AZ

Almaniya Kansleri Çinə səfər edəcək

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Berlin, 22 fevral, AZƏRTAC

Almaniya Kansleri Fridrix Merts fevralın 24-26-da Çinə səfər edəcək.

AZƏRTAC xəbər verir ki, Kanslerin rəsmi səhifəsindən verilən məlumatda F.Mertsin səfər çərçivəsində Pekin və Hanqcou şəhərlərində olacağı bildirilib.

Fevralın 25-də Kanslerin Almaniya-Çin İqtisadi Məsləhət Komitəsinin iclasında iştirakı planlaşdırılır. Sonra Almaniya Kanslerinin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə təkbətək görüşü keçiriləcək. Danışıqlar zamanı əsasən ikitərəfli münasibətlər, eləcə də iqtisadi və təhlükəsizlik siyasəti məsələləri müzakirə ediləcək.

Fevralın 26-da Pekində Qadağan olunmuş şəhər kompleksini ziyarət edəcək Kansler “Mercedes-Benz Group” şirkətinə də baş çəkəcək. O, daha sonra Hanqcou şəhərində “Unitree Robotics” və “Siemens Energy” şirkətlərini ziyarət edəcək.

Səfər zamanı Kansleri iqtisadiyyat sahəsini təmsil edən geniş nümayəndə heyəti müşayiət edəcək.

Almaniyanın ən böyük iqtisadi tərəfdaşlarından və eyni zamanda, ən böyük rəqibi olan Çinə səfər böyük əhəmiyyət daşıyır. Çin alman şirkətləri üçün son dərəcə önəmli bazardır. Çin xarici ticarət dövriyyəsinə görə, ABŞ-la yanaşı, Almaniyanın ən mühüm ticarət tərəfdaşlarından biridir. Lakin ticarət balansında böyük kəsir mövcuddur. Alman İqtisadiyyat İnstitutunun məlumatına əsasən, ötən il Çindən idxal olunan malların dəyəri Almaniyadan bu ölkəyə ixrac edilən malların dəyərini təxminən 90 milyard avro üstələyib. Almaniya iqtisadiyyatı Çin ilə ticarətdə getdikcə artan maneələrdən şikayətlənir. Bundan başqa, Çin şirkətləri Almaniyanın əsas sənaye sahələrində ciddi rəqiblərə çevriliblər.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
3
azertag.az

4Mənbələr