Məktəb ləvazimatları istehsalçısı olan “Maped” şirkəti Fransadakı sonuncu istehsal müəssisəsini bağlamaq barədə qərar qəbul edib. Şirkət 2026-cı ilin may ayında Haute-Savoie bölgəsinin Arqone şəhərində yerləşən zavodun fəaliyyətini dayandıracaq.
Hafta.az xəbər verir ki, şirkət rəhbərliyi son səkkiz ildə müəssisənin mənfəətinin 40 faiz azaldığını bildirib. O, 2025-ci ildə 175 milyon avro məbləğində dövriyyənin olmasına baxmayaraq, mövcud şərtlər daxilində Fransada istehsalı davam etdirməyin mümkün olmadığını deyib.
“Maped”in çətinliklərinin əsas səbəbi beynəlxalq rəqabətin güclənməsidir. Xüsusilə Çin və Hindistan istehsalçıları məhsulları daha ucuz qiymətə təklif edirlər ki, bu da Fransada istehsal olunan malların rəqabət qabiliyyətini zəiflədir.
Bundan əlavə, istehlak səviyyəsinin azalması da şirkətə mənfi təsir göstərir. Rəqəmsallaşma nəticəsində qələm, pozan və digər ləvazimatlar tədricən elektron vasitələrlə əvəzlənir. Eyni zamanda, məktəbyaşlı uşaqların sayının azalmasının da bu işə təsir göstərdiyi vurğulanır.
Məlumata görə, hazırda sözügedən zavodda 28 nəfər çalışır. Şirkət rəhbərliyi sosial tərəfdaşlarla birlikdə təxminən 20 əməkdaş üçün dəstək planı üzərində işləyir. 8 daimi əmək müqaviləsi ilə çalışan işçinin isə daxili yerdəyişmə və ya başqa vəzifəyə keçirilməsi nəzərdə tutulur. Zavodun Annesi şəhərində yerləşən satış, tədqiqat və marketinq bölmələrinə isə bu məsələ hələlik təsir göstərməyəcək.
Qeyd edək ki, 1947-ci ildə yaradılmış “Maped” fəaliyyətini Asiyada cəmləşəcəyini açıqlayıb. Onu da bildirək ki, şirkətin Argentina, Meksika, Braziliya, Kanada, ABŞ, Yunanıstan və Türkiyədə filialları mövcuddur. Qrup dünya üzrə təxminən 1800 nəfəri işlə təmin edir.