Hesab edirəm ki, İsveçrədə üçtərəfli görüş keçirməyimiz yaxşı oldu. Biz Yaxın Şərqdən və digər ölkələrdən olan tərəfdaşlarımıza hörmət edir və onları yüksək qiymətləndiririk. Amma mənim fikrimcə, əgər müharibə Avropada gedirsə, o zaman görüş üçün yer də Avropada tapılmalıdır.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Cenevrə danışıqlarına dair “Telegram” kanalında bildirib.
Zelenski hərbi istiqamətdə siyasi istiqamətə nisbətən daha çox irəlilədiklərini bildirib: “Çünki üçtərəfli formatda hərbçilər atəşkəs elan olunacağı təqdirdə, onun monitorinq missiyasının necə hazırlanacağını müzakirə ediblər. Siyasi istiqamət bu imkanları açdıqdan sonra bu mexanizm işə düşməlidir. Onlar detalları, texniki məqamları və hər iki tərəfin imkanlarını müzakirə ediblər. İlk növbədə isə amerikalıların rolunu, çünki monitorinqdə aparıcı rol onlara məxsus olacaq”, - o qeyd edib.
Ukrayna lideri avropalıların rolunun böyük əhəmiyyət daşıdığını vurğulayıb. O, ABŞ-ın bu prosesdə olmasının vacib olduğunu deyib: “Mənim fikrimcə, eyni zamanda, bizə Avropa nümayəndələri də lazımdır”.