Əfsanəvi amerikalı trombon ifaçısı, bəstəkar və puertoriko mənşəli aranjimançı Villi Kolon 75 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, musiqiçinin ölümü barədə ailəsi məlumat yayıb.
Salsa musiqisinin banisinin vəfatının rəsmi səbəbi açıqlanmır.
Müxtəlif mənbələrdən məlum olub ki, Kolon ölümündən bir neçə gün əvvəl Nyu-York ştatının Bronksvill şəhərindəki Lourens xəstəxanasına təcili yerləşdirilib. "Yonkers Voice News" portalı və salsa fəalı Xuana Penyanın açıqladığı ilkin məlumatlara görə, buna səbəb tənəffüs ağırlaşmaları olub. Həmkarının səhhətindəki problemləri panamalı müğənni Ruben Blades də dolayısı ilə təsdiqləyib; o, sosial şəbəkələrdə pərəstişkarlarını keçmişdə gərgin münasibətləri olduğu Kolonun sağlığı üçün dua etməyə çağırıb. Ölüm xəbərindən sonra Blades emosional bir vida yazısı paylaşaraq onların uzun müddət davam edən düşmənçiliyinə son qoyub.