Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Xırdalan şəhərində 1985-ci il təvəllüdlü Alim qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşı, 1990-cı il təvəllüdlü Könülü (adlar şərtidir – red.) öldürməyə cəhd edib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bərdə rayon sakini Alim 2016-cı ildən rəsmi nikah münasibətində olduğu arvadı Könülün hadisədən bir neçə ay əvvəl onun mütəmadi spirtli içki qəbul edərək mübahisə yaratmasından bezib, azyaşlı qızını da götürərək yaşadıqları evi tərk etməsindən əsəbləşib. Daha sonra qadının ondan boşanmaq fikrində olduğunu bildikdən sonra onu bu fikirdən daşındırmaq niyyəti ilə bir neçə dəfə də mübahisə edib, boşanacağı təqdirdə öldürmək qərarına gəlib.
2024-cü ilin iyul ayının 3-də, saat 13 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Könülün yaşadığı evin yerləşdiyi Xırdalan şəhəri, Quşçuluq yaşayış massivinə gedib. Küçədə arvadı ilə söhbət edərkən ondan boşanmaq fikrinin qəti olduğunu öyrənib. Daha sonra alim arvadını öldürmək niyyətini qətiləşdirib. Bu məqsədlə əvvəlcədən götürdüyü bıçaqla ümumilikdə 21 xəsarət yetirib. Qadına vaxtında ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edilib. Alimin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsualla adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib. Məhkəmədə ifadə verən Alim ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, onun həyat yoldaşı Könülü öldürmək niyyəti olmayıb, aralarında mübahisələr olub: “Könül işləmək istəyib. Mən də onu marketdə işə düzəltdim. Sonra onun telefonunda başqa şəxslə yazışmalarını tutdum. Qardaşı Elmiri çağırdım və olanları danışdım. Qardaşı onu döyərək telefonunu sındırdı. Könül and içdi ki, bir daha olmayacaq. Mən də telefon alaraq ona verdim. 4-5 ay sonra bu hərəkəti yenə təkrarladı. Evdən qaçdı, qohum evində qaldı. Gecə vaxtı qardaşıyla həmin evə gedərək geri gətirdik. Qardaşı yenə telefonunu sındırdı, onu döydü. Sonra Könül yenə evdən qaçdı və qızımızı məndən xəbərsiz və icazəsiz rayona göndərdi. Atasına da zəng edərək olanları danışdım. Dedim ki, 1 aydır qaldığı qohum evində onun 2 dayısının oğlanları yaşayır, düzgün deyil. O, zaman atası məni dinləmədi. Bu dəfə qonşuda qaldı. Mən də getdim ki, danışıb, münasibətlərimizi həll edim. Mənim üstümdə bıçaq olmayıb. Mənə nalayiq ifadələr dedi. Onu qorxutmaq istədim, öldürmək yox. Nə qədər bıçaq zərbəsi vurduğum yadımda olmayıb. Amma sonra çox peşman olmuşam. Sonra Könülü maşında xəstəxanaya apardılar. Mən içən biri olmamışam, öz səhvlərini gizlətmək üçün mənə şər atıblar”. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, həyat yoldaşı Könül ilə olan nikahından bir qız övladı dünyaya gəlib: “Övladımın hazırda 9 yaşı var. Könül ilə əvvəllər münasibətim yaxşı olub, hər ailədə olduğu kimi bizim də ailəmizdə də söz-söhbətlər olub. 2023-cü ilin avqust ayında Könülün mobil telefonda başqa kişi ilə yazışmasını gördüm. Həmin vaxt qardaşı Elmirə zəng etdim, bacısının belə əməl etməsini və bizə gəlməsini bildirdim. Elmir gəldikdən sonra ona yazışmanı göstərdim. Elmir də bacısını döyərək, mobil telefonu sındırdı. Bu hadisənin olmasına baxmayaraq övladım olduğu üçün Könüldən ayrılmadım və birlikdə yaşadıq. Bir müddət sonra Könül yalvararaq eviizdə olan dini kitab “Quran”a and içdi, bir daha xəyanət etməyəcəyini dedi. Könülə inandım, ailəmin dağılmaması naminə bağışladım və ona mobil telefon aldım. Təxminən 3-4 ay sonra hadisə yenidən təkrarlandı. Həmin vaxt Könülü döyərək evdən qovdum. Bu barədə qardaşına zəng etdim və çağırdım. Elmirlə birlikdə Könülü evə gətirdik. Həmin vaxt Elmir yenidən bacısını döydü. Yenə Könül and içərək bir daha belə etməyəcəyini dedi. Təxminən 2-3 gün sonra Könül mənimlə yaşamayacağını dedi, qonşuya gedərək orada qaldı. Bundan sonra Könüllə mütəmadi olaraq mübahisə etdik. Könüllə ayrılmasam da, övladımı görmək üçün onunla mübahisə etmişəm”. Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisə günü, saat 13 radələrində qonşu Təranəgilə gedib: “Həmin vaxt Təranə ilə Könül küçədə yol ilə gedirdilər. Könülə yaxınlaşaraq nə üçün övladımı göstərmədiyini soruşdum. O, mənimlə qəzəbli formada danışaraq övladımı göstərməyəcəyini dedi. Ölən anam və atamın ünvanına nalayiq ifadələr işlətdi. Bu söyüşlərdən sonra özümdən çıxaraq evimə tərəf getdim. Evdə mətbəxdən mətbəx bıçağını götürərək onların yanına qayıtdım. Həmin vaxt onlar hərəkət edirdilər. Bıçağı gizlədərək Könüllə təmkinli danışsam da, o, söyüş söyməyə davam etdi. Həmin vaxt bıçağı cibimdən çıxararaq onu vuracağımı dedim. Könül “əgər kişisənsə vur” dedikdən sonra onun müxtəlif nahiyələrinə bıçaqla xəsarət yetirdim. Könül söyə-söyə təxminən 10 metr uzaqlaşsa da, yenidən onun yanına gedərək bıçaqladım. Daha sonra Könül yenə söyə-söyə uzaqlaşdı. Yenə Könülün yanına gedərək, ona yenidən bıçaq zərbələri yetirdim. Daha sonra Könülə yazığım gəldiyi üçün onu taksiyə əyləşdirərək, xəstəxanaya yola saldım. Özüm də bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim”.Zərərçəkmiş Könülün sözlərinə görə, evləndikdən sonra Alimin bir neçə dəfə məhkumluğu olub: “2017-ci ildə ailəvi Abşeron rayonu, Xırdalan şəhərinə köçdük. Burada da Alim fəhləlik edərək pul qazandı. Son 2-3 il ərzində Alim ümumiyyətlə işləmədi. Bundan sonra ailədaxili münasibətlərimiz pisləşməyə başladı. Alim həmçinin tez-tez spirtli içki qəbul etdiyindən evdə mübahisələr yaratdı. Təxminən 2024-cü ilin aprel ayında Alimlə çox kəskin şəkildə dalaşdıq. Həmin vaxt Alim yenə də spirtli içkinin təsiri altında oldu. Bu mübahisədən sonra Alimlə ayrılmaq qərarına gəldik və övladımızı da götürərək qohumlarımın evində qalmağa başladım. Həmin evdə qaldığım müddət ərzində də Alim yenə də həmin evə içkili vəziyyətdə gələrək mübahisə edib. Alimdən boşanmaq fikrimi qətiləşdirdiyim üçün o, buna mane olmaq istəyərək tez-tez mübahisə yaratdı. Qohum evinə, ailəsinə daha çox narahatçılıq verməməkdən ötrü oradan çıxaraq rəfiqəmin yaşadığı Abşeron rayonu, Quşçuluq yaşayış massivində yerləşən evə köçdüm”.Zərərçəkmiş şəxs daha sonra ifadəsində əri ilə aralarında olan mübahisələrdən, sonda qanlı cinayətin baş verməsindən danışıb: “Alim xəsarət yetirməkdə məqsədi məni öldürmək olub. Çünki xəsarət yetirərkən “sən ölməlisən” sözünü işlədib. Həmçinin orada olan insanların köməkliyi ilə Alimi məndən uzaqlaşdırıblar. Əgər həmin şəxslər olmasaydı, Alim öz məqsədinə nail olacaqdı. Alimdən boşanmaq üçün ondan ayrı yaşamışam. O, isə məndən boşanmaq istəməyib. Alimin mütəmadi spirtli içki qəbul edərək mübahisələr yaratması ailəmizin dağılmasının əsas səbəbi olub”.Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Alim 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.