AZ

Trampı qorxudan ssenari - Şərh

Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Donald Trampın Çinə səfəri gözlənilir. Şübhəsiz ki, Rusiya-Ukrayna müharibəsi, eləcə də ABŞ-ın İrana hərbi müdaxilə təhdidi fonunda Çinin mövqeyi təkcə iqtisadi baxımdan deyil, siyasi-hərbi baxımdan da nəticəyə təsir edən amil kimi dəyərləndirilir. Proseslər hansı xətt üzrə inkişaf edir və ABŞ prezidentini narahat edən nədir?

Bu istiqamətdə Hafta.az-a şərh verən siyasi şərhçi Vüqar Dadaşov qlobal durumu təhlil edib.

V. Dadaşov qeyd edib ki, ABŞ İrana şərtlərini qəbul etdirmək üçün hərbi təhdidlərdən istifadə edir, lakin onu narahat edən əsas məsələ İran, Çin və Rusiyanın birgə hərbi təlimlərinin verdiyi mesajdır. Üçtərəfli təlimlər açıq şəkildə ABŞ-a “İran tək deyil və onun müqaviməti daha tutarlı olacaq” mesajı verən hərbi-siyasi xəbərdarlıqdır.

“Ona görə də Çinin İrana hərbi dəstəyi həmin reaksiyanın mümkünlüyünə işarədir. Əgər Çin açıq şəkildə ABŞ-a qarşı gedirsə, demək, kartlar açıq oynanılır. ABŞ-ın İrana hücumla bağlı tərəddüdü də buna əsaslanır. Ancaq ABŞ-ın bu miqyaslı hazırlıqdan sonra İrana hücumdan çəkinəcəyi o qədər də inandırıcı görünmür. Hücumun gecikdirilməsinin həm də ABŞ və İsrailin hazırlıqlarını tamamlaması ilə bağlı olduğu ehtimal edilir. ABŞ İranın ali dini lideri Xameneini və onun siyasi varisi, oğlu Müctəbanı zərərsizləşdirmək niyyətindədir. Bu plan baş tutarsa, İrana qarşı genişmiqyaslı və uzunmüddətli hərbi əməliyyatların keçirilməsinə ehtiyac qalmaya bilər. Dünəndən etibarən Tehranda da partlayış səsləri eşidilir. Əslində, ABŞ-ın İranla bağlı həyata keçirmək istədiyi plan Çini enerji daşıyıcıları ilə təmin edən əsas üç ölkəni özünə tabe etdirmək strategiyasının ikinci mərhələsidir. Məqsəd Çini təchiz edən Venesuela, İran və Rusiyanın neft-qaz sektorunu məhdudlaşdırmaqdır. Venesuela artıq tabe edilib, növbə İranındır, Rusiya isə üçüncü mərhələdir”, – ekspert bildirib.

V. Dadaşovun fikrincə, Böyük Britaniyanın baş naziri Keir Starmerin Çinə səfərindən sonra Münxendə Ukrayna və Çin nümayəndə heyətlərinin görüşməsi, eləcə də Çin-Avropa yaxınlaşması istiqamətində atılan praktik addımlar ABŞ və Rusiya üçün müəyyən risklər yaradır. Onun fikrincə, Trampın Çin səfəri artıq zərurətdən irəli gəlir. Lakin ABŞ-ın Çinə təqdim edəcəyi təklif maraqlı və cəlbedici olmaya bilər:

“Düşünürəm ki, prezident Trampın Çinə səfəri formal görüşlərdən başqa ciddi nəticə verməyəcək. Bu görüşdə iqtisadi razılaşmalar əldə olunsa belə, onlar müvəqqəti xarakter daşıyacaq. Avropa ABŞ-dan fərqli olaraq Ukraynaya maliyyə dəstəyini davam etdirir. Hərçənd, Trampın hakimiyyətə gəlişindən sonra Avropa, ümumilikdə isə Qərb Ukraynaya hərbi yardımını 40 faizə qədər azaldıb. Lakin artıq Ukrayna öz gücü və hərbi potensialı çərçivəsində Rusiyaya qarşı mübarizəsini davam etdirə bilər. Ukrayna prezidenti Volodymyr Zelenskyy bəyan edib ki, Ukrayna ərazilərinin suverenliyi güzəşt mövzusu ola bilməz. Jens Stoltenberg də açıqlamasında Ukraynaya vaxtında hərbi dəstək verilməməsini səhv adlandıraraq, 2014-cü ildən etibarən Rusiyanın qarşısını almağın mümkün olduğunu bildirib. Donald Trampın Çinə gözlənilən səfəri əsasən Rusiya, İran və Avropa ilə bağlı məsələlər fonunda özünü daha qabarıq göstərir. Çinin hazırkı enerji təchizatçıları ilə bağlı ABŞ-ın niyyəti də gizli deyil. Alternativ olaraq ABŞ Çinə Venesuela və öz neftini təklif edə bilər. Həmçinin, İranla aparılan gizli danışıqlar nəticəsində İran neftinin ABŞ şirkətlərinin nəzarətinə keçməsi halında, Vaşinqton Çinin İran nefti ilə təchizatını da öz üzərinə götürə bilər. İnandırıcı görünməsə də, belə bir ehtimal var ki, Böyük Britaniya Çinə elə bir təklif irəli sürə bilər ki, Çin bundan imtina etməz. RAND Corporation kimi analitik mərkəzlərin təqdim etdiyi strateji ssenarilərə görə, Rusiyanın parçalanması ehtimalında Çin “tarixi torpaqları”nı və təbii ehtiyatlarını əldə edə bilər. Düşünürəm ki, bütün hallarda Böyük Britaniya ilə Çin arasında sövdələşmə ABŞ–Çin razılaşmasından daha real görünür. Artıq Donald Tramp ABŞ-ın daimi müttəfiqi olan Britaniyanı özünə rəqibə çevirib. Hətta Trampın postundan getməsindən sonra Qərbin ABŞ-a diplomatik etimadının bərpası mümkün olsa da, strateji xarakterli münasibətlərin əvvəlki səviyyəyə qayıdacağı şübhəli qalacaq”.

Tahirə Qafarlı

Seçilən
8
1
hafta.az

2Mənbələr