Omanın xarici işlər nazirinin açıqlamasından sonra İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ nümayəndə heyəti ilə nüvə məsələsi üzrə danışıqların cümə axşamı Cenevrədə keçirilə biləcəyini bildirib. O qeyd edib ki, bu, diplomatik həll üçün yaxşı imkan hesab oluna bilər.
Editor.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi CBS telekanalına açıqlamasında Vaşinqton və Tehran arasında davam edən nüvə danışıqlarına dair fikirlərini bölüşüb.
Əraqçi ABŞ tərəfinə təqdim olunacaq təklif üzərində hələ də işlədiklərini vurğulayaraq bildirib ki, sənəd hər iki tərəfin narahatlıqlarını əhatə edəcək formada hazırlanır. Onun sözlərinə görə, görüşün böyük ehtimalla cümə axşamı keçirilməsi gözlənilir.
Nazir ABŞ Prezidenti Donald Trampın mümkün hərbi hazırlığı ilə bağlı suala cavabında deyib:
“Əgər onlar dinc nüvə proqramı ilə bağlı həll yolu tapmaq istəyirlərsə, bunun yeganə yolu diplomatiyadır. Biz bunu keçmişdə sübut etmişik və hələ də qarşılıqlı fayda prinsipinə əsaslanan diplomatik həllin mümkünlüyünə inanırıq. Həll yolu əlçatandır”.
Əraqçi əlavə edib ki, hər hansı hərbi qüvvə cəmləşdirilməsinə ehtiyac yoxdur və regiona hərbi yığınak prosesə müsbət təsir göstərməyəcək, eyni zamanda, İrana təzyiq vasitəsi olmayacaq.
İranın ABŞ-yə təqdim edəcəyi təklifin ölkənin ali rəhbəri Ayətullah Əli Xamenei tərəfindən imzalanıb-imzalanmayacağına dair suala birbaşa cavab verməyən nazir bildirib:
“Eyni zamanda danışıqları davam etdiririk, razılaşmanın elementləri və mətn layihəsi üzərində işləyirik. Ora çatdıqda bu layihələr ətrafında müzakirə aparmağa hazır olacağımıza ümid edirəm”.
“Hazırda yalnız nüvə məsələsi üzrə danışıqlar aparılır, başqa heç bir mövzu gündəmdə deyil”, – deyə Əraqçi vurğulayıb. O, həmçinin İranın beynəlxalq razılaşmalara uyğun olaraq, zənginləşdirmə də daxil olmaqla, dinc məqsədli nüvə enerjisindən istifadə hüququna malik olduğunu qeyd edib.
Nazir sonda bildirib: “Əgər ABŞ bizə hücum edərsə, özümüzü müdafiə etmək hüququmuz var. ABŞ-ın hücumu təcavüz aktı sayılacaq. Bizim cavab addımlarımız isə özünümüdafiə xarakteri daşıyacaq və bu, hüquqi və legitimdir”.
//Gülnarə Abasova, Editor.az