AZ

MİLLƏTİN ANARI Rafael Hüseynov yazır

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rafael HÜSEYNOVAkademik

Xalqları xoşbəxt edən dəyərlər silsiləsi var ki, yerin altında və üstündəki, suların içində və dərinliklərindəki sərvətlərdən qat-qat qiymətlidir, onların hamısından daha əbədidir. Millətlərə bəxtiyarlıq gətirən o dəyərlər sırasında ən vaciblərindən biri məmləkətlərə nəsib olan böyük şəxsiyyətlər, misilsiz övladlardır. Elə millət yavruları ki, xalqın tarixinin ayrı-ayrı parçalarını işıqlandırır, Vətənin tarix içərisindəki yolunu aydınladır, yurddaşlara uzun zamanlar üçün başucalığı gətirirlər.

Azərbaycan xoşbəxtdir ki, onun Anarı var və bu elə aydın həqiqətdir ki, 50 il, 40 il, 30 il əvvəl də görünürdü, bu gün də dərk edilir, ancaq sabahlarda bəlkə indikindən daha aydın duyulacaq.

Zamanlar keçdikcə Azərbaycanda millət quruculuğu yolunda zəhmət çəkmiş insanların fəxrli sırası daim xatırlanacaq və onlardan hansının bu millətə nələr bəxş etdiyi haqqında düşüncələrə həmişə dalınacaq.

XX yüzil başlananda Azərbaycan büsbütün yeni bir tarixə qovuşurdu. Ancaq XIX əsrin qoynunda artıq Azərbaycanın yeni zaman içərisində irəliləyəcəyi yolun özülləri hazırlanırdı. Həmin təməlqoyucular sırasında ən öndə gedənlər Mirzə Fətəli Axundzadə ilə Həsən bəy Zərdabi idi. XIX əsr bitdi, XX əsr də tamamlandı, XXI əsr asta-asta yaşa dolur. Ancaq Mirzə Fətəli də, Həsən bəy Zərdabi də hər an minnətdarlıqla anılır. Onların yaratdıqları irs daha çox öz zamanlarına hesablanmışdı. Ancaq zaman keçsə də, o miras köhnəlmir, yeni yarananların hamısında onların əks-sədası duyulur. XX əsr başlananda meydanda Əli bəy Hüseynzadə idi, Üzeyir Hacıbəyli, Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyevdi və onların neçə-neçə silahdaşı.

Bütün ziyalı qırğınlarına rəğmən, XX əsrdə Azərbaycan istedadı bunca parladısa, Azərbaycan zövqü, Azərbaycan mənəviyyatı bunca yüksəldisə, əlbəttə, bu söndürüləbilməzlik və arasıkəsilməz ucalışlarda o təməlqoyucuların müstəsna əməkləri var. Həmin səbəbdən onlar yeni minillikdə də elə əvvəlki şəfqət və məhəbbətlə yada salınır, gələcək zamanlarda da onların adları dillərdə, sevgiləri ürəklərdə, dərsləri düşüncələrdə diri qalacaq.

Anar böyük ədəbiyyata gəldiyi 1960-cı illərdən başlayaraq 1970-lərdə də, 1980-lərdə də, 1990-larda da millətin sözünü deyən, millətin ruhunu ifadə edən oldu, 2000-ci illərdir, Anar yenə həminki Anardır.

Bu gün Anarın Azərbaycan mənəviyyatından, Azərbaycan mədəniyyətindən, Azərbaycan ədəbiyyatından keçən yoluna vaxtın hündürlüyündən nəzər salarkən, altı onildən artıq bir zamana sığan bu missiyanı ayrıntıları ilə göz önündən keçirirkən ona şahid kəsilirik ki, Anarın bütün fəaliyyətləri başlanğıcdan bugünədək ilk növbədə millət quruculuğundan ibarət olub.

Millətin ruhu, millətin zövqü bir musiqi aləti kimidir. Gərək o, həmişə kökdə saxlana. Millət ruhunun daim kökdə olması və yeni zamanların ahənginə uyğun gəlməsi üçünsə belə kökqoruyuculara (bu sözün həm rişələr, həm də musiqidəki ritm sabitliyi mənasında) həmişə ehtiyac var. Ancaq neyləməli ki, bu ehtiyaca cavab vermək qabiliyyəti hətta öndəgedənlərdən də hər kəsə nəsib olmur.

Anarın XX əsrin ikinci yarısını dolduran, XXI əsrin ilk onilləri boyu davam edən yaradıcılığı əslində şanlı babaların fəaliyyətlərinin yekunudur. O işləri ki Mirzə Fətəli, Həsən bəy Zərdabi görürdü, o çalışmalar ki onların ardınca Əli bəy Hüseynzadə, Üzeyir bəy Hacıbəyli, Mirzə Cəlil və onların silahdaşları aparırdı, həmin xətti Anar davam etdirdi, babaların gördüyü böyük işlərin ağırlığını sürətləri artan XX əsrdə, inkişafın büsbütün yeni mərhələsinə qalxan XXI əsrdə çiyinlərinə götürdü. İrəlilətdi, daha da yüksəltdi, daha da parlaq elədi və sürəklilik baxımından o, həmin işləri onların hamısından daha uzun bir vaxt məsafəsi boyunca gerçəkləşdirdi. Uca dağların əsl yüksəkliyini nə qədər ki onlara çox yaxınsan, gərəyincə dərk eləmək olmur. Zaman ötdükcə həmin ucalıq daha artıq anlaşılır. Anarın yaradıcılığı ilə Azərbaycan insanlarının neçə nəsli tərbiyələndi, zövqləndi, böyüdü. Anarın əsərləri ilə tərbiyələnən, zövqlənən, böyüyən nəsillərin özləri ahıllaşdılar, ağsaqqallaşdılar. Yeni nəsillər gəldi. Anarın o yeni nəsillərə də deyiləsi yeni sözü oldu və var. Millət bəxtiyarlığı elə bu deməkdir. Bir var klassiklərin, uluların yalnız keçmişdə ola, xatirə kimi hafizələrdə qala, uzaq dünənin yadigarı kimi anıla, bir də var canlı klassik həyatın axarında səninlə birgə addımlaya, faydalarını verməkdə davam edə. Bu gün əlində qələmi (artıq yalnız qələmi ilə də deyil, həm də bilgisayarı ilə) Anar aydın düşüncəsini, tükənmək bilməyən ilhamını səfərbər edərək Azərbaycan ədəbiyyatının, Azərbaycan mədəniyyətinin, Azərbaycan mənəviyyatının önündədir. Önündə olanlardan biri yox, məhz önündədir. Bu öncüllük, bu qabaqdaolmaqlıq, əlbəttə ki, gələcək zamanların içərisində də davam edəcək. Çünki onun yaratdığı əsərlər sabah da yaşayacaq, faydalarını verməkdə, təsirlərini göstərməkdə davam edəcək. Çünki nə yaradıbsa, hamısı millət irsi olmaq qiyməti daşıyan incilərdir.

Anarın atası, böyük Azərbaycan şairi Rəsul Rza hələ cavanlığında "mübarizə bu gün də var, yarın da, mən də onun ən ön sıralarında" demişdi. Bu sözlər elə Anara da aiddir. Rəsul Rza o misraları qələmə alandan sonra onillər boyu mübarizələrin, millətə xidmətin ön cərgələrində oldu. Anar da həmin yolu tutub gedən böyük yaradıcıdır. Ancaq ən gözəli budur ki, 20 yaşlarında, 30-unda, 40-ında, 50-sində olduğu kimi, 90-ın astanasında da Anar millətini vaxtaşırı yaratdığı yeni-yeni incilərlə sevindirməkdə, fərəhləndirməkdədir.

...Anar Azərbaycanın iki tanınmış şairinin övladı kimi dünyaya gəldi. Göz açıb sağında, solunda kitablar gördü. Ancaq tale elə gətirmişdi ki, yalnız o kitablarla dolu bir mənzilin içərisində yaşamırdı. Onların yaşadığı bina da elə kitaba bağlı bir mülk idi. Bir vaxtlar "Kitab pasajı" bakılıların, bütün azərbaycanlıların ən sevimli ünvanlarından idi. Ora camaat arasında elə "Kitab evi" də deyirdilər. Anarın dünyaya göz açandan yaşadığı, uşaqlığının, yeniyetməliyinin, gəncliyinin keçdiyi binanın birinci qatı kitablıq idi və evinin içərisində də, mənzilindən dışarı çıxınca da kitablarla üzbəüzdü. Bu da başqa bir qismətdir ki, Anarın ömrü boyu bağlandığı ayrı-ayrı iş yerlərinin hamısı elə həmin həndəvərdə olub. Oxuduğu məktəb də evlərindən az aralı idi - piyada gedib-gəlirdi. İlk iş yerlərindən nisbətən ən uzağı Radio və Televiziya Verilişləri Komitəsi idi ki, əslində ora da çox aralıda deyildi, ora da ayaqla getsən, 10-15 dəqiqəlik yoldu. Ən birinci iş yeri Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində olmuşdu - bura evlərindən lap yaxın. Sonralar tale onu "Qobustan" jurnalına bağladı, həyatının 20 ilini bu dərgiyə həsr etdi. Ardınca da Yazıçılar Birliyi ki, burada iki "Qobustan" müddəti qədər bağlıdır.

Övladlar köçəri quş kimidir. Geci-tezi var, onlar qanadlanırlar, hərəsinin yeni yuvası olur. Doğrudur, onlardan hansısa köhnə yuvada ata-anasının yaşadığı mənzildə qalır, ocağın çırağını sönməyə qoymur, amma hər halda uşaqlar bir neçədirsə, onların hər birinin təzə ünvanları yaranır. Anarın yeni ev ünvanları da köhnə evlərindən uzaqda deyildi. Vaqif küçəsində yarımzirzəmi ikiotaqlıda yaşadı, o da tən mərkəzə yovuq, sonra Üzeyir Hacıbəyli küçəsindəki mənzili, ora da elə bu həndəvərdə. Anar arxada qalan onillər ərzində nələr yaradıbsa, təbii, onların böyük hissəsi ya evdə yazılıb, ya işdə. Başqa sözlə, bir-birinə həddindən artıq yaxın olan, bir-birindən məsafəsi heç bircə kilometri aşmayan ünvanların qovuşağında. Ancaq bu əsərlərin hamısının aqibəti eynidir, onların hamısının alnına həm məsafəcə, həm zamanca Azərbaycanın içərisində də, Azərbaycandan kənarlarda da ağla gəlməyəcək qədər, min kilometrlərdən də uzaq ünvanlara gedib çatmaq yazılıb. Həm də bu, Anarın doğurduqlarına sonradan, illərin keçişiylə nəsib olan məziyyət deyil, elə cavanlığından həmin xoşvaxtlılıq Anarı müşayiət edib. Buna da şəkk yoxdur ki, gələcəkdə də Anar əsərlərinin yayılma və oxunma coğrafiyası daha da artacaq, bu irs məqamı yetişincə süni zəkadan usanan məkanlara da səpələnərək düşüncələrə işığını ötürəcək. Hara gedib çatacaqsa, oralarda Azərbaycana sayğını, Azərbaycan istedadı və zövqünə ehtiramı artıracaq. Çünki Anarın yazdıqlarının hamısında millətin böyüklüyü, dərinliyi, ruhca intəhasızlığı döyüntüsü heç vaxt kəsilməyəcək nəbz kimi çırpınmaqdadır.

Anar örnək əsərlər yaradıb, milləti daha çox yaxşısıyla özünə göstərib, insanımızın bütün milli ləyaqətləri və üstünlükləri ilə özünü özünə tanıtmağa səy göstərib. Ancaq Anar bütün həyatı boyu həm də ülgü əsərlər yaradıb. Elə əsərlər ki, onlarda Anarın arzuları, millətini daha gözəl, daha uğurlu edə bilmək layihələri var. Əslində Anarın böyük sələfləri də eyni işi görmüşdülər, onların da amalı millətə daha yaxşı olmanın yollarını, üfüqlərini nişan verməkdən ibarətdi.

...Nizami Gəncəvinin adını daşıyan Ədəbiyyat muzeyi Anarın ilk iş yeri olub. Əlbəttə, burada da bir rəmz var. Həmin binada onun anasının - gələcəyin tanınan şairi Nigar Rəfibəylinin uşaqlığı keçmişdi - 1918-ci ilin 15 sentyabrında Qafqaz İslam Ordusu və igid Azərbaycan əsgəri Bakını azad etdikdən sonra Cümhuriyyət hökuməti də Gəncədən Bakıya köçür, Nazirlər Kabinetinin ixtiyarına o vaxt Bakının əsas mehmanxanası olan "Metropol" verilir, ilk nazirlərimiz burada həm yaşayır, həm işləyir. Cümhuriyyət dönəmindəki ilk səhiyyə nazirimizin qızı Nigar xanım Rəfibəyli ahıl çağlarında ailə söhbətlərində xırdaca qızkən qısa müddətə də olsa evinə çevrilmiş əziz binanın dəhlizlərində oynayıb-qaçdığını xatırlarmış.

Və 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini yenicə bitirmiş Anar 40 ildən də bir az qabaq nənə-babasının, anasının, dayılarının yaşamış olduğu sabiq "Metropol"da, 1939-cu ildən söz məbədinə çevrilmiş Nizami muzeyində işə başlamışdı. Bu muzey həmişə qonaq-qaralı olub və ötən illərdən onların təəssüratlarının qovuşduğu rəy kitabları yadigar qalıb. İllərin üstünə nə qədər il gəlir-gəlsin, o qısa rəylərdəki heyran ovqat həmişə təzədir, insanı həmin günlərə qaytarandır. İllah da indi həmin rəyləri o günlərin içərisində olmuş insan oxuya.

Bunlardan heç Anarın özünün xəbəri yoxdur. Ancaq illərlə qatı açılmayan bu rəy kitablarındakı təəssüratlar da Anarın elə yolunun başlanğıcından seçilən olmasının göstəricisidir. Həmin rəy kitablarından birinin bu səhifəsində 1961-ci il sentyabr ayının 10-udur. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin bir dəstə tələbəsi Nizami muzeyinə tamaşa etməyə gəlib və onlara bələdçilik edən, ekskursiyanı aparan Anar Rzayevdir. Şərqşünaslıq fakültəsinin tələbələri üçün bu muzey bəlkə də digər tamaşaçılardan daha artıq maraqlı idi. Çünki onların ixtisası elə idi ki, Azərbaycanın əski ədəbiyyatına başqalarına nisbətən daha yaxındılar, fakültələrində ərəbdilli, farsdilli mirasımızı da öyrənirdilər. Ancaq indi onlara izahatı gənc Anar verirdi. Vur-tut 22 yaşı vardı onda. Ekskursiyanı elə aparmışdı, onun hekayəti o qədər cazibəli olmuşdu ki, tələbələr rəy kitabında ürək sözlərini yazmağı vacib bilmişdilər: "Biz, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin tələbələri bu gün Nizami Muzeyində olduq. Yoldaş Rzayevin verdiyi izahlar əsasında Azərbaycanın ən qədim tarixindən tutmuş indiyə qədər olan ədəbiyyatı, incəsənəti və mədəniyyəti ilə tanış olduq. Xüsusilə ekskursiyaçının Nəsiminin fəlakətli həyatı haqqındakı söhbəti, Füzuli və Nizami guşələrindəki danışdıqları bizə çox təsir etdi. Qrup yoldaşlarımız Rzayev yoldaşa öz təşəkkürünü bildirir".

O vaxt bu yazıya imzanı atanlar - Əşrəf Şəfiyev, Adil Yəhyayev, Qoşa Altıyev olub. Sonuncu soyadın qəribə səslənişinin sualını qabaqlayaraq imzaçı mötərizədə əlavə edib: "Türkmən". Görünür, o vaxt şərqşünaslıq fakültəsinə qəbul olunanlardan biri də Aşqabaddan gələn qardaşımızmış. Lakin yazılanları tam saymayaraq onlarla gələn başqa bir tələbə də bu mətnin altında öz razılığını bir neçə cümləylə ifadə edib. Həmin sətirlərin yazıldığı vaxtdan 60 ildən də bir az çox zaman keçir. Bu köhnə təəssüratları oxuduqca yeni təəssüratlar yaranır: adətən muzeylərdə ekskursiya aparanlar irəlicədən hazırlanıb təsdiqlənmiş mətnlər əsasında ölçülü-biçili bilgilər verib işlərini yola verirlər. Ancaq Anar yolunun başlanğıcından məsələyə sadə yanaşmırmış. Nəsiminin həyatı haqqında elə təxminən özü ilə həmyaş olan bu gənclərə elə danışıbmış ki, onlar valeh olubmuş. Onillər ötəcək, Anar Nəsimidən də, Xətaidən də, Füzulidən də başqa alim və yazıçıların yüz dəfələrlə yazmasından sonra elə esselər qələmə alacaq ki, bu dəfə bütün Azərbaycan oxuyub heyran qalacaq.

Bu rəy kitabı bir az da köhnədir. Açdığım vərəqdə 1960-cı il dekabrın 11-idir. Bakı Texniki Peşə Məktəbinin kollektivi gəlib. Müəllimlər də var, öyrəncilər də. Onlar da Azərbaycan ədəbiyyatının tarixi, ayrı-ayrı böyük ədəbi şəxsiyyətlər haqqında gənc bələdçi Anarın apardığı ekskursiyadan heyranlıqlarını ifadə edirlər. Ya başqa bir rəy - rusca yazıblar, altında da bir dəstə imza. 1960-cı il dekabr ayının 6-sı. Sən demə, o vaxt Bakı səhiyyə işçilərinin təqaüdçülər klubu varmış. Onlar təşəkkür edir ki, bələdçi Anar çox dəqiq və çox geniş, çox maraqlı bir ekskursiya aparıb. Ekskursiya da rusca olub. Anar orta məktəbi Azərbaycan dilində oxumuşdu. Ancaq filologiya fakültəsini rus bölməsində başa vurdu. Azərbaycancası da, ruscası da ana dili səviyyəsində yüksək idi. Muzeylərdə isə müxtəlif dilləri sərbəst bilən insanlara həmişə ehtiyac var. Anar bu baxımdan da muzeyçün çox münasibmiş.

Bu rəy isə 1960-cı il dekabr ayının 25-nin saxlancıdır. Stalin adına zavodun işçiləri yazır. Əvvəlcə muzeyi gəzərkən Azərbaycan ədəbiyyatının, mədəniyyətinin müxtəlif dövrləri ilə tanış olmaqdan zəngin təəssüratlar qazandıqlarını bildirirlər və davam edirlər: "Biz hədsiz dərəcədə minnətdarlığımızı, sadəcə dil ilə yox, yazı vasitəsilə bildiririk. Doğrudan da, çox gözəl bir şəkildə Anar Rzayev Azərbaycanın keçmiş həyatına dair hadisələri danışdı və bizim dünyagörüşümüzü artırdı. Biz qrup yoldaşları adından Anar Rzayevə və muzey işçilərinə hədsiz dərəcədə öz təşəkkürümüzü bildiririk". Görün ekskursiyanı necə maraqlı aparıb, onlarda necə dərin təəssüratlar qoyub ki, balaca yazıda Anarın adını üç dəfə çəkiblər.

Daha bir vərəq çevrilir: 1960-cı ilin 30 dekabrıdır. "Biz respublikanın müxtəlif rayonlarından Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutuna gəlmiş bir qrup - 25 nəfər dil-ədəbiyyat müəllimi Nizami muzeyinə baxarkən elmi və tarixi cəhətdən çox şey öyrəndik". Artıq bunlar sadə tamaşaçılar deyillər, müəllimlərdir, Azərbaycanın müxtəlif rayonlarında dərs deyən dil-ədəbiyyat müəllimləri, onları heyrətləndirmək, əlbəttə ki, daha çətindir. Ancaq Anar bunu da bacarıb. Rəylərini belə yekunlaşdırırlar: "Muzeyin mühazirəçisi Rzayev yoldaşın qısa, aydın və mənalı izahatı bizə məlum olmayan çox şeyi aydınlaşdırdığı üçün təşəkkürümüzü bildiririk".

Zahirən sanki qeyri-adi heç nə yoxdur: muzeyin bələdçisi ekskursiya aparıb, Azərbaycan ədəbiyyatı haqqında danışıb, tamaşaçılar da razılığını bildirir. Ancaq müqayisə var axı! Muzeydə Anardan başqa, ondan da əvvəl burada işləyən bələdçilər vardı, onlar da hər gün eyni şəkildə bir neçə ekskursiya aparırdılar. Ancaq nədirsə, muzeydən alınan xoş təəssüratları əks etdirən digər rəylərdə ekskursiyaçının adını çəkmirlər, daha çox muzeyin öz gözəlliyindən bəhs edirlər. O vaxt 22 yaşlı Anar gündəlik işini görür, başqa sıravi ekskursiyaçıların etdiyini edirmiş. Ancaq əhəmiyyətli bir fərqlə ki, bu adi işi digərləri kimi deyil, Anar kimi yerinə yetirirmiş.

İllər sovuşdu, Anarın 32 yaşı da oldu, 42-yə də çatdı, 52-ni də haqladı, 62-ni də, 72-ni, 82-ni də arxada qoydu. Ancaq yolun əvvəlində olduğu kimi, dəyişən onillərdə də eyni faydalılıqda qaldı, yaşı və bilikləri artdıqca millətəxeyir əməllərinin də üfüqləri genişləndi.

Anar kimi bütün ömrü boyu fayda verməkdə davam edən şəxsiyyətləri düşünürkən həmişə xəyalımda köklü-köməkli tut ağacı yaşıllanır. Tut ağacları adətən yay günlərində insanları çətirinin kölgəsinə toplayır. Başlanğıcdakı körpəcə fidan asta-asta böyüyür, çətiri o qədər genişlənir ki, altına onlarca adam sığır, ancaq ağac həm də ahəstə-ahəstə yaşa dolub qocalır. Fəqət payız ötür, qış arxada qalır, yenə yaz gəlir. O qocaman ağac yenə puçur-puçur tumurcuqlayır, sütül yarpaqlar açır, yay yetişincə yeni bəhrələrini verir. 10-20 il əvvəl, 30 il irəli, 60 il öncə, 70 il qabaq olduğu kimi, şirin bəhrələri ilə sanki təzədən doğulur. Vaxt ötüb, onillər sovuşub, ancaq o əvvəlki dad, təravət yenə qalmaqdadır.

Anar ədəbiyyatımızın kökləri çox dərinlərə işləmiş, çətiri çox geniş açılmış belə qocalmaz tut ağaclarındandır.

Anar böyük ədəbiyyatda olduğu yeddi onil boyunca çox əsərlər yaradıb, ədəbiyyatın ən müxtəlif istiqamətlərinə üz tutub. Romanlar da, povestlər də, hekayələr də yazıb, ssenarilər də, essələr də qələmə alıb, tərcümələr də edib, şeirləri də var. Amma etdiklərini içəridən yaxşı edə-edə, heç üstünü vurmadan yolüstü digər yenilikçiliklər də edib - ədəbiyyatımızdaklı bəlli söz qəlibləri, məlum yazı şəkilləri sırasına Anaracan olmayan ülgülər artırıb, sonra neçələri o biçimdə yazıb, həmin yolu tutub gedib. Məktəbə dönmək ayrı nə təhər olur ki?!

Anarın bütün fəlsəfəsiylə millət quruculuğuna səmtlənmiş ədəbi yaradıcılığının yanında vacibdən-vacib ayrı bir istiqamət də var. 1969-cu ildə gənc Anar Azərbaycanda çıxan yeni bir dərgiyə - "Qobustan"a rəhbərlik etməyə başlayır və 20 il o jurnalla yaşayır. "Mən gəlmişəm"i dərginin adından və onun yanındakı kəlmədən başlamışdı. Saya camaatın ilan mələyən yer kimi baxdığı Qobustanı milli kimlik ünvanımızın ən qocamanlarından hesab etdiyindən nəşrinə başlayacaq jurnala bu adı seçmişdi.

Əgər son "hə"ni verən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Cəfər Cəfərov kimi işıqlı insan olmasa idi, belə sərlövhəli bir jurnalın tariximizə düşəcəyi mümkünsüz olardı. Həm də Anar yeni işıq üzü görəcək məcmuəni Azərbaycan oxucusuna "jurnal" kimi deyil , "toplu" deyə təqdim edirdi.

Millətimizin tarixində düşüncə dəyişən, vaxtın rənginə və sürətlərinə təsir göstərən qəzetlər də, jurnallar da olub. XX əsrin başlanğıcında Mirzə Cəlillə Ömər Faiq Nemanzadənin "Molla Nəsrəddin", Əli bəy Hüseynzadənin "Füyuzat"ı millətin yeni vaxt kəsiyində inkişafına təkançıya çevrildi. Həm məzmunlarıyla, ətraflarına topladıqları nur daşıyıcısı zəka və qələm sahibləri ilə, həm də onların dalğasıyla, yaranan yeni dərgilər, yeni nəşrlərlə. Eyni siqlətli və həm də vətəndaşlıq hünəri sayıla biləcək təpərli işi ayrı bir zaman çərçivəsində doktor Cavad Heyətin Güneydə yaratdığı "Varlıq" dərgisi yerinə yetirdi.

O qütblə bu qütbün arasında Anarın "Qobustan"ı dayanır.

"Qobustan" Azərbaycan ədəbi-mədəni mühitinə saf səhər havası kimi gəldi. 1969-cu ildə doğularaq oxucularla ilk dəfə 1970-ci ildə görüşən "Qobustan" toplusunun ilk sayı başqa mətbuat kimi qəzet köşklərində yox, kitab dükanında satılırdı. Yəni əvvəldən bu topluya istər-istəməz kitab kimi baxılmışdı və indi, üstündən zaman keçəndən sonra Anarın yaratdığı "Qobustan"ları üst-üstə qalaqlayarkən görürsən ki, bu dərgi, həqiqətən, çox mühüm millət kitabı imiş.

Anar "Qobustan"ın ilk addımlarından bu gəlişin adilikdən uzaqlığını əyan etməyi bacarmışdı. Sovet dövründə təzə bir qəzetin-jurnalın nəşrinə başlamaqçün Moskvayadaək uzanan bürokratik razılıqalma labirintindən keçilməli idi. Ancaq Cəfər Cəfərov fənd işlətmişdi, bu nəşri yeni jurnal kimi yox, 1957-1958-ci illərdə Mehdi Məmmədovun redaktorluğu ilə 3 sayı buraxılmış "İncəsənət" jurnalının sadəcə adının dəyişdirilərək davam etdirilməsi kimi qələmə vermişdi.

"Qobustan" gəldi və ilk görsənişindən dili, üslubu, təlqin etdiyi yenilikçi düşüncə ifadəsi ilə o dövrdəki qəzetlərin, jurnalların heç birinə bənzəmədi. Azərbaycanın 1970-1990-cı illər gəncliyinə, bütövlükdə ziyalılığımıza "Qobustan"dan daha artıq təsir edən ayrı bir nəşri təsəvvür etmək mümkün deyil. Di gəl, "Qobustan" lap başlanğıcdan həm də paxıl və rəzil müqavimətlərlə, hikkəli həmlələrlə, irinli süngülərlə qarşılanmışdı. Özü də bu dərgiyə hücum edənlər respublikada tanınmış vəzifə və nüfuz yiyələri, adlı-sanlı qələm sahibləri idilər. 1971-ci il iyun ayının 27-də o vaxt Azərbaycanın ən birinci qəzeti sayılan "Kommunist"in birinci səhifəsində dərc edilən "Solmaz ilham çeşməsi" adlı məqaləni Azərbaycanın ən tanınmış şairlərindən biri yazmışdı və qeyzlənirdi ki, Azərbaycan dilinin indiki yüksək inkişaf səviyyəsinə çatdığı bir dövrdə "Qobustan" jurnalının dilini başa düşmək üçün azərbaycancadan Azərbaycan dilinə tərcümə edən bir lüğət lazımdır.

Həmin dövrün digər sözükeçər nəşri "Kirpi" isə "Qobustan"da yeni rəsm" adlı tikanlı məqaləsinin yanında bir karikatura da vermişdi. Rəsm "Qobustan"ı digər "günah"ları ilə yanaşı, həm də vaxtlı-vaxtında çıxmadığına, tısbağa ləngliyi ilə irəlilədiyinə görə məsxərəyə qoyurdu. Elə həmin günlərdə Dövlət Mətbuat Komitəsinin sədri də bekar durmamış, Mərkəzi Komitəyə, sözün elə birbaşa mənasında, donos göndərmişdi. Məsələ qaldırırdı ki, "Qobustan" jurnalını bağlamaq lazımdır. Guya dövlət xəzinəsinin qeydinə qalaraq jurnalın əməkdaşlarının iş görməyərək havayı yerə maaş aldığını, dövlətin pullarının yelə sovrulduğunu bəyan edir, jurnalı, onun rəhbərini az qala cinayət törətməkdə suçlayırdı.

Fəsildə bir yol çıxan "Qobustan"ın nəzərdə tutulan vaxtda buraxılmaması əslində düz irad idi, ancaq bu, redaksiyadan asılı məsələ deyildi. "Qobustan" ilk dərgi idi ki, orada müntəzəm olaraq rəssamların əsərləri, miniatürlər dərc edilirdi, həmin vaxtlarsa rəngli çapın müşkülləri çox idi. Toplunun yazıları bir neçə ay öncədən hazır olsa da, mətbəənin imkansızlığı ucbatından onların vaxtında nəşri mümkün olmurdu. Ancaq "Qobustan"a diş qıcayanlar bu kəsiri də "Qobustan"ın ayağına yazır, yuxarılara həqiqəti baş-ayaq edərək çatdırırdılar.

 Hələ bu harasıdır?! Yuxarıdan daha yuxarı - Moskva da vardı axı. Bakıdan Kremlə göndərilən evyıxıcı donoslardasa atılan çamur, vurulan ləkə daha qorxunc idi. "Qobustan"ı və onun redaktoru Anarı pantürkizmdə, siyasi səbatsızlıqda ittiham edirdilər. Bu, istəməyənlərin, qara qüvvələrin birbaşa Anara və Rəsul Rzaya qarşı yürüşü idi. O mərdümazarlar Anarın Türkiyədə, siyasi mühacirətdə olan qohum-əqrəbasından gözəlcə agah idilər və hansı nöqtədən vurmağın çəmini mükəmməl bildiklərindən zərbəni türkçülük sarı yönəldirdilər. Görün nə təhər yazıblarmış ki, SSRİ rəhbərliyində olanlardan biri, Mərkəzi Komitə katibi İvan Kapitonov təəccüblə soruşubmuş ki, məgər bu jurnal Bakıda türk dilində buraxılır?

Oaragüruhçular ona nail olmuşdular ki, "Qobustan"ın məsələsi Azərbaycan Kommunist Partiyası Mərtkəzi Komitəsinin Bürosunadək gedib çıxmışdı, qəzet-jurnalda, donoslarda yazdıqlarını oradakı müzakirələrdə açıqca da söyləmişdilər, Anarı az qala siyasi cəhətdən zərərli, sosialist dünyagörüşü ilə uyğun gəlməyən yazıların dərc edilməsinə rəvac verən şəxs kimi qaralamışdılar. Elə çıxışlar etmişdilər ki, 1937 olsa idi, gərək həmin yığıncaqdan sonra Anarın sorağı Dövlət Təhlükəsizlik Komitəsinin təcridxanasından gələ idi.

 Və bu da ayrı tarixdir ki, insanlarımızın bilməsi hökmən lazımdır.

1969-cu ilin yayında Heydər Əliyev Azərbaycana rəhbərliyə başlamışdı və ona Moskvadan verilən ilk əsas tapşırıqlardan biri ideoloji sahədə nizam yaratmaq, daha əvvəl baş vermiş bir para ideoloji "şuluqluqların" bir daha təzahür etməsinə yol verməmək idi. Anarın əleyhdarları elə yüksək məqamlı adamlar idilər ki, belə pərdəarxası təfərrüatları göydə tuturdular və o səbəbdən də "Qobustan" məsələsini Heydər Əliyevin hüzurunda müzakirəyədək gətirib çıxarmağa müvəffəq olmağı artıq qəti qələbələri sanırdılar. Stenoqramlar yaddaşını zamanın poza bilmədiyi müddətsiz şahidlərdir. O müzakirələri olduğu kimi canlandırırlar.

"Qobustan" əleyhinə yazıların ortaya çıxmasının fitnəsini verənlər çıxış edir, olmazın ittihamlar yağdırır, töhmətləndirmələrin ən ağırını da Anarın və onun "Qobustan"ının siyasi cəhətdən bel bağlanası olmaması tərəfə vururlar. Əllərinə girəvə düşmüşdü, Anarın taleyini birdəfəlik şikəst etmək əzmində idilər. O danışır, bu danışır, sonra başqa məsələlər müzakirə olunur və nəhayət, plenumun sonunda Heydər Əliyev yekun nitqini edir. Müşavirə iştirakçılarına sualla başlayır ki, bu günlərdə "Pravda" qəzetində yeni dərs ilinin başlanması ilə əlaqədar Anarın hekayəsi dərc edilib, oxumusunuzmu?

Və dərhal əlavə edir ki, mən oxudum, heyran qaldım, həm siyasi nöqte-yi nəzərdən son dərəcə məzmunlu, bizim xəttimizi ifadə edən, həm də gəncliyin tərbiyəsi baxımından son dərəcə faydalı.

Bu müdrik şəxsiyyət bir-iki cümləsi ilə bayaqdan boğaz yırtanların hamısının cavabını verir. Ən əvvəl o cavabı verir ki, bu cavan yazıçını siyasi baxımdan vurmağa cəhdlər əbəsdir, o, doğru yoldadır, dövlətə də, xalqa da gərək olan işləri görür.

Heydər Əliyev Azərbaycan Sovet Respublikasına yenicə rəhbərlik etməyə başlamışdı. O, özü də cavan idi, Anarsa daha gənc idi. Ancaq elə o vaxtlar çox uzaq sabahları görməyə qadir Heydər Əliyev gənc Anardakı işığı sezmişdi, ona görə də köksünü qabağa verərək onu xəbis düşüncə ziyanvericilərindən qorumağı qət etmişdi. Böyük ölçüdə bu qoruyuculuq unudulmaz Heydər Əliyevin həm də Azərbaycan ədəbiyyatına, Azərbaycan mədəniyyətinə, Azərbaycan mənəviyyatına əvəzsiz xidməti idi.

...Anarın zəngin yaradıcılığı haqqında az yazılmayıb, yəqin, gələcəkdə də yazanlar olacaq. Məqalələr, kitablar, dissertasiyalar bəs deyincədir, amma yenilərinin də gələcəyi istisna deyil. Böyük yaradıcılıqlar yeni gözlə baxmanı hər yeni nəsildən özü tələb edir. Ancaq Anarın ayrı-ayrı əsərlərinin bədii məziyyətləri öz yerində, gərək onun yaradıcılığının, ədəbi missiyasının, bir ziyalı olaraq Azərbaycan varlığından keçən yolunun da dürüst qiyməti verilə. Anar hansı səmtə üz tutubsa, harada fəaliyyət göstəribsə, həm də bu, yalnız ədəbi, bədii yaradıcılığa aid deyil, onun iş gördüyü bütün istiqamətlərə aiddir, yenilikçi və qurucu izləriylə fərqlənib.

Azərbaycan Radiosunda 1960-cı illərin əvvəllərində qısa müddət işləyib. Ancaq onun o vaxt gördüyü işlərin əks-sədası bu günə də gəlib çatmaqdadır. Radioda çalışarkən "Səslər muzeyi" adlı veriliş düzəldib. İndi Azərbaycanın ayrıca Dövlət Səsyazma Arxivi var. Səs irsimizin toplandığı müstəsna xəzinə. Azərbaycan Radiosunun özü də səs sərvətlərimizin cəm olduğu ayrı bir dəfinədir. Ancaq Anarın o vaxt yaratdığı "Səslər muzeyi" verilişi gününə görə bir yenilik, xatirəyə, keçmişə hörmətin əlaməti idi. Həmin verilişdə artıq həyatda olmayan seçkin insanların yadigar səsləri toplanmışdı. Verilişə qoyduğu ad da Anarın sabah görücülüyünün, gələcək "inşaatçılığı"nın bir işartısı, illər sonra fəaliyyətə başlayacaq Dövlət Səsyazma Arxivinin təklif-layihəsi kimi qavranıla bilər. Ancaq o vaxt mühafizəkar rəhbərlik həmin verilişi efirə buraxmırmış. Deyirlərmiş ki, bu nədir, ölüləri yığmısan bir verilişə, yasxana açırsan. Lakin hazırlanıb rəfdə qalan o verilişin qapısını açan Moskvada yüksək çinli bir dövlət adamının vəfat etməsi olur. Moskva - Mərkəzi televiziya matəm xəbəri yayır, kədərli musiqi nömrələri səslənir və Anar da o günlərdə çoxdan hazırlansa da, efirə getmədən qıraqda qalan "Səslər muzeyi"ni rəhbərliyin yadına salır. O zaman Radio-televiziya Verilişləri Komitəsinin radio üzrə müavini qayıdır ki, hə, yaxşı, verin getsin, onsuz da yasdır.

Veriliş səslənir, elə rəğbət qazanır, o qədər dinləyici məktubları gəlir ki, qərara alınır, bundan sonra silsiləyə çevrilsin. Beləcə, daha bir Anar qəlibi yaranır, həmin veriliş son illərədək davam etdirilirdi.

1987-ci ildə Anar Yazıçılar Birliyinin rəhbərliyinə gəldi və buradakı mühafizəkar şəbəkəni qısa müddətdə sındırdı, gənclərə, işıqlı yaradıcılığa meydan açdı. İndi bəzən gileylənənlər tapılır ki, Azərbaycan Yazıçılar Birliyinə Anarın başçılığı dönəmində üzvlərin sayı artıq neçə minə çatıb. Ancaq bu da unudulmasın ki, Azərbaycan Yazıçılar Birliyinə Anarın rəhbərlik etdiyi müddətəcən orada üzvlərin sayı 200-300 arasında idi və əsl yazıçı olan o qədər istedadlılar vardı ki, onların üzvlüyə gedən yolunda Çin səddi kimi aşılmaz maneələr yaradılırdı.

...1969-cu ildə Anarın Azərbaycandan kənarda, "Drujba Narodov" jurnalında Bakıda çapına imkan verilməyən "Anlamaq dərdi" adlı məqaləsi dərc edilmiş, yazı İttifaq miqyasında əks-səda doğurmuşdu. Ancaq bu yazının başqa əks-sədaları da oldu ki, bu, artıq Anarın özü üçün müəyyənləşdirdiyi ömür və yaradıcılıq düsturu ilə əlaqədar məsələdir. O yaradıcıları ki Anar millət və yurd üçün açar simalar kimi dərk edib, onlardan ömrü boyu ayrılmayıb. Çünki vəzifələri millət quruculuğu olmuş həmin şəxsiyyətlərlə Anar özü də məsləkdaş, ürəkdaş, fikirdaş idi. Mirzə Cəlillə bağlı məqalə yazmışdı, ardınca telepyes gəldi, Ancaq bunu da kifayət hesab etmədi, şəbəkə tamamlansın deyə Mirzə Cəlil haqqında "Qəm pəncərəsi" adlı filmi də araya-ərsəyə gətirdi. Eyni şəkildə ana kitabımız, Qorqud oğuznamələri və Dədə Qorqudun özü haqqında düşünüb, bu barədə elmi əsər də yazıb, uşaqlardan ötrü povest də, kinossenari də. Üzeyir bəy də eyni cür, Hüseyn Cavid də həmin təhər, Cəfər Cabbarlı da həmin sayaq. Millətin bel sütunu və dayağı olan şəxsiyyətlərimizlə Anar ömrü uzunu ruh yoldaşlığı edib, onlardan ayrıldığı olmayıb. Özü də həmin qafilədən olduğundan, Anar bütün yaradıcı ömür boyu o yolu davam etdirib, bu gün də həmin yolda əvvəlki inamıyla, əvvəlki qətiyyəti ilə irəliləməkdədir.

...Hərənin bəxtinə bir ömür düşür, hansısa uzun, hansısa qısa. Ancaq ömrün uzunluğunu-qısalığını müəyyən edən başlıca cəhət heç də illərin çoxluğu, ya azlığı deyil. Əsas olan həmin ömrü dolduran hadisələr, insanlardır. Anarsa şəxsiyyətlərlə, olmuşlarla, bir-birindən munis çöhrələrlə, mübarizələrlə dolu ömür yaşayıb. Elə bir ömür ki, əslində təqvimdə olduğundan qat-qat uzun bir həyatdır.

Əli qələmli yaradıcı babalarımızın şakərlərindən biri də toplayıcılıq olub. Təzkirələr, cünglər, bəyazlar düzəldiblər və bu məcmuələrdə sevimli şeirlərini cəm ediblər. Günlərin birində Anar da həmin işə girişdi, "Min beş yüz ilin oğuz şeiri" adlı bir toplu düzəldib nəşr etdirdi. Orxon-Yenisey kitabələrindən tutmuş yeni zamanadək hər mahir qələmdən bir çiçək dərib dəstə bağladı.

Bu 1500 illik yol əslində Anarın içəri dünyasıdır. Anarın yaradıcılığının vaxt hüdudları elə bu 1500 il deməkdir. Onun duyğularında, düşüncələrində, millətimizə bağışladığı qələm bəhrələrində həmin 1500 illik yolun təcrübələri və o təcrübələrin üstünə özünün əlavə etdikləri var. Anar nə yaradıbsa, hamısı yurdun, millətin, oğuzluğun 1500 il yol müddətindəki ürək döyüntüləri ilə səs-səsədir.

Və bunun özü elə bir işarətdir ki, bu yaradıcılıq nə qədər yaşayacaq. Ömür ilahi töhfəsi olduğu kimi, ömrü dolduranlar da Tanrının insana hədiyyəsidir. Belə bir böyük sağlam bütövün ayrılmaz parçası olan irsin, yaradıcılığın və şəxsiyyətin ömrü də, əlbəttə, elə həmin bütövün ömrü qədərdir.

...Anarın yaşı nə qədərdir? Bir tərəfdən sənədlərdəkilərdən qat-qat uzun - belə bir zəngin ömür, belə bir əngin yaradıcılıq bu balaca illərin içərisinə sığmaz. Amma Anar bu gün də yazıb-yaratmaqdadır.

Bu an da onun, köhnə ifadə ilə desək, qələmindən, yeni ifadə ilə söyləsək, bilgisayar üzərində gəzən barmaqlarının ucundan yeni-yeni əsərlər pöhrələnir, təzə yazdıqlarının hər biri də ədəbi mühitimizdə tərpəniş yaradan daha bir yeniyə çevrilir. Bunca parlaq, bunca tükənməz Anarı olan xalq bəxtiyar sayılmazmı?!

15 fevral 2026

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
41
525.az

1Mənbələr