AZ

Ağbaba vüqarından dövlətçilik təfəkkürünə: Hikmət Babaoğlu imzası 




Bəzən bir millətin taleyi kitabların sətirlərində, bəzən isə o sətirləri yazan və qoruyan insanların ömür yolunda gizlənir. Ağbabanın Göllü kəndində başlayan bir ömür yolu bu gün Azərbaycanın elmi və siyasi arenasında "kitab sevgisi" və "dövlətçilik təfəkkürü" ilə bütövləşib...

Məncə, bir insanın adı onun taleyinə yazılmış ən böyük proqram, ömür yolunun mayakı olur. Hikmət... Bu sözün dərinliyində sadəcə bilik deyil, həm də o biliyi həyatın süzgəcindən keçirib fəzilətə çevirmək bacarığı dayanır. Qədim dövrün böyük mütəfəkkiri Konfutsiyə görə, ömür bir yoldur və o, qət edildikcə zənginləşir. Lakin bu yolun haradan başlaması və hansı ruhla suvarılması insanın kimliyini müəyyən edən əsas amildir.


Hikmət Babaoğlunun ömür yolu Ağbabanın o vüqarlı dağlarından, Amasiyanın saflıq rəmzi olan Göllü kəndindən başlayır. Təqvim 1966-cı ilin 17 aprelini göstərəndə bu ziyalı ocağında bir nur doğuldu. Göllü kəndi sadəcə bir yaşayış məskəni deyil, Ağbabanın ən məğrur, ən strateji guşələrindən biri, adı dastanlara düşən məşhur xalq qəhrəmanı, düşmənə göz açdırmayan Qaçaq Yusifin yurdudur. Hikmət müəllim məhz bu iki mühüm qütbün – elmi ciddiyyət ilə sarsılmaz cəsarətin qovuşduğu bir mühitdə boy atdı. O dağlar ki, insanı həm sərtliyə, həm də dözümə öyrədir; o torpaqlar ki, hər daşın altında bir tarix, hər dərəsində bir dastan gizlədir. Hikmət müəllim üçün Ağbaba sadəcə doğulduğu coğrafiya deyil, həm də onun bir şəxsiyyət və ziyalı kimi yoğrulduğu mənəviyyat akademiyasıdır.


Bu şəxsiyyətin sarsılmaz təmkini və xarakterindəki bütövlüyü anlamaq üçün onun böyüdüyü mühitə — Baba müəllimin ocağına boylanmaq lazımdır. Baba müəllim təkcə bir ailə başçısı deyil, bütün Ağbaba mahalında öz ciddi nizamı, vüqarlı baxışı, təmkinli duruşu və el-oba arasındakı nüfuzu ilə tanınan adlı-sanlı bir məktəb direktoru idi. O, öz ciddiliyi və müdrikliyi ilə seçilən, sözün həqiqi mənasında o bölgənin maarif fədaisi, xarakter heykəli idi. Hikmət belə bir kişinin ailəsində dünyaya göz açmışdı. O evdə hakim olan, divarlarına qədər hopmuş bir ruh vardı: Oxumaq, biliklərə yiyələnmək, tərbiyə və ədəb-ərkan.

Həmin ocaqda kitab ən əziz qonaq, mütaliə isə gündəlik ibadət qədər zəruri idi. Baba müəllimin baxışlarındakı o müəllim ciddiyyəti Hikmət üçün ilk və ən böyük həyat dərsliyi oldu. O, təkcə atadan övladlığın qayğısını görmədi, həm də bir ustadın şagirdinə aşıladığı o böyük məsuliyyəti — xalqa və dövlətə layiqli övlad olmaq borcunu mənimsədi. Bu evdə hər şey nizamla idi; hər söhbət bir tərbiyə, hər baxış bir dərk etmə prosesi idi. Bu gün onun professor kürsüsündən dediyi söz də, parlament tribunasından ucaltdığı səs də, qələmə aldığı sətirlər də məhz o kökdən – Baba müəllimin ziyalı məsuliyyətindən, Qaçaq Yusif qeyrətindən və Ağbabanın sarsılmaz ləyaqət irsindən qidalanır.

Hikmət Babaoğlunun uşaqlığı Ağbabanın dumanlı zirvələri ilə Göllü kəndinin büllur bulaqları arasında keçən bir fəlsəfə dərsi idi. Onun üçün məktəb illəri təkcə parta arxasında oturmaq deyil, həm də təbiətin və tarixin dilini öyrənmək demək idi. O, hər səhər məktəbə gedəndə dağların vüqarını, hər axşam evə dönəndə isə Baba müəllimin ocağındakı o sarsılmaz nizamı ruhuna hopdururdu. Onun uşaqlığı "kitabların arasında böyüyən bir qəhrəmanlıq dastanı" idi; bir tərəfdə Qaçaq Yusifin igidlik sorağı, digər tərəfdə isə elmin işığı...

Gənclik illəri gələndə taleyin küləkləri onu uzaqlara, lakin amallarına daha yaxın mənzillərə apardı. 1984-1986-cı illərdə həqiqi hərbi xidmət keçən Hikmət, əsgər şinelində də o təmkinli Ağbaba duruşunu qoruyub saxladı. Onun üçün vətənə xidmət təkcə sərhəddə durmaq deyil, həm də millətin mənəvi sərhədlərini qoruyacaq bir şəxsiyyət kimi bütövləşmək idi.

Hərbi xidmətdən sonra Bakıya gələn gənc Hikmət üçün həyatın ən sərt və ən səmimi imtahanı başladı. O, paytaxtın səs-küylü zavod mühitinə daxil oldu. Bakı Soyuducular Zavodunda tornaçı, qaynaqçı və konstruktor işlədiyi illər onun xarakterinin polad kimi bərkidiyi dövr idi. "Zəhmət – istedadın cilasıdır" deyirlər. Hikmət müəllim gündüzlər dəzgah arxasında metala can verir, gecələr isə kitabların dünyasında gələcəyini inşa edirdi. O, qaynaq aparatının qığılcımlarında bir dövlət adamının iradəsini, konstruktor cizgilərində isə gələcək politoloqun analitik təfəkkürünü formalaşdırırdı. Onun üçün tornaçı dəzgahı bir məktəb, zavod sexi isə həyat akademiyası idi. Çünki o bilirdi ki, "Əsl ucalıq pillələri qaçaraq deyil, tər tökərək qalxılan zirvədir." Bu zəhmət dolu illər ona insanı tanımaq, cəmiyyətin nəbzini tutmaq və əməyin müqəddəsliyini dərk etmək imkanı verdi. Hikmət Babaoğlu zavod sexlərindən Politologiya fakültəsinin auditoriyalarına adlayarkən, artıq ruhunda həm fəhlə səmimiyyəti, həm də alim uzaqgörənliyi daşıyırdı.


Həyatın zəhmət süzgəcindən keçən Hikmət Babaoğlu üçün 90-cı illərin əvvəlləri təkcə yeni bir dövrün deyil, həm də böyük bir missiyanın başlanğıcı idi. "Qələm – ruhun dilidir" deyirlər; Hikmət müəllimin ruhu isə doğma yurdun dərdi, millətin gələcəyi və dövlətçilik eşqi ilə döyünürdü. Onun 1993-cü ildə "Çinar" qəzetində başlayan jurnalist fəaliyyəti, əslində bir ziyalının ictimai arenaya "mən buradayam" hayqırışı idi.

Lakin onun taleyinin əsas dönüş nöqtəsi müasir Azərbaycanın xilaskarı Heydər Əliyev ideyaları ilə bütövləşməsi oldu. 1995-1999-cu illərdə Yeni Azərbaycan Partiyasının mərkəzi aparatında çalışdığı illər onun bir siyasətçi kimi bişdiyi, dövlət maraqlarını hər şeydən uca tutmağı öyrəndiyi böyük bir məktəb idi. O, partiyanın ilk qurultaylarından etibarən bu mənəvi-siyasi hərəkatın ön sıralarında dayandı. Hikmət müəllim üçün siyasət sadəcə idarəçilik deyil, həm də xalqın arzularını reallığa çevirmək sənəti idi.

2008-ci ildə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru vəzifəsinə gəlişi ilə Azərbaycan mətbuatında yeni bir səhifə açıldı. "Qəzet – millətin gündəlik tarixidir" fəlsəfəsinə sadiq qalan Hikmət Babaoğlu, qələmi silahdaşa, qəzeti isə ideoloji qalaya çevirdi. Onun rəhbərliyi altında qəzet təkcə xəbər mənbəyi deyil, həm də milli maraqların müdafiə olunduğu strateji bir mərkəzə çevrildi. O, baş redaktor kürsüsündə əyləşərkən də o "Ağbaba kəsərini" unutmadı; hər məqaləsi bir manifest, hər analitik təhlili isə düşmənə və anti-Azərbaycan dairələrə endirilən məntiq zərbəsi idi. Onun publisistikasında bir incəlik vardı: o, mürəkkəbi qəlbinin qanı ilə qarışdırıb yazırdı. Hikmət müəllim sübut etdi ki, "Həqiqət sükutu sevmir, o, cəsarətli səslərin çiyinlərində ucalır." Uzun illər mətbuatın ön cəbhəsində duraraq Azərbaycan həqiqətlərini, xüsusilə də Qərbi Azərbaycanın – doğma Ağbabanın ağrılarını dünya informasiya məkanına daşıdı. O, "Yeni Azərbaycan"ı sadəcə bir partiya nəşri deyil, həm də gənc jurnalistlər üçün bir "ədəb-ərkan və peşəkarlıq məktəbi" etdi. Bu gün onun rəhbərliyi ilə yetişən onlarla qələm sahibi Azərbaycan mətbuatında sözün şərəfini qoruyur.



Hikmət Babaoğlunun ömür yolunda elm, sadəcə bir karyera pilləsi deyil, ruhun qaranlıqdan işığa doğru etdiyi müqəddəs bir hicrətdir. O, elmin dolanbaclı yollarına qədəm qoyanda yaxşı bilirdi ki, "Həqiqət – zamanın qızıdır" və ona çatmaq üçün tarixin dərin qatlarına enmək, yaddaşın tozulu silmək lazımdır. Siyasi elmlər doktoru və professor zirvəsinə ucalan bu Ağbaba oğlu, Azərbaycanda insan hüquq və azadlıqlarını politoloji müstəvidə kompleks şəkildə araşdıran ilk tədqiqatçı kimi, milli elmimizdə yeni bir cığır açdı.

Onun təfəkküründə keçmişlə gələcək bir-birinə elə bağlanıb ki, bu vəhdəti görməmək mümkün deyil. Tarixə ekskurs edərək kağızın Avropaya gəlişini, insanların bilgini qorumaq üçün dəri üzərinə yazdıqları o fədakar dövrləri xatırladan professor, əslində bizə bir həqiqəti pıçıldayır: "Bilgi – millətin ən etibarlı sığınacağıdır." Onun elmi dövriyyəyə gətirdiyi "İnfoimperializm" termini, müasir dünyanın görünməz zəncirlərini ifşa edən bir fəlsəfədir. Hikmət müəllim sübut etdi ki, informasiya əsrində torpağı qorumaq üçün əvvəlcə zehni qorumaq, yad təsirlərin "mədəni imperiya"sına qarşı milli ruhla silahlanmaq lazımdır.

Onun üçün "Kitab – emosional yaddaşın qibləgahıdır." Gənclərə üzünü tutub: "Kitab insanın ruhunda iz qoyur, ona enerji və duyğu bəxş edir" deyəndə, o, əslində minilliklərin sınağından keçmiş bir həqiqəti – sözün ölməzliyini tərənnüm edirdi. Professorun qələmindən çıxan "Qara Duman" və "Türk tarixi və mifoloji dünyagörüşündə atlar" əsərləri sadəcə elmi araşdırma deyil, bizim milli-genetik kodlarımıza edilən bədii bir səyahətdir. O, tarixin tozlu rəflərindən çıxardığı həqiqətləri müasir politologiyanın dili ilə elə bir bəlağətlə izah edir ki, oxucu özünü həm qədim türk qurultayında, həm də XXI əsrin geopolitik arenasında hiss edir. Hikmət Babaoğlu üçün kitab – sevgidir. Bu elə bir sevgidir ki, onun kökü Ağbabanın daş yaddaşına, budaqları isə gələcəyin işıqlı sabahlarına uzanır. O, sübut edir ki, "Əsl alim – öyrəndiklərini ləyaqətə çevirə bilən insandır." Bakı Dövlət Universitetinin auditoriyalarında mühazirə oxuyarkən o, tələbələrinə təkcə nəzəriyyələri deyil, həm də kitabın vərəqlərindən süzülüb gələn o müqəddəs enerjini – vətənə və elmə olan sonsuz ehtiramı aşılayır.



Hikmət Babaoğlu üçün millət vəkilliyi heç vaxt imtiyaz və ya yüksək kürsü mənsubiyyəti olmayıb. O, bu uca vəzifəyə hər zaman "Millətin əfəndisi deyil, onun sadiq xidmətçisi olmaq" düsturu ilə yanaşıb. Onun üçün parlament zalı bir imtahan meydanıdır – xalqın etimadını hər gün, hər çıxışında və hər qərarında yenidən qazanmaq imtahanı. O, yaxşı bilir ki, xalqın dərdi ilə nəfəs almayan, onun ruhunu duymayan siyasətçi millət vəkili deyil, sadəcə səs sahibidir. Hikmət müəllim isə o səsi vicdanın və ləyaqətin süzgəcindən keçirərək ucaldanlardandır. Onun bir şəxsiyyət və ziyalı kimi bütövlüyü, elmi və ictimai fəaliyyəti ölkəmizin ən nüfuzlu elm və ictimai xadimləri tərəfindən də hər zaman yüksək qiymətləndirilib.

Akademik Qərib Məmmədov onun haqqında danışarkən, Hikmət müəllimin həm bir alim, həm də bir dövlət adamı kimi səmimiyyətini xüsusi vurğulayır. Akademik qeyd edir ki, Hikmət Babaoğlu elmi mühitdə olan ciddiyyəti siyasətə, siyasətdəki çevikliyi isə elmə elə bir ustalıqla gətirib ki, bu vəhdət onun simasında əsl ziyalı portretini tamamlayır.

Akademik Abel Məhərrəmov Hikmət müəllimi müasir Azərbaycan elminin və publisistikasının ən parlaq simalarından biri kimi xarakterizə edir. O, Hikmət müəllimin Bakı Dövlət Universitetindəki fəaliyyətini yüksək dəyərləndirərək, onun gənc nəslə təkcə bilik deyil, həm də sarsılmaz bir dövlətçilik təfəkkürü aşıladığını bildirir.

Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli üçün Hikmət Babaoğlu sadəcə bir həmkar deyil, həm də doğma yurd yerlərimizin – ulu Ağbabanın hər qarışına ürəyi yanan bir dava adamıdır. Əziz müəllim vurğulayır ki, Hikmət müəllimin Qərbi Azərbaycan həqiqətlərini beynəlxalq müstəvidə müdafiə etməsi, onun Toponimiya komissiyasındakı fəaliyyəti milli yaddaşımızın bərpası yolunda böyük bir missiyadır.

Millət vəkili Tənzilə Rüstəmxanlı isə Hikmət Babaoğlunu sarsılmaz əqidə və sözün bütövlüyü rəmzi kimi görür. Tənzilə xanım qeyd edir ki, Hikmət müəllimin parlamentdəki çıxışları hər zaman milli maraqlara söykənir; o, haqqın tərəfində durmağı bacaran, sözü ilə əməli bir olan nadir siyasətçilərimizdəndir. Onun hər bir kəlamında Türk dünyasına olan sevgi və Ağbaba vüqarı hiss olunur.

Bu uca rəylər bir daha sübut edir ki, Hikmət Babaoğlu təkcə bir bölgənin deyil, bütöv Azərbaycanın ləyaqətli elçisidir. O, beynəlxalq kürsülərdə erməni saxtakarlığını ifşa edəndə, əslində Qaçaq Yusifin dağlardakı nərəsini müasir siyasətin analitik dili ilə əvəz edir. "Haqqın səsi uca olanda, batil sükut etməyə məhkumdur" fəlsəfəsi onun deputat ömrünün ana xəttidir. O, xalqın qarşısında bir xidmətçi təvazökarlığı, düşmən qarşısında isə bir dağ vüqarı ilə dayanan müasir dövrün ziyalı qəhrəmanıdır.

Hikmət Babaoğlunun ömür yolunun ən ali və məsuliyyətli duraqlarından biri, şübhəsiz ki, Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini kimi daşıdığı tarixi missiyadır. Bu fəaliyyət onun üçün sadəcə bir vəzifə deyil, ruhunda daşıdığı Ağbaba həsrətinin qovuşduğu müqəddəs bir "Qayıdış" hərəkatıdır. Hikmət müəllim bu uca amal uğrunda fəaliyyət göstərərkən doğma yurda olan sonsuz məhəbbətini siyasi-strateji bir gücə çevirir; o, hər bir beynəlxalq platformada, hər bir elmi-siyasi təhlilində Amasiyanın, Göllü kəndinin və bütövlükdə Qərbi Azərbaycanın haqq səsini dünyaya çatdıran sarsılmaz bir iradədir. Onun icmadakı fəaliyyətinin əsas qayəsini tarixi yaddaşın bərpası, yurd yerlərimizin saxtalaşdırılmış toponimlərinin qorunması və soydaşlarımızın dinc, ləyaqətli şəkildə öz əzəli torpaqlarına qayıtmaq hüququnun təmini təşkil edir. Bu fəaliyyətin hər bir cizgisində o "Ağbaba ruhu" – dağların vüqarı, Qaçaq Yusifin cəsarəti və bir millət fədaisinin sarsılmaz inamı duyulur. Hikmət Babaoğlu üçün Qərbi Azərbaycan İcması, nəhayəti o mübarək Vətən torpağına aparan böyük bir ideoloji körpüdür və o, bu körpünü öz intellekti, əqidəsi və yurd sevgisi ilə hər gün bir az daha möhkəmləndirir.


Bu, sadəcə bir bioqrafiyanın sonu deyil, bir ucalıq dastanının davamıdır. Hikmət Babaoğlu imzası bu gün Azərbaycanın elmi və siyasi üfüqlərində bütövlüyün, əqidənin və sarsılmaz iradənin simvolu kimi parlayır. Lakin bu uca portreti tamamlayan, ona əsl ruh verən ən müqəddəs ştrix – onun öz köklərinə, o uca müəllim nəfəsinə olan sönməz bağlılığıdır.

Taleyin bizə bəxş etdiyi ən gözəl pay odur ki, Hikmət Babaoğlu ilə biz eyni mənəviyyat bulağından su içmişik; biz eyni məktəbin – Qaranamaz kənd orta məktəbinin məzunlarıyıq. O, məndən beş yaş kiçik olsa da, biz eyni tozlu yolları eyni böyük amallarla addımlamışıq. Ruhumuz eyni müəllimlərin işığında boy atıb, xarakterimiz eyni sarsılmaz prinsiplərlə yoğrulub.

Ələkbər Ələkbərovun müdrikliyi, Teymur Məmmədovun elmi, Səmayə Məmmədovanın ana qayğısı, Telman Məmmədov və Qəzənfər Kərimovun fədakarlığı gənc Hikmətin təfəkküründə sönməz bir məşələ çevrilib. Bizim hər ikimizin içində II Cahan savaşının qəhrəmanı, ucaboylu, ciddi görkəmi və qartal baxışları ilə xatirələrimizə həkk olunan məktəb direktorumuz Ələkbər müəllimin dik duruşu yaşayır. O iti baxışlar, o hərbi intizam bu gün Hikmət Babaoğlunun həm alim kəsərində, həm də dövlət adamı qətiyyətində əks olunur.

Hikmət Babaoğlu indi bir millətin tribunası, bir elin fəxarətidir. Lakin o, harada olursa-olsun, hansı uca kürsüdən danışırsa-danışsın, ruhu hələ də o Qaranamaz məktəbinin dəhlizlərində, Göllü dağlarının zirvəsindədir. O, təkcə bir ailənin övladı, təkcə bir partiyanın siması deyil; o, Ağbabanın daş yaddaşından süzülüb gələn, zəhmətlə yoğrulan və zəka ilə ucalan bütöv bir xalqın "Hikmət"idir!


Göllüdən başlayan o nur indi bütöv bir Vətəni aydınladır. Yolun açıq, nurun daim olsun, ey uca yurdun ləyaqətli oğlu!
Və nəhayət:

Bizim o yollarda ayaq izimiz,
Ruhumuz o dağda, daşda qalıbdır...

Hikmət Babaoğlu – Göllünün yamyaşıl çəmənlərindən Ziyarət dağının müqəddəs ocağından gəlib Azərbaycanın taleyinə “Hikmət” yazan, ruhu hələ də Göllü dumanında pənah gəzən, ucaldıqca torpağına əyilən Vətən bütövlüyüdür!

Şəmsi Qoca




Seçilən
152
aia.az

1Mənbələr