AZ

Fransada ehtimal olunan siyasi qətl: Sağ düşərgə seçki öncəsində “şəhid” qazandığını düşünür...

Lionda 23 yaşlı tələbənin ölümü ilə bağlı cinayət işi ölkədə  ciddi siyasi böhran yaradıb...

Der Spiegel nəşri

Lionda 23 yaşlı tələbənin ölümü Fransada təkcə cinayət araşdırmasına deyil, həm də genişmiqyaslı siyasi böhrana səbəb olub. Məlumata görə, qəddar hücumda şübhəli bilinən şəxslər sol yönlü “La France Insoumise” (Tabe Olmayan Fransa) partiyasına yaxın çevrələrlə əlaqəlidir. Sol düşərgə daxilində ittifaqlar dağılır, sağ qüvvələr isə artıq yeni bir “şəhid”in meydana çıxdığını bildirir.

Bu faciə Fransada siyasi balansda dərin dəyişikliklərin katalizatoruna çevrilib, xüsusilə ölkənin 2027-ci il prezident seçkiləri öncəsi seçki mərhələsinə daxil olduğu bir vaxtda.

Araşdırma: İz sol radikal mühitə aparır

Hücum fevralın 12-si axşam saatlarında Lyonda baş verib. Maskalı bir qrup şəxs gənci yerə yıxaraq ona çoxsaylı təpik zərbələri endirib. İki gün sonra o, ağır kəllə-beyin travmaları nəticəsində həyatını itirib.

Prokurorluq 11 nəfəri saxlayıb. Onlardan bir neçəsinin Fransanın Daxili İşlər Nazirliyi tərəfindən zorakılıq ittihamlarına görə daha əvvəl buraxılmış solradikal “Jeune Garde” qrupu ilə əlaqəli olduğu bildirilir. Saxlanılanlar arasında parlamentdə “La France Insoumise”ni təmsil edən deputatın əməkdaşı da var.

Hərəkatın lideri Jean-Luc Mélenchon partiyanın cinayətlə əlaqəsini rədd edərək, təşkilatın bu hadisə ilə “nə birbaşa, nə də dolayısı ilə” bağlı olmadığını bildirib. Lakin onun fəalların “müqavimətinə” dəstək xarakterli açıqlamaları yeni tənqid dalğasına səbəb olub və siyasi rəqiblərin ittihamlarını gücləndirib.

Sağlar üçün “şəhid”

Həlak olan tələbənin millətçi və identitar çevrələrlə əlaqəli olduğu bildirilir. Hücum günü o, “La France Insoumise” deputatı Rima Hassanın çıxışına qarşı aksiya keçirən sağçı qadın qrupu “Némesis”in fəallarını müşayiət edirdi.

Onun dostlarından biri sağ yönlü radiolardan birinə müsahibəsində gəncin “öz ölkəsini, sivilizasiyasını və inancını sevdiyini” deyib və əlavə edib ki, “o artıq qəhrəman və şəhidə çevrilib”.

Sağ siyasi qüvvələr bu narrativi dərhal gündəmə gətiriblər. “Milli Birlik” partiyasının lideri Jordan Bardella Jean-Luk Melenşonu “respublika üçün utanc” adlandırıb və “La France Insoumise”ə qarşı siyasi “sanitar kordon” yaradılmasını tələb edib.

Beləliklə, faciə yalnız cinayət təqibi mövzusu deyil, həm də sağ elektoratın siyasi səfərbərliyi üçün alətə çevrilib.

Sol ittifaqların dağılması

Vəziyyəti çətinləşdirən məqamlardan biri də odur ki, əvvəllər sol partiyalar seçkilərdə birgə siyahılar formalaşdıra bilirdilər. Lakin hazırda “La France Insoumise” ilə sosialistlər, yaşıllar və kommunistlər arasında məsafə sürətlə artır.

Paris meri Anne Hidalgo Melenşonla əməkdaşlığı “siyasi çıxılmaz vəziyyət” adlandırıb və onu “siyasi və mənəvi uğursuzluqda” ittiham edib. Sosial-demokrat Raphaël Glucksmann isə LFI liderinin “odun üstünə benzin tökdüyünü” bildirib.

Əgər bu ayrılıq qəti xarakter alarsa, bu, sol blokun zəifləməsinə və sağ partiyaların əlavə mandatlar qazanmasına səbəb ola bilər.

Seçkilər öncəsi radikalların güclənməsi

Bələdiyyə seçkiləri 2027-ci il prezident kampaniyasının məşqi kimi qiymətləndirilir. Hazırkı prezident Emmanuel Macron yenidən namizəd ola bilməyəcək və siyasi məkan getdikcə daha çox radikallaşır.

Sorğulara görə, “Milli Birlik”dən namizəd – istər Marine Le Pen, istərsə də Jordan Bardella – demək olar ki, ikinci tura çıxışı təmin edir. Bu fonda Lyondakı faciə sağ qüvvələrin solradikal strukturlara qarşı daha sərt xətt yürüdülməsi ilə bağlı arqumentlərini gücləndirir.

Fransa siyasi spektrin hər iki tərəfində radikal qüvvələrin gücləndiyi, mərkəzin isə təsirini itirdiyi bir mərhələyə daxil olur. Lyonda baş verən qətl isə ölkənin siyasi konfiqurasiyasını dəyişdirən dönüş nöqtəsinə çevrilə bilər.

Poliqon.info

Seçilən
34
poliqon.info

1Mənbələr