AZ

Hikmət Hacıyev: "Ruben Vardanyanla bağlı qərar münaqişənin məntiqi yekunudur"

AzVision.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" hesabındayazıb:

"Azərbaycan münaqişənin unikal hərbi-siyasi həlli modelini, postmünaqişə dövründə sülh gündəliyini irəli sürməklə müharibə cinayətlərində, insanlığa qarşı cinayətlərdə ittiham olunan şəxslərin, o cümlədən Bako Saakyan, Araik Harutyunyan, Ruben Vardanyan və digərlərinin məsuliyyətə cəlb olunmasını təmin edib. Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində bu qərarların verilməsi həmin faciənin günahsız qurbanlarının və bütövlükdə münaqişənin xatirəsinə dərin ehtiramdır.

Gözləyirdik ki, beynəlxalq məhkəmələr və ya tribunallar (məsələn, Nürnberq Məhkəmələri, keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayət Tribunalı və ya Ruanda üçün Beynəlxalq Cinayət Tribunası kimi) yaradılacaq, amma bugünkü ədalətsiz beynəlxalq mühitdə hətta qanunun tətbiqi də getdikcə siyasiləşib, ikili standartlara məruz qalıb. Ona görə də Azərbaycan açıq məhkəmə prosesləri təşkil edərək öz hüquq sistemi vasitəsilə ədaləti təmin etdi, beynəlxalq ictimaiyyət üçün nümunə oldu.

Müəyyən dairələrin, o cümlədən Avropa Parlamentinin bəzi üzvlərinin və "Amnesty International" kimi təşkilatların ağır müharibə cinayətlərində ittiham olunan şəxslərin azadlığa buraxılmalarını tələb etməsi tamamilə əxlaqsız və qeyri-etikdir. Prezident İlham Əliyevin "France 24" telekanalına verdiyi müsahibədə dediyi kimi: "İkinci Dünya müharibəsindən sonrakı Nürnberq Məhkəməsini təsəvvür edin. Bütün nasist liderlərinin ölüm hökmünə məhkum edilməsindən iki ay sonra kimsə gəlib onların azadlığa buraxılmasını istəyir. Onların cinayətləri hətta İkinci Dünya müharibəsi zamanı nasistlərin etdiklərindən də betər idi".

Cinayət olan yerdə məsuliyyət olmalıdır. Beləliklə, ədalət tam təmin edilib. Müharibə cinayətlərində ittiham olunan şəxsin bəraət alması həmin cinayətləri qanuniləşdirmək və məsuliyyəti sarsıtmaqda iştirak etmək deməkdir. Davamlı sülh və etnik barışıq ədalət olmadan əldə edilə bilməz. Azərbaycan regional sülh gündəliyini irəli aparmaq və möhkəmləndirmək üçün səylərini davam etdirəcək".


Xatırladaq ki, fevralın 17-də Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə açıq məhkəmə iclasında yekun məhkəmə qərarı (hökm) elan olunub. O, qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

AzVision.az
Seçilən
16
2
azvision.az

3Mənbələr