Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Ukrayna Prezidenti Volodimir Zelenskyy şənbə günü Milli Təhlükəsizlik və Müdafiə Şurasının yeni sanksiyalarla bağlı qərarını qüvvəyə mindirib.
"AzPolitika” bildirir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Qərara əsasən, Rusiya neft məhsullarını ixrac edən “kölgə donanması”nın 225 kapitanına qarşı məhdudiyyət tədbirləri tətbiq olunub.
Zelenski iki yeni sanksiya paketi üzrə fərman imzalayıb. Məhdudiyyətlərə aşağıdakılar daxildir:
-Ukrayna ərazisində aktivlərin bloklanması;
-Ukrayna üzərindən uçuşlara qadağa;
-Torpaq sahələrinin mülkiyyətə alınmasının yasaqlanması.
Sanksiya paketlərindən biri “kölgə donanması”nın fəaliyyəti ilə bağlıdır. Tədbirlər 11 ölkənin vətəndaşlarını əhatə edir. Onların arasında 36 Rusiya vətəndaşı ilə yanaşı Hindistan və Filippin vətəndaşları da var.
“Ukrainska Pravda” nəşrinin yazdığına görə, Ukrayna hakimiyyətinin Qara, Qırmızı və Baltik dənizlərində apardığı monitorinq nəticəsində siyahıya salınan kapitanların Rusiya “kölgə donanması”na rəhbərlik etdikləri və nefti Avropa İttifaqı, G7 və digər dövlətlərin sanksiyalarından yan keçməklə daşıdıqları müəyyən edilib.
“Kölgə donanması” termini 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı işğaldan sonra Rusiyaya qarşı tətbiq edilən neft sanksiyalarını aşmaq üçün istifadə olunan tanker şəbəkəsini ifadə edir.
İkinci sanksiya paketi 46 Rusiya vətəndaşına, 2 İran vətəndaşına və Rusiya hərbi-sənaye kompleksinə xidmət göstərən 44 şirkətə şamil edilib.
Ukrayna Prezident Ofisinin məlumatına görə, siyahıya düşən müəssisələr hərbi texnika, radioelektron mübarizə vasitələri və ehtiyat hissələrinin hazırlanması, istehsalı və təmiri ilə məşğuldur. Onların məhsulları ballistik və qanadlı raketlərin, zərbə və kəşfiyyat dronlarının, atıcı silahların və sursatların istehsalında istifadə olunur.
Bildirilib ki, iki İran vətəndaşı sanksiyalardan yayınmaqla aviasiya ehtiyat hissələrinin tədarükündə iştirak edib. Bu proses Iran Aircraft Manufacturing Industrial Company şirkətinin maraqları çərçivəsində həyata keçirilib. Sözügedən şirkət “Şahed” tipli pilotsuz uçuş aparatlarının hazırlanması və istehsalında Rusiyanın tərəfdaşı hesab olunur və artıq Ukrayna, ABŞ, İsveçrə və Yeni Zelandiya tərəfindən sanksiyalara məruz qalıb.
Beləliklə, Kiyev həm enerji ixracı kanallarını, həm də Rusiya hərbi-sənaye kompleksinin təchizat zəncirini hədəfə almağa davam edir.
“AzPolitika.info”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.