
ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi ilə əlaqədar əvvəllər tətbiq edilən bir sıra sanksiyaların müddətini bir il uzadıb.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bu, Amerika Federal Reyestrində yerləşdirilən sənəddə qeyd olunub.
"Mən 13660 saylı fərmanla tətbiq edilmiş milli fövqəladə vəziyyət rejimini bir il müddətinə uzadıram", - sənəddə Trampın sözləri yazılıb.
Bu rejim ABŞ prezidentlərinin 2014, 2018 və 2022-ci illərdə fərmanları ilə tətbiq edilmiş Rusiyaya qarşı sanksiyaların uzadılmasını nəzərdə tutur. Sənəddə vurğulandığı kimi, bütün bu məhdudlaşdırıcı tədbirlər 2026-cı il martın 6-dan sonra da qüvvədə qalmalıdır.
"Bu fərmanlarda qeyd olunan fəaliyyət və siyasət ABŞ-nin milli təhlükəsizlik və xarici siyasət maraqlarına təhlükə təşkil etməyə davam edir", - Vaşinqton administrasiyasının başçısı bildirib.
Xatırladaq ki, ABŞ 2014-cü ilin martında Ukraynaya qarşı müharibə ilə əlaqədar Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başlayıb. Bir sıra Rusiya bankları və şirkətləri, iri sahibkarlar, vəzifəli şəxslər məhdudiyyətlərə məruz qalıb.
Əvvəlcə söhbət Krımın qeyri-qanuni anneksiyasından gedirdisə, Trampın birinci prezidentliyi və Co Baydenin dövründə sanksiyaların siyahısı bir neçə dəfə genişləndirilib.