Azərbaycanlı rəssam və memar, sənətşünas alim, professor İlham Ənvəroğlu Türkiyənin Konya şəhərində yerləşən Selçuk Universitetinin İncəsənət fakültəsinin dekanı vəzifəsinə təyin olunub.Metbuat.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, İlham Ənvəroğlu 27 may 1970-ci ildə Ağcabədi şəhərində görkəmli filoloq-alim, professor, şair Ənvər Əhmədin ailəsində dünyaya gəlib. Orta təhsilini Ağcabədidə aldıqdan sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, daha sonra Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetinin Memarlıq fakültəsini bitirib. 1990-cı illərin sonlarında Türkiyəyə köçən İlham Ənvəroğlu Konya şəhərindəki Selçuk Universitetində fəaliyyətə başlayıb, burada magistr və doktorantura təhsilini tamamlayıb. Uzun illər universitetdə pedaqoji və elmi fəaliyyətlə məşğul olan rəssam indiyədək 50-dən çox milli və beynəlxalq sərgidə iştirak edib. Azərbaycanla yanaşı, Türkiyənin onlarla şəhərində keçirilən çoxsaylı fərdi sərgilərdə əsərləri uğurla nümayiş olunub.İlham Ənvəroğlu 2006-cı ildə 67-ci Dövlət Rəsm və Heykəl Sərgisində, 2008-ci ildə “Kempinski Sənət Günləri” sərgisində birincilik mükafatına layiq görülüb. 2010-cu ildə Balaton–Szalon Kiçikhəcmli İşlər Bienalesində böyük mükafatla təltif edilib. O, UNESCO Beynəlxalq Plastik Sənətlər Assosiasiyasının üzvüdür.“Aman ovçu”, “Şaman”, “Müqəddəs şəhərlər”, “Cənnət quşu” və digər məşhur əsərlərin müəllifi olan sənətkar Azərbaycan-Türkiyə mədəni əlaqələrinin inkişafında mühüm rol oynayıb. Konya şəhərində yerləşən Konyanüma Panorama Muzeyində nümayiş etdirilən əsərlər Azərbaycan rəssamlarına, o cümlədən İlham Ənvəroğluna məxsusdur. Həm yaradıcılığı, həm də elmi fəaliyyəti ilə Azərbaycan-Türkiyə mədəni əlaqələrinin və diasporun inkişafında mühüm rol oynayan professor Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.