AZ

Ölkə başçısı tək deyil, Azərbaycan və 50 milyon azərbaycanlı ilə addımlayır!

Bu gün ölkəmizin qazandığı uğurların bəzilərinin ürəyincə olmadığını açıq şəkildə görürük. Anti-Azərbaycan dairələri və milli varlığımıza düşmən kəsilən qüvvələr qüdrətli və bütöv Azərbaycanı həzm edə bilmirlər. Onlar güclü, müstəqil siyasət yürüdən dövlət deyil, torpaqları işğal altında qalan, daxili çəkişmələr və separatizm içində zəifləyən bir Azərbaycan görmək istəyirlər. Məhz buna görə də ölkə rəhbərliyinə qarşı davamlı hücumlar təşkil edilir. Dövlətimizin başçısı qarayaxma kampaniyalarının hədəfinə çevrilir. Lakin bu cəhdlər təsadüfi deyil. Bütün bunlar Azərbaycanın güclənməsindən narahat olan qüvvələrin planlı fəaliyyətinin tərkib hissəsidir.

 

Təəssüf doğuran məqam odur ki, bəzən sapı özümüzdən olan baltalar da bu prosesdə alətə çevrilirlər. Halbuki unudurlar ki, onları himayə edən qara qüvvələrin rahatlığını pozan məhz güclü və prinsipial Azərbaycan rəhbərliyidir.

 

Əminliklə demək olar ki, aparılan qarayaxma kampaniyaları heç bir nəticə verməyəcək.

 

Ölkə rəhbərinə qarşı qaldırılan çirkli əllər və natəmiz, iyrənc aksiyalar heç vaxt məqsədinə çata bilməz. 

 

Prezident İlham Əliyevin təbliğata ehtiyacı yoxdur. O həmişə xalqın yaddaşında fenomen kimi qalacaq. Bu, həqiqətdir. Xalq üçün İlham Əliyevlə canlı və heç vaxt təhrif olunmayan  tarixdir. Bu günün real mənzərəsi odur ki, İlham Əliyev özü ölkəmizin ən böyük təbliğatçısıdır və Azərbaycanı onun kimi tərənnüm edərək ucaldan ikinci bir lider tapmaq çətindir. Ölkə başçısının müdafiəyə də ehtiyacı yoxdur. Çünki İlham Əliyevlə Azərbaycan hücumda, müdafiədə həmişə güclüdür, heç bir döyüşdə düşmənə boyun əyməyib, arxa çevirməyib və uduzmayıb. Lələtəpədən  44 günlük müharibəyə və 24 saatlıq antiterror tədbirlərinə qədər həm döyüş meydanında, həm diplomatik masalarda, həm də siyasi dialoqlarda qələbə Azərbaycanın olub.

 

Ən çətin günlərdə Prezident kimi heç yerə getməyib, ən ağır, eyni zamanda ən şərəfli və qürurverici günlərdə xalqın arasında, önündə dayanıb. Sınaq anlarında geri çəkilməyib, məsuliyyətdən yayınmayıb, taleyüklü qərarların ağırlığını öz üzərinə götürərək milli birliyin simvoluna çevrilib.İki əsrlik mürəkkəb və keşməkeşli tariximizdə İlham Əliyev liderlik, bütövlük və qətiyyət nümunəsi göstərərək yalnız proseslərin iştirakçısı olmayıb, tarixçilər üçün yeni tarix yazıb. Dövlətçilik ənənələrini möhkəmləndirərək xalqın iradəsini siyasi iradəyə çevirə bilib, ölkənin suverenliyini və milli maraqlarını qətiyyətlə təmin edib.

 

Azərbaycan tarixində ilk dəfə olaraq Vətəni qorumaq və ərazi bütövlüyünü təmin etmək yolunda nümayiş etdirilən bu nümunəvi liderlik milli yaddaşda xüsusi yer tutur. Bu liderlik siyasi qərarlarla, xalqla birgə addımlamaq, çətinliyi birlikdə bölüşmək və qələbəni birlikdə yaşamaq iradəsi ilə qazanılıb.

Ölkə başçısı milli özünüdərkin, dövlətçilik şüurunun və tarixi ədalətin bərpasının simvolu kimi sabahın tarix kitablarında qürurla xatırlanacaq bir epoxanın başlanğıcı kimi həmişə sevgi ünvanı olacaq! Ölkə başçısı tək deyil, Azərbaycan və 50 milyon azərbaycanlı ilə addımlayır! Heç bir qüvvə bu iradənin qarşısında maneə yarada bilməz. Atılan hər addım Azərbaycan uğrundadır!

Rəşad Mahmudov,

YAP İdarə Heyətinin üzvü, 

Milli Məclisin deputatı

Seçilən
1
3
ulusum.az

4Mənbələr