idi. Hava isti olanda nəfəsliklə bərabər qapı da aralı olurdu. Amma kimsə görünməzdi. Hər dəfə bu səslə bağlı bir qənaətim formalaşırdı.

Əvvəllər bu səsin yanından laqeyd addımlarla – sürətli keçir, gələn səsə ötəri qulaq verirdim. Bu səsin televizor, radio, ya maqnitofondan ucaldığını düşünürdüm. Çox zil səs idi. Hamı kimi oxumurdu, fərqli tembri vardı. Qalın səs deyildi, amma kişi ifaçı olduğu tez başa düşülürdü.

Sonralar bu ifanın canlı olduğunu dərk edəndə həmin evin qarşısında addımlarımı yavaşıdıb diqqətlə qulaq asmağa başladım. Uzaqlaşanda hansı muğamı oxuduğunu ayırd etmək mənim üçün maraqlı krossvorda çevrilmişdi. O, bəzən təsnif də oxuyurdu, dəf çalırdı. Amma bircə dəfə belə olsun üzünü görməmişdim, səsindən, hardasa, 40-50 yaşında olduğu hiss edilirdi.

Eşitdiyim bir beyt yadımdadır:

Hər kimin var isə zatında şərarət küfrü,

İstilahati-ülum ilə müsəlman olmaz.

Füzulinin “Olmaz” rədifli qitəsindəndir.

Bir neçə ay bu ifaya epizodik qulaq asandan sonra “Əbilov”un bədii rəhbəri, mərhum Mirəhməd Əsgərovdan həmin səsin sahibi barədə soruşdum. Rəhmətlik qaşlarını çatıb bir qədər fikirləşəndən sonra dedi: “Xanəndə Vaqif Babayevdir. Aşıq Qurbanxanın oğlu”.

Bu söhbətin üstündən bir neçə il keçdi. 2015-ci ildə V Beynəlxalq Muğam Müsabiqəsində buxara papaqlı, kostyumlu, lopa qara bığı olan kişi diqqətimi cəlb etdi. Rəhmətlik tarzən Məhərrəm Nəcəfzadədən o kişinin kim olduğunu soruşdum. Dedi, Vaqifdir, xanəndə, Aşıq Qurbanxanın oğludur.

Nəfəslikdən eşitdiyim səsin sahibini görəndə təəccübləndim. Yaşı 70-i haqlamış kişinin səsinin məlahətinə heyran qaldım. Yaxınlaşıb tanış oldum və beləliklə, münasibət yarandı.

Yaddaşım yanıltmırsa, onda mənim yanımda şair Eminquey Akif də var idi. O sonrakı görüşlərin birində öz diskini mənə hədiyyə etdi. Diskə qulaq asdıqca onun əsl qəzəl bilicisi olduğunu başa düşdüm. Oxuduğu təsniflərin əksəriyyətini özü bəstələmişdi.

***

Bakıda yaşayan sənətkar öz ata yurdunda – Salyanda gözlərini əbədi yumdu. İndi – fevralın ortasında, Boz ayda hər nə qədər yaz havası hökm sürsə də, Kürün sahilində bu xəbər məni buz kimi titrətdi.

Bir nəfəslik bağlandı, torpaq səsi uddu.

Telefonda Vaqif Qurbanxanoğlunun ölüm xəbərini oxuyandan sonra üzüm çardağının altındakı yelləncəkdə yelləndim və hər şeyi yenidən xatırladım.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
lent.az

1Mənbələr