AZ

ABŞ-də uğur qazanmış rəssam Vüqar Quliyev Bakıda fərdi sərgi keçirib

Bakıda azərbaycanlı-amerikalı rəssam Vüqar Quliyevin "Dönüş nöqtəsi" adlı fərdi sərgisinin açılışı baş tutub.

Aznews.az xəbər verir ki, sərgi "Nine Senses" incəsənət mərkəzində keçirilib.

Sərginin kuratoru Sofiya Frank qeyd edib ki, son illər narahatlıq və sarsıntılar dövrü olub, dünya münaqişələr dalğası ilə üz-üzə qalıb – Qarabağdan Ukraynaya, Qəzza zolağından Kəşmirə, Kosovodan Tayvana qədər. Üçüncü Dünya müharibəsi ifadəsi getdikcə daha çox səslənir və müharibə yenidən insan talelərini müəyyən edən əsas amilə çevrilir:

"Мüharibə yaşamış insanlar artıq heç vaxt əvvəlki kimi olmurlar. Hər kəsin həyatında dönüş nöqtəsi yaranır – elə bir an ki, ondan sonra keçmişə qayıtmaq mümkün deyil. Bu nöqtə itki ola bilər – evin, yaxın insanın, insanlığa inamın itirilməsi. Amma bu həm də qazanc ola bilər – yeni hisslər, münasibətlər, dərk etmələr. Müharibə insan təcrübəsinin ən ekstremal forması kimi həm cəhənnəmi, həm də ilahi duyğuları üzə çıxarır. Kritik anda biz insanlıq adlandırdığımız anlayışı tanıya bilirik – saf, müqəddəs və dəyərli".

Rəssam Vüqar Quliyev zaman keçdikcə hadisələrin qavranılmasının necə dəyişdiyini, xatirələrin şəraitin, ideologiyaların və şəxsi yaşantıların təzyiqi altında necə transformasiya olunduğunu araşdırır. Sərgidə təqdim olunan hər bir əsər yaddaşda dirçəldilən, yenidən düşünülən, lakin unudulmayan vizuallaşdırılmış dönüş nöqtəsidir.

Çoxqatlı texnika, rəng kontrastı və nöqtələrin ritmi vasitəsilə Quliyev xatirələrimizdə zamanın izini təsvir edir. Onun əsərləri həm xronika, həm də düşüncədir. Bu işlərdə itki ağrısı ilə yanaşı, işığın əksi, içimizdəki müqəddəsin təzahürü də var.

Seçilən
1
2
aznews.az

4Mənbələr