AZ

Xaricdən gələnlər. Xaricdə yazılanlar Birinci Türkoloji qurultay iştirakçılarının izi ilə

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Vilayət QULİYEV

Birinci Türkoloji qurultaydan cəmisi 100 il keçməsinə baxmayaraq, xarici qonaqların sayı, tərkibi, təmsil etdikləri ölkələrlə bağlı fikir ayrılıqları hələ də davam etməkdədir. Fərqli rəqəmlər səsləndirilir, ehtimallar irəli sürülür.

Türkoloji qurultayın mərkəzdə deyil, milli respublikada keçirilsə də, rejim Bakıya mümkün qədər çox sayda xarici qonağın gəlməsində maraqlı idi. Çünki bu bolşeviklərin "insan simasını" göstərmək, elmə və mədəniyyətə yad olmadığını, qeyri-rus xalqlara dostanə münasibətini nümayiş etdirmək baxımından əlverişli fürsət idi. 1917-ci ildə qurulsa da, 1926-cı ilin yanvarında SSRİ-ni cəmisi 21  dövlət rəsmən tanımışdı. Dünyaya açılmaq, sərfəli əməkdaşlıq əlaqələri yaratmaq və dost qazanmaq baxımından Şərqlə Qərb arasında körpü kimi tanınan regionda keçirilən forumun böyük əhəmiyyəti vardı. Ona görə də dəvətlərdə xüsusi məhdudiyyət qoyulmamışdı. İdeoloji tələblər də qismən arxa plana sıxışdırılmışdı.

Amma yenə də gözlənəndən qat-qat az qonaq gəlmişdi. Tamilla Kərimovanın Türkoloji qurultayın 90 illiyi ilə əlaqədar Azərbaycan MEA-nın "Xəbərləri"ndə dərc olunan "Türk dünyasını birləşdirən qurultay" məqaləsində Bakı forumunda 30 xarici alimin iştirakdan danışır. Müəllif onların kimliyini və hansı ölkələrdən gəldiyini də açıqlayır: "Qurultayda rus şərqşünaslarından başqa, Yaxın və Orta Şərqin, Qərbi Avropanın görkəmli alimləri də təmsil olunmuşdu. Onların arasında Mehmet Fuat Köprülüzadə, Əli bəy Hüseynzadə, Sami Rüfət, Nəcib Asim, Fuad Raif, Bursalı Mehmet Tahir bəy, Fərid Xurşid (Türkiyə), Teodor Menzel, Mut Hartman, Gize, Paul Vitek, Valter Radebold, V.Banq, Q.Yakob, Q.Ştumme (Almaniya), Yulius Mesaroş, İqnati Konuş (əslində İqnasi Kunoş - V.Q.), Yuliya (?) Nemet (Dyula Nemet - V.Q.), B.Munkaçi, M.Gorten (Macarıstan), Məcid Soltane, İbrahim Şəbüstəri (İran), J.Deni (Fransa), L.Bonelli (İtaliya), Setele (Finlandiya), Sven Gedin (İsveç) kimi alimlər vardı". Eyni siyahı kiçik dəyişikliklərlə rusca vikipediyanın "Birinci Türkoloji qurultay" məqaləsində də yer alıb. Təbii ki, Tamilla xanımın siyahını vikipediyadan götürməsi iddiasında deyiləm. Çünki dəqiq mənbə də göstərib. Amma istənilən halda sadalanan şəxslərin tam tərkibdə qurultayda iştirakını iddia etmək imkansızdır. Hələ onu demirəm ki, adı siyahıda olan Bursalı Mehmet Tahir bəy 1925-ci ilin oktyabrında ölmüşdü. Bakıdakı Türkiyə konsulu Fərid Tahirin, "toxucu-prokuror" İbrahim Şəbüstərinin (Naxçıvan) necə "görkəmli Avropa türkoloqu" olduğunu isə əvvəlki yazıdan görmüşdük.

Çox güman, yuxarıdakı adlar dəvəti nəzərdə tutulan qonaqların ilkin, qaralama siyahısıdır. Həm də deyərdim ki, naşıcasına, siyasi reallıqları nəzərə almadan hazırlanan bir siyahıdır. Məsələn, 1920-ci illərdə Moskva ilə Budapeşt arasında sərt ideoloji qarşıdurma yaşanırdı. Macarıstan bolşevik inqilabının ixrac olunduğu ilk və son Avropa dövləti idi. Macar diktatoru Yanoş Xorti 1919-cu ildəki Macarıstan Sosialist Respublikasının acı təcrübəsini unutmamışdı. Ona görə də SSRİ-yə münasibətdə tam təcrid siyasəti yürüdürdü. 1926-cı ildə adları siyahıda olan macar alimlər hətta istəsəydilər də, Bakıya gələ bilməzdilər. Soruşula bilər: bəs Mesaroş necə gəlmişdi? Aşağıda bu məsələyə aydınlıq gətirəcəyəm.

Krımlı tədqiqatçı D.P.Ursu "Bəkir Çobanzadə: Həyatı. Taleyi. Dövrü" kitabında xarici ölkələrdən Bakıda 8 əcnəbi alimin gəldiyini yazır: "Qurultayda iştirakla bağlı dünya türkologiyasının görkəmli simalarına dəvət göndərilmişdi. Bütünlükdə 24 nəfər dəvət olunmuşdu. Onların sırasında ilk növbədə Orhun yazısını deşifrə edən Danimarka alimi Vilhelm Tomsen, Budapeşt universitetində Bəkir Çobanzadənin müəllimi olmuş Dyula Nemet, fransız Jan Deni vardı. Almaniyadan 6, Türkiyədən 7, Macarıstandan 5, İtaliya, Danimarka, İsveç və Finlandiyadan 1 nəfər gözlənirdi. Lakin dəvətlilərin çoxu müxtəlif səbəblərə görə gələ bilmədi. Nəticədə Bakı forumunda xarici türkologiyanı cəmisi 8 nəfər əcnəbi alim təmsil etdi. Onlar Teodor Menzel və Valter Radebold (Almaniya), Paul Vittek (Avstriya), Dyula Mesaroş (Macarıstan), Mehmet Fuad Köprülü, Əli bəy Hüseynzadə, Hikmət Cövdətzadə və İsmayıl Hikmət (Türkiyə) idilər. Aralarından iki nəfər - rusca sərbəst danışan Teodor Mentsellə Mehmet Fuad qurultayın Rəyasət heyətinə seçilmişdi. Həm də birinci hər yerdə "Avropa elminin nümayəndəsi" kimi təqdim olunmuşdu".

Professor D.Ursunun siyahısında da mübahisəli məqamlar yox deyil. Əvvəla, həmin dövrdə Bakı universitetində çalışan türk alimi İsmayıl Hikmətin (1889-1967) adı qurultayın nümayəndələri sırasında ümumiyyətlə yoxdur. Digər tərəfdən, Bakıda yaşayıb-işləyən İsmayıl Hikmət yalnız doğum yerinə görə "xarici alim" sayılırdısa, eyni məntiqlə Ə.Hüseynzadəni də Azərbaycan nümayəndəsi hesab etmək olardı. Hikmət Cövdətzadəyə (1893-1945) gəldikdə isə milli mənsubluğu "Osmanlı türkü" kimi göstərilsə də, qurultayda Acarıstan  nümayəndəsi kimi iştirak edirdi. İstanbulda zəngin ailədə doğulan və çox güman acar türkü olan Cövdətzadə 1918-ci ildən Batumda yaşayırdı. 1920-ci illərdə Leninqrad Canlı Şərq Dilləri İnstitutunun tələbəsi, nəhayət dosenti və professoru olmuşdu. "Türkce konuşalım", "Türkce okuma kitabı", "Çağdaş Türkçenin Grameri: Fonetik, Morfoloji, Sentaksis (akademik A.Kononovla birlikdə) adlı türkcə müntəxəbat və qrammatika kitablarının müəllifidir. 1937-ci ildə repressiyaya məruz qalmışdı. Bioqrafik məlumatlardan da göründüyü kimi, Hikmət bəyi "xarici alim", yaxud "Avropa türkoloqu" adlandırmaq metodoloji baxımdan da o qədər də inandırıcı səslənmir.

Qurultayın xarici qonaqları: (sağdan sola) Əli bəy Hüseynzadə, Paul Vittek, Teodor Menzel, Mehmet Fuat Köprülüzadə, Dyula Mesaroş.

Qurultay işini başa çatdırandan iki gün sonra, 1926-cı il martın 8-də hökumət ofisiozu - "Kommunist" qəzeti üçüncü səhifəsində "xaricdən gələn professorlardan" Mehmet Fuad Köprülü (Türkiyə), Əli bəy Hüseynzadə (Türkiyə), Dyula Mesaroş (Macarıstan), Teodor Menzel (Almaniya) və Paul Vittekin (Avstiya) birgə foto-şəklini vermişdi. Almaniyadan gəldiyi ehtimal edilən digər qonaq - Valter Radebold haqda heç bir məlumat tapılmadığından və təqdim olunan fotonun personajları sırasına düşmədiyindən (internet də onun barəsində bilgi verməkdən aciz qaldı!) Türkoloji qurultayın keçmiş SSRİ-nin hüdudları xaricindən olan  əcnəbi qonaqları kimi tam əminliklə yalnız bu şəxslərin adını çəkmək mümkündür. 

Xarici qonaqlar hamısı akad. V.V.Bartoldla birlikdə fevralın 16-da "Teodor Nette" paroxodu ilə İstanbuldan Odessaya, oradan da Bakıya gəlmişdilər. Akad. Bartold TC maarif nazirinin dəvəti ilə 1926-cı il yanvarın 3-dən fevralın 16-da qədər İstanbulda elmi ezamiyyətdə idi. Alimin ardıcıl qeydlər apardığı "Konstantinopol gündəliyi"ndən də görünüyü kimi, təxminən ay yarım çəkən səfəri boyunca dəfələrlə Mehmet Fuat, Əli bəy Hüseynzadə, Mesaroş, Vittek və Mentsellə görüşmüş, hətta sonuncunun məruzəsinin ilkin variantını dinləyib müzakirə etmişdilər. Göründüyü kimi, Valter Radeboldun adı burada da çəkilməmişdi.

Türkiyədə Bakı qurultayına maraq çox böyük idi. Hələ forumdan bir neçə ay əvvəl mətbuat və elmi dairələrdə geniş müzakirə gedirdi. M.Ə.Rəsulzadə İstanbuldan Parisə, Ə.Topçubaşova göndərdiyi 23 fevral 1926-cı il tarixli məktubda yazırdı. "Türk alimləri Bakıdakı "türkoloji konqresdə" iştirak etmək üçün yola düşüblər. Köprülüzadə ilə bizim Əli bəy Hüseynzadə gedib. Rus bolşevikləri türk mədəniyyəti sahəsində təşəbbüsü də öz əllərinə keçiriblər".

Türkiyədən Simferopola, "Krasnıy Krım" qəzetinin redaksiyasına göndərilən bir məktub əsasında hazırlanmış "Türkoloji qurultayın əks-sədası" adlı məqalədə isə deyilirdi: "Görkəmli türk alimləri, İstanbul universiteti tarix-filologiya fakültəsinin dekanı Fuad Köprülü və Azərbaycan əsilli Əli bəy Hüseynzadə Bakıda olublar. Geri dönəndən sonra təəssüratlarını "Hakimiyyəti-Milliyə", "İqdam", "Cümhuriyyət" və b. səhifələrində bölüşüblər. Türkiyədə əlifba islahatına münasibətdə üç fərqli baxış olsa da, Bakıda alınan qərarlar latın əlifbasına keçid tərəfdarı kimi tanınan radikalların mövqeyini möhkəmləndirir. Qazi Mustafa Kamal hökuməti artıq bu istiqamətdə praktiki addımlar atmağa başlayıb".

Qonaqlar Bakını böyük təəssüratla tərk etmişdilər. Əli bəy Hüseynzadə  "Yeni fikir" qəzetinə (9 mart 1926-cı il) müsahibəsində tarixi vətəni haqda məhəbbətlə söz açaraq demişdi: "Azərbaycanın bugünkü iqtisadi-mədəni vəziyyəti ilə onun çar vəqtindəki vəziyyətini müqayisə edərkən hər yerdə və qismən gözə çarpmaqda olan tərəqqini qeyd etməyə bilməm. Mən Azərbaycanın çar zamanındakı həyatını şəxsən görmüşəm. Bu gün gördüyüm fəaliyyət bəni heyrətə salmaqdadır. Azərbaycan kütləsinin bugünkü fütuhat və tərəqqisini görürkən qəlbimin şadlıq və məmnuniyyətlə döyünməsini gizlətməm. Çünki bu kütlənin bütün bəşəriyyətlə birlikdə tərəqqi etməsi mənim əsas qayəmi təşkil edir".

İndi isə qurultayın sırf avropalı nümayəndələri haqqında. Yuxarıda da qeyd etdiyim kimi, Valter Radebold haqda məlumat əldə etmək mümkün olmadığından Kil universitetinin professoru kimi Avropadan gələn və Rəyasət heyətində "Avropa elminin nümayəndəsi" kimi yer alan yeganə qonağın yəhudi əsilli alman şərqşünası Teodor Menzel (1878-1939) olduğunu deyə bilərik. O, 1903-cü ildə Münxen universitetindən hüquq doktoru dərəcəsi almışdı. 1904-1914 və 1918-1922-ci illərdə Rusiya imperiyasında, Odessada yaşamışdı. Birinci Dünya müharibəsi (1914-1918) illərində isə alman təbəəsi kimi Həştərxan vilayətinə köçürülmüşdü. 1921-ci ildən Odessa Arxeologiya institutunun professoru idi. Növbəti il vətəni Almaniyaya qayıdandan sonra Kil universitetində çalışmışdı (1929-cu ildən islam filologiyası professoru və Şərq seminarlarının rəhbəri, 1934-1936-cı illərdə Fəlsəfə fakültəsinin dekanı). Əsas tədqiqatları türkologiya, türk folkloru və etnoqrafiya sahələrini əhatə edirdi. Odessa şərqşünasları ilə əlaqə saxlayır, A.Krımski ilə məktublaşırdı. "İslam Ensiklopediyası" üçün çoxsaylı məqalələr yazmışdı.

Teodor Menzel qurultayın martın 6-dakı on altıncı iclasında "Anadolu-Balkan türkləri ədəbiyyatının öyrənilməsinin nəticələri və perspektivləri" mövzusundə məruzə etmişdi. İcmal xarakterli məruzədə türk klassik ədəbiyyatı və folklorunun Avropada nəşri və tədqiqinə ümumi nəzər salınmışdı. Maraqlıdır ki, qurultay sənədlərində alimin adı və soyadı iki fərqli şəkildə - "Teodor Teodoroviç Menzel" və "F.F.Menzel" şəklində verilmişdi.

Xarici qonaqlar arasında qurultayın təbliği, onun müzakirə və qəbul etdiyi qərarların elmi ictimaiyyətə çatdırılması vəzifəsinin icrasına böyük məsuliyyət və həqiqi alman dəqiqliyi ilə yanaşan, heç şübhəsiz, professor Teodor Menzel olmuşdu. Bakıdan Əli bəy Hüseynzadə və digər həmkarları ilə birlikdə Odessaya dönmüşdü. Bir müddət burada ləngiməsindən istifadə edib  aprelin 4-də yerli şərqşünaslar qarşısında "Bakıdakı Birinci Türkoloji qurultayın nəticələri" mövzusunda mühazirə oxumuşdu. Forumun beynəlxalq əhəmiyyəti, perspektiv və praktiki imkanlarının ön plana çəkildiyi məruzəni dinləyənlər arasında Almaniya və Türkiyənin Odessadakı baş konsulları Dinstman ilə Münif bəy də var idilər.

1927-ci ildə isə Teodor Menzel Leypsiqdə çıxan "Der İslam" jurnalının iki sayında (1927, № 1, s. 1-76, № 2, s. 169-228)  "Bakıda Türkoloji konqres" adlı geniş icmal-təhlil yazısı ilə çıxış etmişdi. Ümumi həcmi 130 səhifəyə çatan hesabatı əslində Avropada qurultay haqda ilk monoqrafik nəşr də  saymaq mümkündür. Məqalədəki təhlillərdən də göründüyü kimi, alimi diskussiyaların gedişi zamanı hərtərəfli qeydlər aparmış, onların əsasında Bakı forumunun obyektiv, təfərrüatlı və tərəfsiz mənzərəsini yaratmışdır. Teodor Menzelin qeydləri qurultaydan az sonra Bakıda rus dilində çap olunan "Birinci Ümumittifaq Türkoloji qurultay. 26 fevral - 5 mart 1926-cı il. Stenoqrafik hesabat" kitabı ilə müqayisədə dolğun və dəqiqdir. Çünki həmin kitabda yalnız rusca  məruzələr toplanmışdı. Türk dillərində çıxış və məruzələr isə ya tamam bir tərəfə qoyulmuş, ya da qısa icmal şəklində verilmişdi. Rus və türk dillərini yaxşı bilən Teodor Mezsel diqqətini hər iki səmtə proporsional şəkildə yönəldə bilmişdi. Digər diqqətəlayiq və qiymətli cəhət stenoqrafik hesabatda kəskin mübahisə doğuran  məqamların ciddi ixtisar və ideoloji redaktəyə məruz qalması fonunda Menzelin qeydlərində dəqiq, ən başlıca isə siyasi konyukturaya tabe tutulmayan şəkildə əks olunması sayıla bilər.

Azsaylı xarici alimlər arasında elmi məhsuldarlığına, tədqiqat dairəsinin genişliyinə, nəhayət, türk dilinə bələdlik səviyyəsinə görə ilk yerdə heç şübhəsiz, macar türkoloqu Dyula Mesaroş (1883-1957) dayanırdı. Təsadüfi deyildir ki, qonaq barəsində məlumat verən "Yeni fikir" qəzeti (14 mart 1926-cı il) onun türk dilinə bələdlik səviyyəsi haqda yazmışdı: "Professor iki sənə İstanbulda qalmış və türk - Osmanlı şivəsini elmi üsul üzrə öyrənib. Professor Mesaroş hazırda türk dili ilə o qədər mükəmməl qonuşuyor ki, bir Osmanlı türkündən fərq edilməsi çətin olur".

Macar alimi türkcəni Avropada ilk (1870) türkologiya kafedrasına malik Budapeşt universitetində öyrənmişdi. Biliklərini təkmilləşdirmək üçün 1904-1906-cı illərdə İstanbul Darülfünunda təcrübə keçmişdi. 1906-cı ilin payızında Beynəlxalq Orta və Şərqi Asiya Cəmiyyətinin Macarıstan Komitəsi onu çuvaş, tatar dillərinin, folklor və etnoqrafiyasının tədqiqi ilə bağlı materiallar toplamaq üçün Rusiyanın Kazan və Simbirsk quberniyalarına göndərmişdi. Mesaroşun toplayıb 1000 səhifəni aşan nəşr etdirdiyi "Çuvaş folkloru toplusu. Əski çuvaş inanc abidələri" (Budapeşt, 1909-1912) iki cildliyi çuvaş dili və xalq ədəbiyyatının öyrənilməsinə mühüm töhfə idi. Avropa türkoloqları arasında ilk dəfə Mesaroş çuvaş türklərinin zorla xristianlığı qəbul edənə qədər müsəlman olduqlarını, mövcud dini inanclarının isə zahirən xristianlıq sayılsa da, eklektik xarakter daşıdığını sübuta yetirə bilmişdi.

Çuvaşlarla bir sırada digər Volqaboyu türkləri - tatar və başqırdlar haqqında da orijinal ədəbi, linqvistik və antropoloji araşdırmaların müəllifi idi. Bu tədqiqatlar, eləcə də 1909-cu ildə başqırdlar, 1910-cu ildə isə Anadolu türklərinin yaşadıqları bölgələrə təşkil olunan ekspedisiyalar Dyula Mesaroşa həm də mənsub olduğu macar xalqının soy-kökü haqqında müəyyən qənaətlərə gəlməyə imkan vermişdi. Yeri gəlmişkən, Əli bəy Hüseynzadənin qurultayla bağlı qeydlərində maraqlı bir məqam var. Xatırladığına görə, müxtəlif türk boylarına mənsub nümayəndələrin toplandığı məclisdə "Mesaroş söz aldı və özünün yabançı olmadığını dedi". Yəni özünün də onlardan biri olduğunu etiraf etdi.

1909-1915-ci illərdə Macarıstan Milli muzeyinin etnoqrafiya bölməsinin elmi əməkdaşı olan Mesaroş 1916-cı ildə yenidən Osmanlı imperiyasına qayıdıb İstanbul darülfünunda ilk macar dili kafedrası qurmuş, 1919-cu ilə qədər müdiri və professoru kimi çalışmışdı. Əli bəy Hüseynzadə ilə tanışlığı da həmin dövrə təsadüf etmişdi. Azərbaycanlı həmkarının "Sizlərsiniz ey qovmu-macar bizlərə ixvan" misrası ilə başlayan məşhur şeirini macarcaya çevirən Mesaroş onu orijinalı ilə birlikdə 1917-ci ildə özünün də redaksiya heyətinin üzvü olduğu Macarıstan Turan Cəmiyyətinin eyni adlı "Turan" jurnalında çap etdirmişdi.

Bəkir Çobanzadə (sağda) və Dyula Mesaroş.

Klassik elm adamı kimi tanınmasına baxmayaraq, Dyula Mesaroş görünür, macəralara da yad olmamışdı. Rəhbərlik etdiyi bir qrup macar gənci 1921-ci ildə Çexoslovakiya iqtisadiyyatını çökdürmək məqsədi ilə Avstriyanın Qraz şəhəri yaxınlığında 60 milyon çex kronu məbləğində saxta əskinas hazırlamışdı. Nəticədə Çexoslovakiya hökuməti milyonlarla kronu tədavüldən çıxarmalı olmuşdu. Avstriya məhkəməsi Mesaroşu və dostları üzərində mühakimə qursa da, bu işi şəxsi qazanc məqsədi ilə etmədiklərini nəzərə alaraq həbs qərarı çıxarmamışdı...

1924-cü ildə Atatürkün dəvəti ilə Türkiyəyə gələn və 1932-ci ilə qədər burada yaşayan Dyula Mesaroş Budapeşt universitetinin tatar məzunu Hamit Zübeyir Koşayla (1897-1984) birlikdə Ankara Etnoqrafiya muzeyini qurmuşdu. Macar hökuməti onu rəsmən Birinci Türkoloji qurultaya ezam etmədiyindən Bakıda macar nümayəndəsindən daha çox Türkiyə təmsilçisi olmuşdu. Həm də bu qərarı qəbul etməsində Bakıdan (çox güman Təşkilat Komitəsinin üzvü Bəkir Çobanzadədən) aldığı şəxsi dəvətlə bir sırada dostu Əli bəyin təlqinləri də az rol oynamamışdı.

Qurultayın fevralın 1-də keçirilən dördüncü iclasında D.Mesaroş "Anadolu və Balkan türklərinin etnoqrafik baxımdan öyrənilməsinin müasir vəziyyəti və ən yaxın vəzifələri" adlı məruzə etmişdi. Digər həmkarları ilə birlikdə dövrün  tanınmış sovet türkoloqu N.Samoyloviç də macar həmkarının Bakıya gəlişi və maraqlı elmi təqdimatından məmnunluğunu bildirərək demişdi: "Bu gün tarixi qurultayımızda bizə başqırd dilinin tədqiqində iştirak edən mütəxəssislərdən birini - macar alimi professor Dyula Mesaroşu görmək səadəti nəsib oldu".

Hələ Bakı forumunda qızğın diskussiyaların getdiyi günlərdə "Yeni fikir" qəzetinə (material bağlanış mərasimindən üç gün sonra, martın 9-da işıq üzü görmüşdü - V.Q.) müsahibə verərək "Qurultayın qəbul etmiş olduğu latın əlifbası türk-tatar xalqlarını harsa (mədəniyyətə) yanaşdırmaq üçün ən iyi bir vasitədir. Qurultay iclasında baş vermiş olan mübahisə Şuralar İttifaqında yaşayan türk-tatar xalqlarının oyanmasına dəlalət edir. Zənnimcə, bu qədər böyük bir kütlənin oyanışı Şuralar İttifaqı xaricində yaşayan Ural-Altay xalqlarının oyanışına təsir etməkdən xali qalmaz" - deyən professor Dyula təəssüratlarını daha geniş şəkildə Budapeşt mətbuatı üçün hazırlasa da, çapına nail ola bilməmişdi. 

Sonuncu əcnəbi qonaq Paul Wittek (1894-1978) Avstriya şərqşünası və tarixçi idi. Osmanlı imperiyasının yaranmasında qəzavatın (müqəddəs müharibə) rolu haqda məşhur əsərin müəllifidir. İxtisas etibarı ilə hərbçi idi. 1917-ci ildə hərbi məsləhətçi kimi Osmanlı ordusuna göndərilmişdi. İstanbulda qaldığı müddətdə türk dilini mükəmməl öyrənmişdi. Vyanada erkən Roma imperiyasının sosial-siyasi həyatına dair dissertasiya müdafiəsindən sonra özünü bütünlüklə Osmanlı tarixinin tədqiqinə həsr etmişdi. Müəllimi Kraelitzlə birlikdə 1921 və 1926-cı illərdə iki cildi çıxan "Mitteilungen zur osmanischen Geschichte" ("Osmanlı tarixinə dair qeydlər") məcmuəsini nəşr etmişdi. 1924-cü ildə daimi yaşamaq üçün İstanbula köçmüşdü. Burada əvvəl alman və türk dillərində çıxan "Turkische Post" ("Türk Poçtu") qəzetinə çalışmış, 1926-cı ilin sonlarında isə Almaniya xarici işlər nazirliyinin təqdimatı ilə İstanbuldakı Alman Arxeologiya İnstitutunda türkoloq kimi işə başlamışdı. Maraqları sırasına ilkin Osmanlı epiqrafikası, xristian və türk sənəti nümunələrinin toplanması və tədqiqi, bəyliklər dövrü türk memarlığı və s. daxil idi. Türk dostluğunun təsirli təzahürlərindən biri 1931-ci ildə türk tarixçiləri ilə birlikdə İsmət İnönü hökumətinin Osmanlı arxivlərini kağız tullantısı kimi Bolqarıstana satmasına qarşı çıxması sayıla bilərdi. İstanbulda xüsusi etimadını qazandığı akademik Bartoldla tanış olub dostlaşmışdı. Türkoloji qurultaya isə şəxsi dəvət əsasında Avstriya təbəəsi kimi yaşadığı İstanbuldan gəlmişdi. 1933-cü ildə faşistlər Almaniyada hakimiyyəti ələ keçirəndə Paul Vittek on ilə yaxın çalışdığı Alman Arxeologiya İnstitutu ilə əməkdaşlığı dayandırıb Belçikaya, sonra isə Britaniyaya  köçmüşdü. 1948-ci ildən Londonkı Şərq və Afrika Tədqiqatları Məktəbinin türk dili kafedrasına rəhbərlik etmişdi.

Professor Paul Vittek digər əcnəbi həmkarlarından fərqli olaraq qurultayda məruzə, yaxud müzakirələr zamanı çıxış etməsə də, yazmağı özünə borc saydığı hesabat-təəssürat xarakterli məqaləsini 1929-cu ildə alman şərqşünaslarının mətbu orqanında -"Zeitschrift des Deutschen Morgenlandischen Gesellschaft" ("Alman Şərq Cəmiyyətinin Jurnalı") adlı elmi nəşrdə (1929, № 8, s. 114-120) dərc etdirmişdi. Məcmuənin həmin sayında avstriyalı müəllifin ön sözü ilə akademik V.V.Bartoldun Türkoloji qurultayın birinci iclasında  oxuduğu "Türk xalqları tarixinin öyrənilməsinin indiki vəziyyəti və ən yaxın vəzifələri" adlı məruzəsi də (s. 121-142) alman dilinə tərcümədə özünə yer almışdı.

Mətbuatda gedən məlumatlar, iştirakçıların məqalə və qeydləri qurultay haqdakı həqiqətlərin  yalnız rus deyil, avropalı və asiyalı alimlər, mütəxəssislər arasında geniş çapda yayılmasına təsirsiz qalmamışdı. Məsələn, uzun müddət Orta Asiyada - Türküstanda yaşamış fransız türkoloqu və siyasi tarixçi Jozef Kastanye (1875-1958) Parisin "Revue du Monde Musulman" ("Müsəlman dünyasının icmalı")  jurnalında "Bakıda 1926-cı ilin mart Türkoloji konqresi" adlı geniş analitik məqalə ilə (1926, cild 63, say 1, s. 15-90) çıxış etmişdi. Müəllif yazısında Azərbaycan paytaxtını yeni "İslam İntibahının" mərkəzi adlandırır, qurultayın Sovet İttifaqında sayları 17-25 milyon arasında tərəddüd edən türk-tatar xalqlarının mədəni və siyasi həyatına mühüm təsir göstərəcəyinə diqqət çəkirdi. Maraqlıdır ki, J.Kastanye sanki sözlərinin isbatı kimi əlavələr bölməsində özünün rus dilindən fransızcaya tərcüməsində Bakı qəzetlərindən götürülən, Azərbaycanda mədəni quruculuq nailiyyətlərinə işıq salan bütöv bir silsilə məqalələr yerləşdirmişdi.

Azərbaycanlı nümayəndələrə həsr olunan yazıda da qeyd etdiyim kimi, 1926-cı il Bakı qurultayının mühüm elmi-siyasi hadisə kimi xatırladıldığı hələlik sonuncu saya biləcəyimiz Qərb mənbələrindən biri, Harvard universitetinin professoru Terri Martinin 2001-ci ildə ABŞ-da çap olunmuş "The Affirmative Action Empire: Nations and Nationalism in the Soviet Union, 1923-1939" ("Yaxşı işlər görən imperiya. Sovet İttifaqında Millətlər və Millətçilik. 1923-1939") kitabıdır. Müəllifin fikrincə, qurultayın Avrasiya insanına verdiyi ən mühüm dərslərdən biri onlarda türklük ruhunu oyandırması, etnogenezi ilə maraqlandırması idi:

"Özbək təmsilçi taciklərlə qarışıq salınmasından narazı qalmış, "Onların üz cizgilərində türklükdən əsər-əlamət yoxdur" - deyə etirazını  bildirmişdi. Oyrat nümayəndəsi (qurultaya Həştərxan vilayətindən qatılan, milli mənsubluğu "kalmık" kimi göstərilən Xonin Kosıyevin replikası nəzərdə tutulur - V.Q.) isə həyəcanla danışırdı ki, "türklüyündən" lap bu yaxınlarda xəbər tutub. Oyrotların sadəcə türkləşdirilmiş monqollar olduğunu iddia edən digər həmkarının replikası müqabilində isə demişdi: "Mən belə bölgüyə etiraz edirəm. Çünki qurultaydakı əsas millətin nümayəndəsi olmaq istəyirəm". Sonra da xahiş etmişdi ki, "qoy türkoloji qurultay oyrotların tarixini açıqlasın"...

P.S. Sonda qurultayın xaricdən gəlməyən, amma rejimdən xilas yolunu xaricə sığınmaqda tapan ən uzun ömürlü nümayəndəsi haqqında qısa məlumat vermək istərdim. Söhbət şəxsi dəvət əsasında Leninqraddan gəlmiş türkoloq, monqolşünas və altayşünas alim, LDU-nun professoru, SSRİ EA-nın müxbir üzvü (1932) Nikolay Nikolayeviç Poppedən (Nikolas Poppe, 1897-1991) gedir. "Altay dillərinin qarşılığı qohumluğu məsələsinin tarixi və müasir vəziyyəti" adlı akademik üslublu məruzəsi fevralın 28-də keçirilən 4-cü iclasda dinlənmişdi.

1942-ci ildə indiki Qaraçay-Çərkəz muxtar respublikasının ərazisində olan Poppe faşistlərlə könüllü əməkdaşlıq yolunu tutub düşmən tərəfə keçmiş, III Reyxin informasiya qurumlarında çalışmışdı. 1949-cu ildə ABŞ vətəndaşlığını qəbul edərək Birləşmiş Ştatlara köçmüşdü. Akad. M.Alpatov onu "XX əsrin ən görkəmli monqolşünası" hesab edir. Bonn universitetinin fəxri doktoru, Britaniya və Finlandiya akademiyalarının müxbir üzvü seçilmişdi.

Birinci türkoloji qurultay nümayəndələrinin bəxti heç gətirməmişdi. Günahsız yerə məhv edilmək bir ifrat olduğu kimi vətəni satmaq da başqa bir ifrat hal idi...

Sarayevo, fevral, 2026-cı il.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
64
525.az

1Mənbələr