“CineMastercard”da “Qəzəlxan”ın yubileyi keçirilib
facebook sharing buttontwitter sharing buttonpinterest sharing buttonemail sharing buttonsms sharing buttonsharethis sharing button
Fevralın 17-də, CineMastercard kinoteatrında təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Professional Kinorejissorlar Gildiyası, Azərbaycan Prodüserlər Gildiyası və “Azərbaycanfilm” kinostudiyasının birgə təşkilatçılığı ilə ustad Əliağa Vahidin həyatından bəhs edən, Xalq artisti, kinorejissor Şahmar Ələkbərovun “Qəzəlxan” bədii filminin 35 illik yubileyi münasibətilə mərasim və filmin nümayişi keçirildi.
Azadmedia.az xəbər verir ki, tədbirdə filmin ssenari müəllifi və rejissoru, kinorejissor Şahmar Ələkbərovun ailə üzvləri, kinematoqrafçılar və digər ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbirin moderatoru, Avropa Kino Akademiyasının üzvü Kamran Qasımov açıq elan edərək sözü “CineMastercard” Kinoteatrlar Şəbəkəsi Müşahidə Şurasının sədri Zaur Darabzadəyə verdi. Z. Darabzadə “CineMastercard” Kinoteatrlar Şəbəkəsinin Azərbaycan mədəniyyətinə hər zaman yüksək qiymət verdiyini və sözügedən nümayişin bu baxımdan vacib olduğunu vurğuladı.
Daha sonra çıxış edən Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev “Qəzəlxan” filminin Azərbaycan kinosundakı yeri və Şahmar Ələkbərovun yaradıcılığından danışdı.
Nümayişdə iştirak edən filmin yaradıcı heyətinin üzvləri – baş rolun ifaçısı Loğman Kərimov, təsvir rejissoru Rafiq Əliyev, ikinci rejissor Elman Şeydayev, redaktor Orxan Fikrətoğlu və prodüser Azər Quliyev 35 il öncəyə boylanaraq filmin istehsalat prosesi, həmin dövrdə gedən proseslərdən danışdılar.
Çıxışlarda qeyd olundu ki, filmin çəkilişləri dövrümüzün ağrılı və ziddiyətli mərhələlərindən biri olan 20 Yanvar hadisələrinin yaşandığı günlərdə aparılırmış.
Sonda tədbirdə iştirak edən Şahmar Ələkbərov ailə üzvlərinə dərin minnətdarlıq ifadə olundu və filmin nümayişinə başlandı.