AZ

Müşfiq Məmmədli: “Hazırda sertifikatsız həkimlərin fəaliyyət göstərməsi qeyri-mümkündür”

Fəaliyyətinə icazə verilən plastik cərrahların siyahısının açıqlanmasından sonra sertifikatsız bəzi həkimlərin özəl və ya dövlət tibb müəssisələrində çalışması məsələsi yenidən gündəmə gəlib.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bildirib ki, həkimlərin və orta tibb işçilərinin fəaliyyəti üçün Azərbaycanda sertifikat tələb olunur.

 

Onun sözlərinə görə, sertifikatı olan həkimlər müvafiq ixtisas üzrə 5 il çalışa bilər: “Beş il ərzində davamlı tibbi təhsil və yaxud yenidən imtahan vermək yolu ilə sertifikatını yeniləyirlər. Özəl və ya dövlət klinikalarında bu cür fəaliyyət nəzərdə tutulur. O ki qaldı sertifikatı olmayan həkimlər, bunu konkret olaraq qanunvericilik qadağan edir, sertifikatı olmayan həkimin praktik fəaliyyəti Azərbaycan Respublikası ərazisində qanunaziddir. Dövlət strukturunda bu daim yenilənir və eləcə də hazırda elektron dövlət modelində hər bir həkimin hansı sertifikat aldığı barədə elektron səhiyyədə şəxsi kabinetdə müəyyənləşdirmək mümkündür. Ona görə də hazırda sertifikatsız həkimlərin fəaliyyət göstərməsi qeyri-mümkündür. Bu ancaq istər özəl, istər dövlət müəssisə rəhbərliyinin kobud qanun pozuntusuna yol verdiyi hallarda mümkündür. Bu isə ciddi şəkildə cəzalandırılır. Nəzarət mexanizmi də dövlət strukturunda həm kadrlar sahəsində mütəxəssislər, publik hüquqi şəxslər olan dövlət tibb müəssisələrinin rəhbərliyi tərəfindən, eləcə də tabe olduqları qurumun TƏBİB və ya Səhiyyə Nazirliyinin müvafiq audit təşkilatları vasitəsilə ciddi formada yoxlanılır. Həm də mərkəzləşdirilmiş sistem olduğuna görə, istənilən həkimin sertifikatının zamanının bitdiyi anında müəyyən olunur, özəl strukturda isə özəl klinikanın rəhbərliyi o cümlədən də gərək olduğunda elektron səhiyyə vasitəsilə digər qurumlarla bu istiqamətdə xəbərdarlıqları bildirirlər. Müəssisə rəhbərliyi tərəfindən kobud qanun pozuntusuna yol verilməsə, sertifikatsız fəaliyyət göstərmək mümkün deyil”.

 

Şəhanə Quliyeva

Tarix: 19 Fevral 2026, 12:41   
Seçilən
34
pravda.az

1Mənbələr