AZ

Tullantı materialları üstündə həmyerlisinin ayağını daşla sındıran şəxsə 4 il CƏZA

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Nicat İslamovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin İbişovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü o, 4 il müddətə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə 02 sentyabr 2025-ci il tarixdə saat 18 radələrində Bərdə rayonu, Alaçadırlı kəndi ilə Meşəçilik qəsəbəsi arasındakı yaşayış sahəsi olmayan, məişət tullantılarının töküldüyü ərazidə baş verib.

 

İş materiallarına əsasən, təqsirləndirilən şəxs həmin əraziyə məişət tullantıları toplamaq məqsədilə gəlib. Bundan 3–4 gün əvvəl zərərçəkmiş Elmin Cəfərovun bacısına nalayiq ifadələr işlədilməsi ilə bağlı tərəflər arasında yaranmış şəxsi münasibətlər zəminində mübahisə qeydə alınıb. Mübahisə zamanı Nicat İslamov yerdən götürdüyü daşla zərərçəkmiş şəxsə sağ baldır nahiyəsindən qəsdən zərbə endirib. Nəticədə Elmin yıxılıb və ağır xəsarətlər alıb.

 

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmişə sağ baldır sümüklərinin orta 1/3 hissəsinin açıq yerdəyişmiş sınığı, sol baldırın orta 1/3 hissəsinin əzilmiş-cırılmış yarası kimi xəsarətlər yetirilib. Həmin xəsarətlər ümumilikdə insan həyatı üçün təhlükəli olmaqla qəsdən sağlamlığa ağır zərər kimi qiymətləndirilib.

 

Məhkəmə iclasında Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunan Nicat İslamov özünü qismən təqsirli bilib. O deyib ki, zərərçəkmiş Elmin Cəfərov avtomobili onun üzərinə doğru sürüb və bu zaman tərəflər bir-birilərinə daş atıblar.

 

Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, fərdi əməklə məşğuldur, əvvəllər Elminlə şəxsi münasibəti olmayıb. Onun sözlərinə görə, mübahisə zərərçəkmişin tullantıların toplandığı əraziyə gəlməməsini tələb etməsi səbəbindən yaranıb. O, yalnız bir dəfə daş atdığını, daşın hansı nahiyəyə dəydiyini görmədiyini və atdığı daşın böyük olmadığını bildirib. Həmçinin saxlanılarkən “ASAN Xidmət”ə şəxsiyyət vəsiqəsini götürmək üçün getdiyini qeyd edib və atdığı daş nəticəsində belə ağır xəsarətin yarana bilməyəcəyini iddia edib.

 

Məhkəmədə dindirilən zərərçəkmiş Elmin Cəfərov isə fərqli mövqe sərgiləyib. O söyləyib ki, hadisədən əvvəl bacısı ilə təqsirləndirilən şəxs arasında tullantı materialları üstündə mübahisə olub. Bacısı topladıqları tullantıların götürülməsinə etiraz etdikdə, Nicat ona söyüş söyüb və üzərinə bıçaq çıxarıb. Bacısı polisə müraciət edəcəyini dedikdən sonra isə hadisə yerindən uzaqlaşıb.

 

Zərərçəkmişin sözlərinə görə, sonradan təqsirləndirilən şəxsi onlara məxsus heyvanların olduğu ərazidə görüb və orada nə axtardığını soruşub. Elmin tullantıların onlara məxsus olduğunu bildirsə də, təqsirləndirilən şəxs həmin materialları götürməkdə israr edib. Mübahisə zamanı Nicat ona daş ataraq dəmiryolu istiqamətində qaçıb. Zərərçəkmiş onun uzaqlaşdığını düşündüyü üçün arxasınca gedib, lakin bu zaman yenidən atılan daş nəticəsində ayağı sınıb.

 

Elmin Cəfərov bildirib ki, Nicatın atdığı daş böyük olub və təxminən 20 metr məsafədən atılıb. Nəticədə ayağının aşağı hissəsində iki sümük sınıb və o, 10 gün xəstəxanada müalicə alıb. Hadisə zamanı qonşusunun gəlib səs-küy salmasından sonra təqsirləndirilən şəxs ərazidən uzaqlaşıb.

 

Zərərçəkmiş şəxs məhkəmədə Nictdan şikayətçi olduğunu və ona dəymiş maddi ziyanın ödənilməsini tələb etdiyini bildirib.

 

Məhkəmə dövlət ittihamçısının, zərərçəkmişin, şahidlərin ifadələrini və iş üzrə toplanmış sübutları araşdıraraq hadisənin Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş – qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin tərkibini yaratdığı qənaətinə gəlib.

 

Kamal Məmmədov

Tarix: 19 Fevral 2026, 10:11   
Seçilən
16
pravda.az

1Mənbələr