AZ

Etimada söykənən tərəfdaşlıq modeli ŞƏRH

Ses qazeti saytına istinadən ain.az xəbər verir.

Fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasına etdiyi rəsmi səfər zamanı səsləndirdiyi bəyanat iki ölkə arasında formalaşmış strateji tərəfdaşlığın əsas məqamlarını və bu münasibətlərin gələcək inkişaf perspektivlərini aydın şəkildə ortaya qoydu. Dövlət başçısının çıxışı Azərbaycan–Serbiya əlaqələrinin dinamik xarakter daşıdığını və möhkəm etimad üzərində qurulduğunu bir daha nümayiş etdirdi.

Prezident bəyanatında xüsusi olaraq qeyd etdi ki, Azərbaycan ilə Serbiya arasındakı münasibətlər uzunmüddətli dostluq və qarşılıqlı tərəfdaşlıq prinsiplərinə əsaslanır. Tərəflərin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin suverenliyi və ərazi bütövlüyünə ardıcıl dəstək verməsi bu əlaqələrin prinsipial və etibarlı siyasi iradəyə söykəndiyini göstərir.

Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər zamanı regional və qlobal təhlükəsizlik mövzuları, Cənubi Qafqaz və Balkan regionlarında sabitliyin təmin olunması, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinə hörmət məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Prezidentin səsləndirdiyi mövqelər Azərbaycanın balanslı və praqmatik xarici siyasət xəttini davam etdirdiyini və tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirməyə sadiq qaldığını göstərdi.

Bəyanatda iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi mühüm istiqamət kimi ön plana çəkildi. Dövlət başçısı enerji sektorunda birgə fəaliyyətin əsas prioritetlərdən biri olduğunu vurğuladı. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu, xüsusilə təbii qaz ixracı sahəsində mövcud potensialı Serbiya üçün yeni əməkdaşlıq imkanları yaradır. Bununla yanaşı, nəqliyyat-logistika, sənaye, investisiya və infrastruktur layihələri üzrə əməkdaşlığın dərinləşdirilməsi perspektivləri də diqqət mərkəzində olub. Orta Dəhliz və digər beynəlxalq nəqliyyat marşrutları üzrə qarşılıqlı fəaliyyət regional inteqrasiyanın güclənməsinə töhfə verə bilər.

Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri və səsləndirdiyi bəyanatlar Azərbaycan–Serbiya münasibətlərinin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu açıq şəkildə göstərir. Eyni zamanda, bu səfər Azərbaycanın Avropa məkanında etibarlı və strateji tərəfdaş mövqeyini daha da möhkəmləndirdiyini təsdiqlədi.

Ümumilikdə, fevralın 15-də baş tutan rəsmi səfər və dövlət başçısının bəyanatı iki ölkə arasında siyasi dialoqun intensivləşməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və beynəlxalq platformalarda qarşılıqlı dəstəyin davam etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu hadisə Azərbaycan Respublikasının milli maraqlara əsaslanan, çoxtərəfli və strateji xarakterli xarici siyasət kursunun ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini nümayiş etdirən əlamətdar diplomatik addım kimi qiymətləndirilə bilər.

Zərnişan Əliyeva

YAP Babək rayon təşkilatının fəalı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
sesqazeti.az

1Mənbələr