AZ

“Qarabağ” palçıqlı Qubada, “Nyukasl” “Villa Park”da - “qara bazar” hələ də var

“Qarabağ” bu gün “Nyukasl”ı qəbul edəcək. Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn ağdamlıların ev oyununa maraq olduqca böyükdü. Artıq 27500 bilet satılıb. Ajiotaj olacağına şübhə yoxdu.

Azərbaycan futbol tarixinin ən önəmli günlərindən biridi. Dünyanın ən mötəbər klub turnirində ölkəmizi təmsil edəcək “Qarabağ” bu oyundan üzüağ çıxmaq üçün əlindən gələni edəcək.

Yanvarın 30-da atılan püşkdən sonra bu komandaların pley-offda qarşılaşacağı bəlli oldu. Rəqiblərin fevraldakı nəticələrinə nəzər salaq.
“Nyukasl” püşkün ertəsi 24-cü tur çərçivəsində səfərdə “Liverpul” önündə darmadağın oldu – 1:4. Daha sonra “sağsağanlar” Liqa kubokunda Mançester səfərində “şəhərlilər”ə 1:3 uduzdular. 25-ci turda “Brentford”a evdə 2:3 yenilən “Nyukasl” növbəti tur Londonda “Tottenhem”i 2:1 məğlub etdi. Eddi Haunun rəhbərlik etdiyi komanda son oyununu ölkə kubokunda “Aston Villa”ya qarşı keçirib və səfərdə 3:1 hesablı inamlı qələbə qazanıb.

“Qarabağ” isə daha ağır oyunlar keçirib. Söhbət rəqiblərdən yox, oynadığı meydançalardan gedir. Bakıda “Turan Tovuz”la oyundan sonra komandanın bəlalı oyunları başladı. Dumanlı gündə, süni örtük üzərində “Şamaxı”ya kubok oyununda 1:2 məğlub olan “köhlən atlar” 5 gün sonra çempionat oyununda eyni komanda ilə qarda oynadı. Bu dəfə son saniyələrdə vurulan qolla 2:1 qələbə qazandılar. Qurban Qurbanovun səbr kasasını daşıran oyun Qubada “İmişli”yə qarşı oldu. Bu meydança təbii örtüklü olsa da, durumu hər kəsə məlumdu.

Bəli, 27500 bilet satılıb. Amma bilet əldə edənlər arasında oyuna getməyənlər də az deyil. İndi də həm öz qiymətinə, həm də qiymətindən baha şəkildə bilet satanlar var. Sosial şəbəkədə belə elan yayanlar çoxdu.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
95
1
football-plus.az

2Mənbələr