AZ

Millət vəkili Məşhur Məmmədov: “Yeni Azərbaycan Partiyası xalqın partiyası və dövlətçiliyimizin təminatçısıdır” » AzadMedia.az


Masallıda Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının yaradılmasının 33 illiyi münasibətilə keçirilən tədbir geniş ictimai maraqla qarşılanıb. Masallı Regional ASAN xidmət mərkəzində təşkil olunan “Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır” mövzusunda tədbirdə millət vəkili Məşhur Məmmədov da iştirak edib.

Azadmedia.az-ın Cənub Bürosundan verilən məlumata görə tədbirdən öncə iştirakçılar partiyanın qurucusu, Ulu Öndər Heydər Əliyevin abidəsini və şəhidlər kompleksini ziyarət edərək onların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Bu mərasim dövlətçilik ənənələrinə və milli dəyərlərə sədaqətin ifadəsidir.

Tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev partiyanın 33 illik fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün ölkə başçısı, partiyanın rəhbəri İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan dayanıqlı inkişaf mərhələsini yaşayır. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov isə partiyanın ölkənin ictimai-siyasi həyatındakı aparıcı rolunu xüsusi vurğulayıb.

Millət vəkili Məşhur Məmmədov çıxışında bildirib ki, Yeni Azərbaycan Partiyası təkcə siyasi təşkilat deyil, müasir Azərbaycan dövlətinin inkişaf strategiyasını həyata keçirən güclü və məsuliyyətli siyasi platformadır. Onun sözlərinə görə, partiya yarandığı gündən etibarən xalqın maraqlarını əsas prioritet kimi qəbul edib, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə və ölkənin tərəqqisinə mühüm töhfələr verib.

Deputat qeyd edib ki, 33 illik şərəfli yol YAP-ın cəmiyyətdə qazandığı nüfuzun və etimadın göstəricisidir. O vurğulayıb ki, partiyanın sıralarının genişlənməsi və xüsusilə gənclərin YAP ətrafında birləşməsi ölkənin gələcək inkişafına inamın bariz nümunəsidir.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən partiya üzvlərinə fəxri fərman və təşəkkürnamələr təqdim olunub, yeni üzvlərə partiya vəsiqələri verilib.

Millət vəkili Məşhur Məmmədov bildirib ki, Masallıda keçirilən yubiley tədbiri bir daha sübut edir ki, Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır və bundan sonra da Azərbaycanın dövlətçiliyinin, sabitliyinin və davamlı inkişafının təminatçısı kimi fəaliyyətini uğurla davam etdirəcək.

Seçilən
33
1
azadmedia.az

2Mənbələr