AZ

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya kuboku başa çatdı - FOTO

21 və 22 fevral tarixlərində Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya kuboku uğurla keçirilib. İki gün davam edən mötəbər yarışda 6 ölkədən ümumilikdə 66 gimnast iştirak edib.

Azərbaycan Gimnastika Federasiyasından Milli.Az-a verilən məlumata görə, batut gimnastikası üzrə idmançılar fərdi (qadınlar və kişilər), sinxron (qadınlar və kişilər) və qarışıq sinxron proqramlarda qüvvələrini sınayıblar. Yarışın ilk günündə təsnifat mərhələsi, ikinci günündə isə final çıxışları baş tutub. Final günündə arenada coşqu daha da artıb, xüsusilə Azərbaycan gimnastlarının çıxışları tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Azərbaycanı batut gimnastikası üzrə Maqsud Mahsudov, Hüseyn Abbasov, Fərhad Vəliyev, Nicat Mirzəyev, Selcan Mahsudova, Şəfiqə Hümbətova, İbrahim Mustafazadə və Ayan Şabanova, tamblinq üzrə isə Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanov təmsil ediblər.

Təsnifat mərhələsinin nəticələrinə əsasən, batut gimnastikası üzrə fərdi proqramda Selcan Mahsudova və Maqsud Mahsudov, qarışıq sinxron proqramda Maqsud Mahsudov - Selcan Mahsudova cütlüyü, sinxron qadınlar proqramında Selcan Mahsudova - Şəfiqə Hümbətova, sinxron kişilər proqramında isə Maqsud Mahsudov - Hüseyn Abbasov cütlüyü final mərhələsinə vəsiqə qazanıb.

Tamblinq üzrə Tofiq Əliyev və Mixail Malkin də uğurlu çıxışları ilə finala yüksəliblər.

Final mərhələsinin nəticələrinə əsasən, ölkəmiz Dünya kubokunu ümumilikdə 6 medalla başa vurub. Batut gimnastikası üzrə fərdi proqramda Selcan Mahsudova gümüş medal qazanıb. Qarışıq sinxron proqramda Maqsud Mahsudov - Selcan Mahsudova cütlüyü qızıl medalın sahibi olub. Qadınların sinxron proqramında Selcan Mahsudova - Şəfiqə Hümbətova cütlüyü bürünc medal əldə edib. Kişilərin sinxron proqramında isə Hüseyn Abbasov - Maqsud Mahsudov cütlüyü bürünc medala layiq görülüb.

Tamblinq yarışlarında kürsünün ilk iki pilləsində Azərbaycan gimnastları yer alıb. Mixail Malkin qızıl, Tofiq Əliyev isə gümüş medal qazanaraq tamaşaçıları sevindiriblər. Onların çıxışları zamanı arenada alqış sədaları səngiməyib.

Həmçinin təsnifat mərhələsində ən yüksək icra xalı toplayan idmançılara AGF Trophy kuboku təqdim edilib. Tamblinq üzrə gimnastımız Mixail Malkin kişilər arasında AGF Trophy kubokunun qalibi olub.

Qeyd edək ki, yarış günləri ərzində arenaya toplaşan gimnastika həvəskarları idmançılarla görüşmək və xatirə şəkilləri çəkdirmək imkanı da əldə ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
1
8
milli.az

9Mənbələr