AZ

"Alov qüllələri" - memarlığın möcüzəsi

Son illər ölkəmizin paytaxtında quruluşu, üslubu ilə bir-birinə bənzəməyən, zövq oxşayan binalar tikilir. Bu yeni binaların sırasında  "Alov qüllələri" qeyri-adi quruluşu, gözəlliyi və möhtəşəmliyi ilə şəhərimizə gələn qonaqların diqqətini cəlb edir. 

Turistlərdən biri "Alov qüllələri"nə vurğunluğunu belə sözlərlə ifadə etmişdir: "Azərbaycanın daha bir şah əsəri. Bu bina həm gündüz, həm də gecə çox möhtəşəmdir. Düşünürəm ki, gecə müxtəlif rənglər və işıq dizaynları ilə bəzədildikdə daha da gözəl görünür… Möhtəşəm! Azərbaycanda olarkən bu binanı mütləq görmək lazımdır. Binaların yerləşdiyi zirvəyə qalxmaq üçün pilləkənlər var və ya funikulyordan istifadə etmək mümkündür. Mən noyabr ayında ziyarət etdiyim zaman funikulyor işləmirdi, ona görə də zirvəyə taksi ilə qalxdım və geriyə enmək üçün pilləkənlərdən istifadə etdim. Bu, binaları daha yaxından görməyə imkan yaradır". 

Binanın adı Bakının qədimlərdən Odlar Yurdu adlandırılması ilə əlaqədardır. Qüllələr də alov formasında tikilib. Kənardan baxanda onlar alov dilimlərini xatırladır. Qüllənin şüşə fasadı LED işıqlandırma sistemi ilə təchiz edilib. "Alov qüllələri" 3 çoxmərtəbəli binadan ibarətdir. 1-ci qüllə 39, 2-ci qüllə 37, 3-cü qüllə isə 34 mərtəbəlidir. Bu binalarda yaşayış kompleksi, ofislər və ən sonuncu qüllədə isə "Fairmont Baku" hoteli yerləşir. Burada restoranlar, spa və premium xidmətləri göstərilir. Yaşayış kompleksindəki mənzillərdə əsasən modern və minimalist dizayn üstünlük təşkil edir. Biznes mərkəzi kimi istifadə olunan binada həm də müxtəlif beynəlxalq şirkətlərin ofisləri yerləşir. 

Binanın tikintisinə 2007-ci ilin oktyabr ayından başlanmışdır. İşi "DİA Holding" Azərbaycan-türk şirkəti aparmışdır. Binaların tikintisinin başa çatdırılması 2010-cu ilə planlaşdırılırdı. Lakin əlverişsiz hava şəraitinə görə tikinti işləri 2012-ci ilə qədər davam etmişdir. Nəhayət, 2013-cü ildə inşası başa çatmışdır. "Alov qüllələri" tanınmış memarlıq firması HOK (Hellmuth, Obata+Kassabaum) tərəfindən konseptuallaşdırılmışdır. Məqsəd Azərbaycanın zəngin mədəni irsini əks etdirən, eyni zamanda xalqın tərəqqisini və gələcək arzularını simvollaşdıran müasir əlamətdar abidə yaratmaq idi. Çox böyük zəhmətlər bahasına məqsədə nail olundu. 

Diqqətlə baxanda aydın görünür ki, "Alov qüllələri"nin tikintisi mürəkkəb mühəndislik işidir. Qüllələr müvafiq olaraq 182 metr, 161 metr və 140 metr hündürlükdədir. Alova oxşayan xarici görünüşlər LED ekranlarla bəzədildiyindən gecələr fasadlarda alov rəqsi illüziyası yaradır. 

Qüllələr naxışları və rəngləri dəyişən dinamik işıqlandırma displeyləri ilə tanınır və onları şəhərin istənilən nöqtələrindən görmək mümkündür. İşıqlandırma ardıcıllığı tez-tez musiqi ilə sinxronlaşdırılır, memarlıq tamaşasına bədii və interaktiv element əlavə olunur. Fasadları əhatə edən LED ekranlar proqramlaşdırılma imkanlarına malikdir. Buna görə də Azərbaycan bayrağının təsvirindən tutmuş mürəkkəb naxışlara və animasiyalara qədər müxtəlif displeylərə imkan yaradır. 

"Alov qüllələri"nin şan-şöhrəti demək olar ki, bütün dünyaya yayılmışdır. ABŞ-nin məşhur Si-En-En telekanalının saytında yayımlanmış xəbərə görə, Bakının mərkəzindəki "Alov qüllələri" ("Flame Towers") onun müəllifinin ən sevimli layihələrindən biridir. Si-En-En-in "Möhtəşəm binalar" layihəsinin müəllifləri dünyanın altı aparıcı arxitektorundan indiyədək layihəsini işləyib hazırladıqları ən sevimli binalarının adlarını açıqlamağı xahiş etmişlər. "Alov qüllələri"nin layihələndirilməsi ilə məşğul olan HOK nəhəng arxitektura şirkətinin vitse-prezidenti Barri Hyuz etiraf etmişdir ki, qüllələr onun ən sevimli layihələrindən biridir. Barri Hyuz onu da bildirmişdir ki, bu layihə üzərində çalışan 150 adamın əməyinin şöhrətini təkbaşına yaşadığı üçün özünü günahkar hiss edir".

B.Hyuz qüllələrin forması haqqında da söz açaraq demişdir: "Oda sitayiş edən zərdüştlüyün mərkəzi olan şəhərin tarixini, onun təbii qaz ehtiyatlarını xatırlatmalıydı. Biz alov ideyası üzərində dayandıq". Onun sözlərinə görə, bu layihə, məsələn, qüllələrin potensial zəlzələyə davam gətirməsi, Bakıda şiddətli küləklər əsdiyi üçün komplektləşdirici hissələrin kranlardan istifadə olunmadan quraşdırılması kimi bir çox təhlükə ilə dolu bir layihə idi. Layihəçilər qüllələrin Bakının rəmzinə çevriləcəyinə ümid bəsləyirdilər. Zaman keçdikcə bəslənən ümidlər özünü doğrultdu. İndi  həqiqətən "Alov  qüllələri" Bakının rəmzinə çevrilmişdir. "Alov qüllələri" 2013-cü ildə "Ən yaxşı hotel və turizm mərkəzi" mükafatına layiq görülmüşdür. 

Prezident İlham Əliyev son illər Bakıda tikilən və şəhərimizi daha da gözəllişdirən binalardan söz açarkən "Alov qüllələri"nin də adını çəkmişdir: "Müstəqillik dövründə Bakının yeni simvolları da yaradılmışdır. Onların arasında mən Heydər Əliyev Mərkəzini qeyd edə bilərəm. Yuxarı mərtəbələrdən Heydər Əliyev Mərkəzi də görünür. Bu da nadir bir memarlıq əsəridir. Dünya miqyasında bunun analoqu yoxdur. Bayraq Meydanı müasir dövlətimizin simvoludur. Azərbaycanın müstəqilliyini əks etdirən möhtəşəm Bayraq Meydanının da dünyada analoqu yoxdur. Yeni bulvar, hesab edirəm ki, Bakının yeni simvoludur. Digər binalar müasir şəhərimizi təcəssüm etdirir və onların içində əlbəttə ki, "Alov qüllələri"nin xüsusi yeri vardır. Təsadüfi deyildir ki, indi müxtəlif beynəlxalq tədbirlərdə, Azərbaycanın xaricdəki müxtəlif tədbirlərində "Alov qüllələri" bir simvol kimi əks etdirilir. Bu, doğrudan da, nadir memarlıq əsəridir, dünyada analoqu yoxdur və şəhərimizin ən gözəl yerlərindən birində böyük zövqlə və böyük məhəbbətlə tikilibdir".

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Seçilən
11
azerbaijan-news.az

1Mənbələr