Meksikada narkokartel müharibəsi: Atışma səbəbindən futbol matçı yarımçıq qalıb
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Meksikada azarkeşlərin və idmançıların həyatına yaranan ciddi təhlükə səbəbindən qadınlar arasında keçirilən ölkə çempionatının “Nekaksa” və “Keretaro” komandaları arasındakı oyunu dayandırılıb.
Stadionun yaxınlığında güclü partlayış və atışma səsləri eşidilib.
Hadisələrin Meksika hərbçilərinin “Xalisko Yeni Nəsil” (CJNG) narkokartelinin lideri, “El Menço” ləqəbi ilə tanınan cinayətkarın zərərsizləşdirilməsi əməliyyatından sonra başladığı bildirilir.
Kartel rəhbərinin öldürülməsindən sonra qruplaşma üzvləri təhlükəsizlik qüvvələrinə qarşı müharibə elan ediblər.
Hazırda Xalisko ştatında xaos hökm sürür: cinayətkarlar küçələrdə talanlar törədir, atışmalar təşkil edir, avtomobilləri və hətta təyyarələri yandırırlar.
Təxminən 19 min üzvü olan kartel mülki şəxsləri də hədəfə almaqla hədələyir.
Qeyd edək ki, cəmi bir neçə aydan sonra Meksika futbol üzrə dünya çempionatına ev sahibliyi etməyə hazırlaşır.
Hakimiyyət orqanları azarkeşlərə tam təhlükəsizlik vəd etsə də, son hadisələr vəziyyətin nəzarətdən çıxdığını nümayiş etdirir.
Xuraman Etibarlı
İnterpress.az