AZ

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib

Bakı, 19 fevral, AZƏRTAC

AMEA A.A Bakıxanov adına Tarix və Etnologiya İnstitututunda “Türk Birliyinin Fədailəri (Birinci Türkoloji Qurultayın 100 ili)” adlı dəyirmi masa keçirilib.

Bu barədə AZƏRTAC-a institudan məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən institutun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru İlqar Niftəliyev Birinci Türkoloji Qurultayın türk xalqlarının ortaq elmi platformada bir araya gəlməsi baxımından mühüm hadisə olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, 2025-ci il oktyabrın 6-7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşünün Bəyannaməsində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi çağırışının öz əksini tapması bunun daha bir təzahürüdür.

Azərbaycanın sovet dövrü tarixi şöbəsinin müdiri tarix elmləri doktoru professor İkram Ağasiyev “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin I Türkoloji Qurultayın təşkilində rolu” mövzusunda məruzə ilə çıxış edərək cəmiyyətin qurultayın keçirilməsində oynadığı rolu təhlil edib. Dünya tarixi şöbəsinin müdiri tarix elmləri doktoru, professor İradə Bağırova isə “M.A. Şahtaxtlının fəaliyyətində türk əlifbasının islahatı məsələləri” mövzusunda məruzə ilə çıxış edərək əlifba islahatı ideyalarının formalaşması tarixini, elmi əsaslarını diqqətə çatdırıb.

Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin müdiri tarix elmləri doktoru, dosent Güllü Yoloğlu “Ümumittifaq Türkoloji Qurultaya siyasi mühacirlərin baxışı” adlı məruzəsində vurğulayıb ki, Birinci Türkoloji Qurultayda səslənən başlıca fikir və müddəaların həyata keçməsinin qarşısı az sonra bolşevik rejiminin və sovet totalitar idarə üsulunun yaratdığı maneələrlə sərt formada alınıb.

Digər çıxış edən alimlər də Qurultayın Türkiyədəki islahatlara təsiri, tarixşünaslığı, yeni arxiv materialları və Mehmet Fuad Köprülünün elmi fəaliyyəti barədə məlumat veriblər.

Yekunda qeyd olunub ki, Birinci Türkoloji Qurultay türk xalqlarının mədəni inteqrasiyasında müstəsna mərhələdir və bu irsin öyrənilməsi müasir Türk dünyasının birliyi üçün böyük əhəmiyyət kəsb edir.

Seçilən
60
1
azertag.az

2Mənbələr