AZ

"Yeni sözləri cəmiyyət yaradır, amma terminləri intellektuallar yaradır" - Akademik

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti, akademik İsa Həbibbəyli “Medianın dili elmi müzakirə müstəvisində” adlı keçirilən konfransda çıxışı zamanı bildirib ki, Azərbaycan dilində yeni sözlər yaradılmalı, beynəlxalq terminlərin qarşılığı tapılmalıdır.

Mövzu ilə bağlı Redaktor.az-a danışan akademik Nizami Cəfərov vurğuladı ki, yeni sözlərin yaradılması hər bir dildə, o cümlədən Azərbaycan dilində demək olar ki, hər gün baş verən bir prosesdir.

"Amma akademiyanın prezidenti İsa Həbibbəyli ilk növbədə termin yaradıcılığından bəhs edir. Çünki yeni sözləri bütün cəmiyyət yaradır, amma terminləri bir xalqın, bir millətin intellektualları yaradır. Üstəlik, elmlər müxtəlif sahələrə bölündüyü kimi, həmin terminləri yaradan intellektuallar da müxtəlif sahələrə aid insanlardır. Yəni burada texniki elmlərin, təbiət elmlərinin nümayəndələri var, humanitar elmlərin nümayəndələri isə xüsusilə fəal olmalıdırlar. Yəni hər hansı, hətta beynəlxalq termin olsa belə, bizim elmi və intellektual təfəkkürümüz onun azərbaycanca qarşılığını, türkcə qarşılığını, ümumən bütün türk dilləri miqyasında axtarıb tapmağa meyilli olmalıdır. Bu terminlərin hansının elmi dövriyyəyə düşəcəyi, hansının düşməyəcəyi isə ayrı məsələdir. Amma hər halda bizim düşüncəmiz, dil və nitq mədəniyyətimiz buna hazır olmalıdır.

Çünki burada söhbət ümumiyyətlə xalqın dilinə keçəcək sözlərdən getmir. Burada söhbət müəyyən dairənin istifadə edə biləcəyi bir növ akademik terminologiyadan gedir və çalışmaq lazımdır ki, o, geniş xalq kütlələri üçün də əlçatan olsun. Amma bununla yanaşı, nə qədər milli şəkildə yaradılsa da, həmin terminlər istər-istəməz müəyyən məhdud dairəyə mənsub olur. Çünki hər hansı bir elmin bütün miqyasını mənimsəmək kütləvi hadisə deyil. Ona görə də İsa müəllimin dediklərində həqiqət var və elə bilirəm ki, bunu bizim ziyalılarımız da yaxşı anlayırlar", - deyə o yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Seçilən
76
2
redaktor.az

3Mənbələr