AZ

“Medianın dili elmi müzakirə müstəvisində”

Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada “Medianın dili elmi müzakirə müstəvisində” mövzusunda konfrans keçirilib.

Elmi müzakirəni giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Prezident İlham Əliyevin Akademiyanın 80 illik yubileyindəki çıxışında, eləcə də bu ilin əvvəlində yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycan dilinin qorunması ilə bağlı səsləndirdiyi fikirlər bu sahədə dövlət siyasətinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Milli Akademiya və Mətbuat Şurasının birgə təşkil etdiyi bugünkü elmi məclis də dövlət başçısının hər iki çıxışında Azərbaycan dilinin saflığının qorunması və zənginləşdirilməsi ilə bağlı irəli sürdüyü mülahizələrin, səsləndirdiyi tələblərin, alimlərin və jurnalistlərin qarşısında duran vəzifələrin müzakirəsinə həsr olunub.

AMEA rəhbəri qeyd edib ki, dövlət başçısının bu istiqamətdə çıxışları, səsləndirdiyi fikirlər müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının möhkəmləndirilməsinə, milli-mənəvi birliyin gücləndirilməsinə və Azərbaycan dilinin qorunub zənginləşdirilməsinə yönəlib. Ölkəmizdə dövlət dili siyasətinin möhkəm təməllərini ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə formalaşdırıb. Ulu öndər hələ sovet ideologiyasının beynəlmiləlçilik siyasətinin hökm sürdüyü şəraitdə belə, azərbaycançılıq istiqamətində ardıcıl və düşünülmüş addımlar atıb. Müasir dövrdə isə Prezident İlham Əliyev bu xətti dövlət siyasətinin aparıcı istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlayır.

Prezident İlham Əliyevin Azərbaycan dili ilə bağlı tələblərinin bir neçə əsas istiqaməti əhatə etdiyini diqqətə çatdıran akademik İsa Həbibbəyli qeyd edib ki, bu çevrəyə dilə verilən yüksək dəyər, onun milli mənsubiyyətin əsas göstəricisi kimi təqdim olunması, beynəlxalq terminologiyanın istifadəsinə balanslı yanaşma daxildir. AMEA rəhbəri texnoloji inkişaf dövründə dilin qorunması yollarının göstərilməsinin bu sahədə çalışanlar üçün də praktik bələdçi rolunu oynadığını vurğulayıb. O, Azərbaycan dilinin zənginləşdirilməsi yollarından bəhs edərək, bu baxımdan dialektoloji xəzinə, söz yaradıcılığı və bədii ədəbiyyata müraciət olunmasının əhəmiyyətini vurğulayıb.

Akademik İsa Həbibbəyli AMEA-da dövlət dil siyasətinin icrası istiqamətində görülən işlərdən də danışıb. Dilçi alimlər, eləcə də Azərbaycan Yazıçılar Birliyi ilə birgə keçirilən tədbirlər, Azərbaycan dili üzrə Olimpiadanın təşkili, orfoqrafiya və orfoepiya lüğətlərinin hazırlanması, şəxs adları ilə bağlı məlumat kitabçalarının tərtibi bu fəaliyyətin əsas istiqamətləri kimi qeyd olunub. Azərbaycan dilinin qrammatikası üzrə sistemli elmi tədqiqatların aparıldığı, fonetika, morfologiya və leksika ilə bağlı nəşrlərin çap olunduğu, sintaksis üzrə əsərin isə hazırlanma mərhələsində olduğu bildirilib.

Mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən bugünkü tədbirin əhəmiyyətinə toxunan akademik İsa Həbibbəyli medianın Azərbaycan dilini ən çox zənginləşdirən və kütləviləşdirən yayım vasitəsi olduğunu söyləyib. Akademiya rəhbəri media dilinin tənzimlənməsi istiqamətində işlərin aparılmasının zəruriliyini bildirib və AMEA-nın bu sahədə Azərbaycan Mətbuat Şurasına elmi dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.

Prezident İlham Əliyevin ana dilimizin indiki durumu və inkişaf etdirilməsi ilə bağlı səsləndirilən son mülahizələr dövlətin dil siyasətində yeni mərhələyə keçidin mesajını verən strateji çağırışdır. Dil mövzusuna həsr olunan toplantının aktuallığını və əhəmiyyətini önə çəkən, iki qurum arasında formalaşmış əməkdaşlıq münasibətlərindən söz açan Mətbuat Şurasının sədri Rəşad Məcid bu tərəfdaşlığın media dilinin inkişafına mühüm töhfə verdiyini bildirib.

Rəşad Məcid ölkə başçısının Akademiyanın 80 illik yubileyində səslənmiş çağırışdan sonra AMEA, Medianın İnkişafı Agentliyi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilmiş “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda konfransı xatırladaraq qeyd edib ki, həmin müzakirənin də əsas məqsədi mediada ədəbi dil normalarına əməl olunmasını gücləndirmək və nitq mədəniyyətini yüksəltmək olub.

Şura sədri qeyd edib ki, dövlət başçısının jurnalistləri ədəbi dil məsələsində xüsusi məsuliyyət daşıyan peşə sahibləri kimi vurğulaması medianın üzərinə daha böyük öhdəliklər və vəzifələr qoyub. Buna görə də media nümayəndələrinin Azərbaycan dilinin imkanlarından düzgün, səlis və ədəbi normalara uyğun şəkildə istifadə etməsi ciddi və təxirəsalınmaz vəzifələr sırasındadır.

Mətbuat Şurasının sədri rəhbərlik etdiyi qurumun yenidən qurulmuş dil komissiyasının fəaliyyəti barədə məlumat verərək bildirib ki, 12 nəfərdən ibarət tərkibdə tanınmış telejurnalistlər, teleaparıcılar, alimlər, media nümayəndələri və mütəxəssislər təmsil olunublar. Komissiyanın fəaliyyətinin səmərəliliyinin artırılması üçün Azərbaycan Milli Elmlər Akademiyasının institutları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi nəzərdə tutulur.

Müzakirədə məruzə ilə çıxış edən “APA Media Group”un baş direktoru, Azərbaycan Mətbuat Şurasının Dil Komissiyasının sədri Vüsalə Mahirqızı Azərbaycan dilinin yalnız ünsiyyət vasitəsi deyil, həm də milli düşüncə modeli olduğunu söyləyib. O qeyd edib ki, Prezident İlham Əliyev çıxış və müsahibələrində Azərbaycan dilini milli kimliyimizin və dövlətçiliyimizin əsas atributu kimi dəyərləndirib, dilin saflığının qorunmasının vacibliyini vurğulayıb, xüsusilə dilə nəzarətsiz şəkildə xarici sözlərin daxil olmasına qarşı mövqeyini açıq ifadə edib.

Bu istiqamətdə əsas məsuliyyətin dilçi alimlərin üzərinə düşdüyünü deyən Vüsalə Mahirqızı bildirib ki, yeni sözlərin yaradılması, terminologiyanın formalaşdırılması və müzakirəyə çıxarılması birbaşa mütəxəssislərin işidir. Eyni zamanda, media nümayəndələri dilin qorunması və inkişafı naminə dilçi alimlərlə davamlı və sistemli əməkdaşlıq etməli, birgə fəaliyyət göstərməlidir. AMEA-nın Azərbaycan dilinin orfoqrafik, orfoepik, leksik və terminoloji lüğətlər hazırladığını söyləyən məruzəçi bu lüğətlərin həm media, həm də geniş ictimaiyyət üçün elektronlaşdırılmasının, bu prosesdə rəqəmsal, eyni zamanda, süni intellekt texnologiyalarından istifadənin vacibliyini önə çəkib.

“Xalq qəzeti”nin direktor-baş redaktoru Əflatun Amaşov bildirib ki, bu gün 31 mininci sayı işıq üzü görən bu milli qəzetin qapıları ötən 107 ildə olduğu kimi, yenə ziyalılar üçün açıqdır. Qəzetimizin ana dilinə həssas münasibət ənənəsinə sadiq qalaraq mütəxəssis və alimlərin dəyərli rəy, səmərəli təklif və normativ mülahizələrini xalqa çatdırmağa ciddi önəm veririk. Qəzet rəhbəri əlavə edib ki, ədəbi dillə bağlı müzakirələrdə teleradionun imkanları daha genişdir. Dil mənəvi vətənimiz, milli varlığımızın əbədi mövcudluq qalasıdır. Onun saflığının qorunması ilə bağlı heç bir məsuliyyətsizlik, güzəşt ola bilməz. Media dil normalarına ciddi əməl etməli, geniş kütləni də bu tələbə alışdırmalıdır.

Dilçilik İnstitutunun monitorinq və linqvistik təhlil şöbəsinin müdiri, professor Sevinc Əliyeva deyib ki, biz dildə gedən prosesləri diqqətlə izləməli, sözlərin düzgün yazılışı və tələffüzü ilə bağlı narahat olmalıyıq. Azərbaycan dili digər dillərdən fərqli olaraq, morfoloji quruluşludur. Belə olan halda, biz niyə şəkilçilərimizi ixtisar etməliyik? Ana dilimiz şəkilçilər üzərində qurulub. Azərbaycan ədəbi dilinin qorunması üçün yazdığımız kimi danışmalıyıq.

Bakı Dövlət Universitetinin teleradio jurnalistikası kafedrasının müdiri, professor Qulu Məhərrəmli söyləyib ki, Azərbaycanda dillə bağlı ən ciddi problemlərdən biri orfoqrafiya ilə orfoepiyanı ayıra bilməməkdir. İnsanlar yazdığı kimi danışmağa, ya da danışdığı kimi yazmağa vərdiş ediblər. Azərbaycan dilini korlayan faktlardan biri də teleradioda aparıcıların savadsız danışığı, dil normalarını ardıcıl pozmalarıdır. Onların qüsurlu nitqi, arzuolunmaz nümunəsi dil mühitinə düşən yoluxucu virusa bənzəyir.

Mətbuat Şurasının sədr müavini Səadət Məmmədova, Dilçilik İnstitutu terminologiya şöbəsinin müdiri və Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova, Mətbuat Şurasının Dil Komissiyasının üzvlərindən Əməkdar jurnalist Tahir Aydınoğlu və teleaparıcı Nərgiz Cəlilova, Mətbuat Şurası İdarə Heyətinin üzvlərindən Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev və “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da konfransda çıxış edərək mediada ədəbi dil normalarının pozulması ilə bağlı narahatlıq doğuran fakt və meyillərdən söz açıblar, belə halların yolverilməz olduğunu vurğulayıblar.

Konfransda AMEA və MŞ-nin ana dilimizin saflığının qorunması, onun ifadə imkanlarının genişləndirilməsi ilə bağlı birgə fəaliyyətin bundan sonra da yüksək peşəkarlıqla davam etdirməsinin zəruriliyi qeyd edildi. Müzakirələrdən sonra dil məsuliyyətsizliyinə qarşı ictimai qınağın sərtləşdirilməsi, yaxşı nümunələrin geniş təşviq və təqdir edilməsi qərara alındı.

T.RÜSTƏMLİ
XQ

Seçilən
8
2
xalqqazeti.az

3Mənbələr