AZ

Dominantlıq var, nəticə yoxdur: Barselona nın görünməyən problemi

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Cəmi bir ay əvvəl hər şey başqa cür görünürdü. "Barselona" oyunlarında tempi diktə edir, nəzarəti əlində saxlayır, nəticələri göz oxşayır və bütün bunların yekununda özünü zirvədə rahat hiss edirdi. İndi isə tablo fərqlidir: əvvəlcə çempionatda "Real Sosyedad" səfərində məğlubiyyət, ardından İspaniya Kubokunda "Atletiko Madrid" qarşısında 0:4-lük ağır zərbə, son olaraq isə "Jirona" yenilgisi ilə La Liqada liderlik "Real Madrid"ə təhvil verildi. Beləliklə, artıq mənzərə tamamilə dəyişib. Kataloniya təmsilçisinin kubok perspektivi möcüzəyə bağlıdırsa, çempionatda da işlərin yolunda getmədiyini deməyə əsas var. Bunlar artıq təsadüfi itkilər yox, kompleks problemlərin göstəricisi hesab edilməlidir.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Effektivliyin yoxa çıxması

Statistikaya baxanda "Barselona"nın oyunu çökmüş kimi görünmür. Topa nəzarət, epizodlar var, gözlənilən qol göstəricisi çox vaxt rəqibdən yüksəkdir. Lakin bu, nəticəyə sirayət etmir. "Barselona" dominantlığını saxlasa da, nəticə üçün ən əhəmiyyətli məqam hesab edilən effektivlikdə axsamağa başlayıb. "Jirona" ilə oyunda da bu, açıq göründü. Oyunun əvvəlində çoxsaylı şanslar, penalti epizodu, sürətli hücumlar bir-birini əvəzləsə də, bitirici toxunuş çatmadı.

"Barsa" tarixən oyunu yarımmüdafiədəki üstünlüyü ilə qazanıb. Komandanın orta xətti, adətən, oyunun gedişinə istiqamət verməyi bacarıb. Amma son oyunlarda bu mexanizm işləmir. Məsələ ondadır ki, yarımmüdafiədə dinamika yoxdur. Ötürmələr daha çox yanlara doğrudur, bu isə kəskinliyi azaldır. Sıx və nizamlı müdafiə olunan rəqiblər bu aşağı tempə qarşı lazımi həll yollarını tapmağı bacarırlar.

Ən böyük problem müdafiəyə keçiddədir

"Barselona" Hansi Flikin rəhbərliyi altında müdafiə xəttinin qurulması ilə bağlı yeniliklər təklif edir. Bunlardan başlıcası arxa xətt oyunçularının çox öndə qərarlaşmasıdır. Komanda belə taktika ilə rəqib hücumçuları oyundankənar vəziyyətə salmağı hədəfləyir. Xüsusilə ötən mövsüm bu taktika işləyirdi. Hazırkı çempionatın da qışa qədər olan hissəsində "Barsa" müdafiədə ciddi çətinliklərlə üzləşmirdi. Lakin get-gedə rəqiblərin bu taktikaya "antivirus" tapması ilə vəziyyət dəyişib. Son zamanlar "Barselona" rəqiblərinə həddən artıq çox epizod verir. Qapıçı Joan Qarsiyanın performansının qabarması da məhz bunun nəticəsidir.

Komandanın ən böyük problemi müdafiəyə keçid mərhələsindədir. Top itirilən anda struktur pozulur. Orta xətlə müdafiə arasında məsafə böyüyür. Rəqib əks-hücum üçün koridor tapır. Xüsusilə, "Atletiko Madrid"ə qarşı oyunda problem qabarıq hiss olunurdu. 0:4 hesabı təsadüf deyildi. Müdafiə-hücum balansının pozulması, gecikmiş reaksiya ssenarisi yekunda acınacaqlı məğlubiyyətə səbəb oldu. Müasir futbolda keçid oyunu əsasdır. "Barselona" topa sahib olanda hər nə qədər estetik görünsə də, topsuz qalanda bir o qədər kövrəkdir.

Laporta postunda qalacaq?

Meydanda baş verənlərlə yanaşı, klubun rəhbərliyində də müəyyən dəyişikliklər yaşanıb. Katalonların prezidenti Joan Laporta bir müddət əvvəl postundan istefa verdi. Bu, klubun Nizamnaməsinə görə gələcək prezident seçkilərində yenidən iştirak etmək üçün prosedurdur. O, bu məqamda müvəqqəti rəhbərlik rolunu klubun vitse-prezidenti Rafa Yusteyə həvalə edib və martın 15-i üçün prezident seçkiləri artıq rəsmiləşib.

Bu qərar yalnız formaldır - ancaq faktiki olaraq klubun nəzarəti müvəqqəti idarə heyətinə keçib və Laporta idarəçilikdə birbaşa iştirak etmir. Aydın məsələdir ki, bu proses komandanın əhval-ruhiyyəsinə təsir göstərə bilər.

Flikin qalmaq üçün şərti var

Baş məşqçi Hansi Flikin "Barselona" ilə 2027-ci ilin yayına qədər qüvvədə olan müqaviləsi var. Klub rəhbərliyi sözləşməni artırmaq niyyətindədir. Lakin almaniyalı çalışdırıcı uzunmüddətli müqavilələrə üstünlük vermədiyini və mövsümün sonuna qədər gələcəyə dair bütün müzakirələri təxirə salmaq istədiyini bildirib. Ən maraqlı məqam budur ki, Flik özünü Laporta layihəsinin bir hissəsi olaraq görür. O, klubda qalmaq niyyətindədir. Lakin şərti var: Laporta yenidən prezident seçilməlidir. Başqa bir namizəd qalib gələrsə, Flik klubdan ayrılmağı düşünə bilər.

Katalonlar çalxantılı dövrdən keçirlər

Ümumilikdə, həm meydanda, həm klub ətrafında kifayət qədər ciddi hadisələr baş verir və katalonlar çalxantılı dövrdən keçirlər. "Barselona"nın liderliyi "Real Madrid"ə verməsi sadəcə uzun marafonda psixoloji üstünlüyün əldən çıxmasıdır. Çempionluq yarışında təqibedən olmaq başqa, təqibolunan olmaq başqa məsuliyyətdir. İndi təzyiq ikiqatdır, komanda həm xal qazanmaq, həm də özünə inamı bərpa etmək barədə düşünməlidir.

Hələlik enişi böhran hesab etmək olmaz. Çünki mövsümün sonuna kifayət qədər vaxt var, vəziyyəti dəyişmək mümkünsüz deyil. Qarşıda iki mümkün ssenari var: ya komandada bu məğlubiyyətlər keçid mərhələsi kimi sistemin yenidən dirçəlməsinə səbəb olacaq, ya da klubda psixoloji dalğalanma olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
oxu.az

1Mənbələr