İnsan alveri ilə məşğul olan transmilli mütəşəkkil dəstənin üzvü saxlanıb.
Xezerxeber.az xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə insan alverində təqsirləndirilən 49 yaşlı Rima Gülaliyeva saxlanılıb. Aparılan araşdırmalarla onun xarici ölkələrin birində şəxsiyyəti konfidensial saxlanılan Azərbaycan vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqla insan alveri cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Rima Gülaliyeva tamah məqsədilə transmilli mütəşəkkil dəstənin xarici ölkə vətəndaşları olan üzvləri ilə cinayət əlaqəsinə girərək qadınları aldadıb dövlət sərhədindən keçirməklə başqa ölkəyə aparıb. Zərərçəkmiş şəxslər hədə-qorxu və məcburetmə yolu ilə nəzarətdə saxlanılıb, onların ümumvətəndaş pasportları götürülərək pul müqabilində cinsi istismara məruz qoyulublar.
İstintaqla həmçinin müəyyən edilib ki, Rima Gülaliyeva qadınları xarici dövlətin ərazisində ailə qurmaq adı ilə həmin ölkənin kişi vətəndaşlarına 6 və 8 min dollar satıb. Bundan sonra o, həmin qadınlara toy hədiyyəsi kimi verilən qızıl-zinət və digər dəyərli əşyaları götürərək oradan qaçmalarını tapşırıb.
Toplanmış sübutlar əsasında başlanmış cinayət işi üzrə Rima Gülaliyeva təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Transmilli mütəşəkkil dəstənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.