Azərbaycanda dövlətin dəstəyi ilə süni intellektin gələcəyi üçün strateji əhəmiyyət kəsb edən iki böyük Superkompüter Mərkəzi qurulub. Biri 10 milyon manat investisiya ilə İqtisadiyyat Nazirliyinin xətti ilə (“Caspel” / “Dell”), digəri isə 7 milyon manat vəsaitlə “AzInTelecom”un (“Lenovo”) xətti ilə yaradılıb. “AzInTelecom” rəsmi olaraq açıqlayıb ki, tenderi qazanan şirkət — “İnnovativ Layihələr Mərkəzi” “Lenovo” texnologiyası və NVIDIA H200 çipləri əsasında bu hesablama mərkəzinin quraşdırılmasını tam başa çatdırıb və sistem istifadəyə hazırdır. “AzInTelecom” bu mərkəzi Yevlax şəhərindəki infrastrukturu əsasında qurub.
Bu istiqamətdə Hafta.az-a açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz qeyd edib ki, bu işlərə İqtisadiyyat Nazirliyinin xətti ilə daha tez başlayan “Caspel” şirkəti tərəfindən NVIDIA H200 çipləri əsasında yaradılan Superkompüter Mərkəzinin də çoxdan hazır olduğu bildirilsə də, bununla bağlı indiyədək heç bir rəsmi açıqlama verilməyib, ictimaiyyətə hər hansı məlumat təqdim olunmayıb.
"İqtisadiyyat Nazirliyinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin inzibati binasında yerləşən bu mərkəzin hələ də açılışı olmayıb. Ən maraqlı məqam isə odur ki, hər iki qurum indiyədək bu mərkəzlərin xidmətlərindən istifadə haqlarının və tariflərin necə olacağını açıqlamayıb", O.Gündüz bildirib.
O.Gündüz vurğulayıb ki, hazırda region ölkələrində - məsələn, Qazaxıstanda 400 milyon dollarlıq, Ermənistanda isə 4 milyard dollarlıq hesablama infrastrukturunun qurulduğu, bu istiqamətdə ciddi rəqabətin formalaşdığı bir vaxtda süni intellekt infrastrukturu üzrə belə ləngimələr doğru yanaşma hesab edilə bilməz.
"İnfrastrukturun mövcudluğu kifayət deyil; onun necə və hansı qiymətə istifadə ediləcəyi biznes, startaplar və elmi tədqiqat institutları üçün aydın olmalıdır. Bu qeyri-müəyyənlik yerli startapların və tədqiqatçıların daha bahalı xarici resurslardan asılılığını davam etdirir, inkişafı ləngidir və ölkədən valyuta axınını gücləndirir.
Qonşu ölkələrdə, məsələn, BƏƏ-nin dəstəyi ilə 400 milyon dollar investisiya hesabına süni intellekt infrastrukturu quran Qazaxıstan artıq bu məsələlərin həllində irəliləyiş əldə edib. Orada şəffaf tarif siyasəti mövcuddur: dövlət qurumları, elm və startaplar üçün xidmətlər əsasən pulsuz və ya simvolik ödənişlə təqdim olunur, yerli biznes üçün isə əhəmiyyətli güzəştlər tətbiq edilir", O.Gündüz qeyd edib.
O, hesab edir ki, hökumət, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və İqtisadiyyat Nazirliyi mövcud hesablama infrastrukturundan istifadə tariflərini tezliklə açıqlamalıdır:
"Bir neçə gün öncə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” mövzusunda müşavirədə də bu sahədə işlərin canlandırılmasının, süni intellekt və data mərkəzləri istiqamətində real addımların atılmasının vacibliyi xüsusi qeyd olundu.
Rəqəmsal dünyada, xüsusilə süni intellekt sahəsində vaxt qızıldan daha dəyərlidir. Dövlətin dəstəyi ilə yaradılan infrastrukturun “soyuq otaqlarda” boş dayanması deyil, qısa müddətdə milli AI modellərinin təliminə xidmət etməsi daha doğru və faydalı olardı".
Arzu Zeynallı