AZ

MƏDƏNİ TƏHLÜKƏSİZLİK... Cəmiyyətin ən təhlükəli böhranı dəyər aşınmasıdır

ain.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Zahid Fərrux Məmmədov

İqtisad elmləri doktoru, professor

Son illərdə “təhlükəsizlik” anlayışı əsasən hərbi, siyasi və iqtisadi ölçülərlə izah edilir. Cəmiyyətin ən təhlükəli böhranları bəzən iqtisadi deyil, estetik və mənəvi olur. Bu gün səhnədə kimlərin olduğu — sabah cəmiyyətin kim olacağını göstərir. Səsin, mədəniyyətin və əxlaqın mübahisə doğurduğu ifaçıların zənginləşməsi təkcə şou biznes hadisəsi deyil. Bu, dəyərlərin bazara çıxarılmasıdır. Bazar həmişə tələbin güzgüsüdür. Dəyər böhranı əvvəlcə seçim böhranıdır.

Halbuki dövlətlərin və cəmiyyətlərin davamlılığını müəyyən edən daha səssiz, lakin daha dərin bir sahə var — mədəni təhlükəsizlik. Bu, sərhədlərin deyil, dəyərlərin qorunmasıdır- resursların deyil, zövqün, düşüncənin və simvolların davamlılığıdır.

Mədəni təhlükəsizlik pozulduqda cəmiyyət bunu dərhal hiss etmir. Mədəni təhlükəsizlik — cəmiyyətin estetik standartlarını, mənəvi iyerarxiyasını, intellektual nüfuzunu və simvolik kapitalını qorumaq qabiliyyətidir. Bu, təkcə incəsənət məsələsi deyil; bu, sosial qərarvermənin keyfiyyəti ilə bağlıdır.

Böhran statistikada görünmür, amma davranışda görünür. Seçimlər dəyişir, rol modelləri dəyişir, uğur anlayışı dəyişir. Ən təhlükəli transformasiya da məhz budur. Cəmiyyətin ən təhlükəli böhranları çox vaxt iqtisadi göstəricilərdə görünmür. Onlar zövqdə, dilində, rol modellərində və ictimai nüfuz xəritəsində görünür. Mədəni təhlükəsizlik məhz bu xəritənin qorunmasıdır.

Tarix göstərir ki, iqtisadi inkişaf mədəni baza olmadan dayanıqlı olmur. Yüksək texnologiya, innovasiya və yaradıcılıq mühiti estetik və intellektual standartlardan qidalanır. Zövqün aşağı düşməsi yaradıcılıq mühitini zəiflədir, yaradıcılığın zəifləməsi isə iqtisadi innovasiyanı məhdudlaşdırır.

Bu səbəbdən mədəni təhlükəsizlik yalnız humanitar sahə deyil — inkişaf siyasətinin tərkib hissəsidir. Mədəni təhlükəsizliyin qorunması qadağalarla deyil, institusional yanaşma ilə mümkündür və bunun üçün mədəni tədbirlər üzrə keyfiyyət meyarlarının formalaşdırılması, mediada mövzu-ekspert uyğunluğunun standartlaşdırılması, peşəkar sənətkarların sistemli şəkildə dəstəklənməsi, estetik savadlılığın təhsil siyasətinə daxil edilməsi və populyarlıqla nüfuz anlayışlarının aydın şəkildə ayrılması vacibdir.

Ekspertliyin devalvasiyası — mədəni təhlükəsizlik problemi kimi

Ən təhlükəli mərhələ isə ekspertləşdirmədir. Əyləncə siması ictimai mövqe bildirən fiqura çevriləndə bilik iyerarxiyası dağılır. Peşəkar sənətkar görünməz qalır, zəhmət kölgədə qalır, gənclər isə yanlış uğur modelini normaya çevirir.

Son illər televiziyada və rəqəmsal mediada təhlükəli bir tendensiya formalaşıb: mövzu ilə ekspert arasında əlaqə qırılır. Tanınmış olmaq bilikli olmaqla eyniləşdirilir. Bu qarışıqlıq ilk baxışda zərərsiz görünür, lakin uzunmüddətli təsiri struktur xarakter daşıyır.Ekspertlik dekorasiyaya çevrildikdə bilik ikinci plana keçir, peşəkarlar görünməz olur və ictimai müzakirə səthi xarakter alır.

İqtisadiyyat, ailə büdcəsi, bank savadlılığı, təhsil və sosial siyasət kimi ciddi sahələrdə müzakirə platformalarına mütəxəssislərlə yanaşı mövzu ilə əlaqəsi olmayan müğənnilər çıxarılır. Bu, təkcə format məsələsi deyil — bu, ekspertliyin devalvasiyasıdır. Ekspertlik bilik, təcrübə və məsuliyyət deməkdir. Şou- müğənni isə görünürlükdür. Bu iki anlayış qarışanda ictimai rəyin keyfiyyəti zədələnir.

Ən vacibi isə cəmiyyətin seçim davranışının dəyişməsidir. Bu səbəbdən mədəni təhlükəsizlik elit müzakirə mövzusu deyil — strateji məsələdir. Dövlətin sərhədləri coğrafiyada qorunur, cəmiyyətin sərhədləri isə mədəniyyətdə.

Cəmiyyət kimə söz verir, kimə nüfuz verir, kimə baxaraq gənclər gələcəyini təsəvvür edir — bunlar mədəni təhlükəsizliyin indikatorlarıdır.

Beləliklə, cəmiyyət informasiyanı deyil, imici istehlak etməyə başlayır.

Ekspertlik meyarı dəyişdikdə cəmiyyətin qərarvermə keyfiyyəti zəifləyir. Yanlış modellər legitimləşir, sadə izahlar mürəkkəb problemləri əvəz edir. Bu isə sosial davranışlara birbaşa təsir göstərir.

Bu tendensiya davam edərsə, mədəni kapital zəifləyəcək, yüksək sənət marginallaşacaq, ictimai zövq standartı aşağı düşəcək və mədəni institutlara etibar azala bilər. Beləliklə məsələ sadəcə estetik problem kimi deyil, milli mədəni təhlükəsizlik məsələsi kimi qiymətləndirmək gərəkdir.

Toydan efirə qədər — mədəniyyətin kommersiyalaşması

Mədəni təhlükəsizliyə təsir edən əsas proseslərdən biri mədəniyyətin kommersiya məntiqinə tam tabe olmasıdır. Toy mərasimləri, televiziya proqramları, sosial media platformaları eyni model üzrə işləyir: diqqət əsas resursdur. Toy bazarı, televiziya reytinqləri, sponsor pulları və sosial şəbəkə alqoritmləri birlikdə yeni “ulduz” istehsal edir. Bu sistemdə istedad yox, görünürlük kapitaldır. Sənət yox, sifariş əsasdır. Kim pul verir — o da səhnəni müəyyən edir.

Amma problem bununla bitmir. Daha ağır məsələ — bu simaların ciddi tədbirlərə dəvət olunmasıdır. Mədəni hadisə PR layihəsinə çevriləndə seçim meyarı keyfiyyət yox, tanınma olur. Beləcə səhnə ilə nüfuz qarışır. Nəticədə cəmiyyətə mesaj verilir: məşhurluq biliyi əvəz edə bilər.

Toy fenomeni bu prosesin ən açıq vitrini sayılır. Toy artıq ailə mərasimi yox, status nümayişidir. Burada ifaçı yalnız oxumur — aparır, şərh edir, xeyir-dua verir, simvolik nüfuz sahibi olur. Mənəvi sözün mənbəyi dəyişəndə onun çəkisi də azalır. Mədəniyyət özəlləşir, dəyər kommersiyalaşır.

Bu mənzərədə ifaçıları tək günahlandırmaq asandır, amma yanlış olar. Bazar həmişə tələbin güzgüsüdür. Cəmiyyət nəyi alqışlayırsa, o böyüyür. Səviyyə yox, nümayiş mükafatlandırılanda nəticə qaçılmazdır.

Uzunmüddətli təsir isə daha dərindir: yüksək sənət kənara çəkilir, estetik standart düşür, mədəni institutlara etibar zəifləyir. Bu artıq zövq məsələsi deyil — bu, mədəni təhlükəsizlik məsələsidir.

Əyləncə lazımdır. Cəmiyyətin buna ehtiyacı var. Problem əyləncənin mövcudluğu deyil, onun iyerarxiyanı dəyişməsidir. Əyləncə zirvəyə qalxanda, dəyər səssiz qalır.

Mən hələ 2000-ci illərdən etibarən mədəniyyətin bazar məntiqinə tabe olmasının risklərini ardıcıl şəkildə yazılar yazmışam: “ mədəni məkanın toy sənayesindən televiziya efirinə qədər vahid kommersiya modeli üzrə formalaşması sənətin mahiyyətini dəyişir: estetik dəyər tədricən qiymət etiketi ilə əvəz olunur, nüfuz isə yaradıcılıqdan deyil, bazar dövriyyəsindən ölçülür. Bu proses nəticəsində sənət ictimai missiyadan uzaqlaşaraq xidmət sektoruna çevrilir, ekspertlik və peşəkarlıq isə görünürlük iqtisadiyyatının kölgəsində qalır” .

Sözün qısası, mədəniyyət kommersiyalaşdıqca cəmiyyət yalnız zövqünü deyil, düşünmə standartlarını da itirmək riski ilə üz-üzə qalır.

Gördüklərimiz səhnədir — Səhnə arxasında nə baş verir

Ekranda və səhnədə gördüyümüz parıltı çox vaxt həqiqətin özünü deyil, onun hazırlanmış versiyasını göstərir. İşıqlar, musiqi, alqış və reytinq rəqəmləri — hamısı bir vitrin yaradır. Amma mədəni proseslərin taleyi vitrində yox, səhnə arxasında həll olunur. Səhnədə ifaçı var, lakin səhnə arxasında isə qərar verənlər.

Orada format müəyyən olunur, kim danışacaq seçilir, hansı mövzunun necə təqdim ediləcəyi planlaşdırılır. Sponsorun marağı, təşkilatçının PR hədəfi, medianın reytinq qorxusu — hamısı birlikdə məzmunun istiqamətini dəyişir. Nəticədə tamaşaçı proqram izlədiyini düşünür, əslində isə qurulmuş kommunikasiya modelinə baxır.

Hansı ekspert dəvət ediləcək, hansı fikir kəsiləcək, hansı emosional epizod önə çıxarılacaq — bunlar təsadüf deyil. Məzmun çox vaxt bilik meyarı ilə yox, diqqət meyarı ilə seçilir. Bu zaman dərinlik risk sayılır, sadəlik üstünlük qazanır.

Səhnə arxasında isə iqtisadiyyat işləyir. Görünürlük satılan resursdur. Reklam, sponsorluq, sosial media paylaşımları bu resursun üzərində qurulur. Populyar sima məzmunun yox, diqqətin daşıyıcısına çevrilir. Beləliklə, proqramın məqsədi maarifləndirmədən çox auditoriyanı saxlamaq olur.

Ən təhlükəli məqam isə odur ki, tamaşaçı səhnəni reallıq hesab edir. Halbuki reallıq seçimin harada və necə edildiyində gizlidir. Rol modelləri səhnədə yaranmır — səhnə arxasında seçilir.

Bu səbəbdən problem konkret simalarda deyil, mexanizmdədir. Kimə söz verilir, kimə mikrofon uzadılır, kim ekspert kimi təqdim olunur — bunlar cəmiyyətin gələcək zövqünü formalaşdırır.

Problemin daha dərin qatında sponsor məntiqi dayanır. Sponsor üçün əsas məsələ mesajın keyfiyyəti yox, auditoriyanın ölçüsüdür. Populyar sima reklamın daşıyıcısına çevrilir və proqramın strukturu buna uyğun qurulur.

Bu modeldə tez-tez belə vəziyyət yaranır: müğənnisiz veriliş “satılmır”.

Bu, mediada qərarvermənin professional meyarlardan kommersiya meyarlarına keçdiyini göstərir.

Mediada tez-tez belə arqument səslənir: “Tamaşaçı bunu istəyir.” Əslində isə çox vaxt tamaşaçıya təklif olunan seçim məhduddur. Reytinq uğrunda mübarizə proqram formatını dəyişir və ciddi mövzular belə şou elementləri ilə “yüngülləşdirilir”.

Nəticə

Əyləncə simalarının mediada olması normaldır. Anormal olan onların hər mövzuda söz sahibi kimi təqdim edilməsidir. Bu, həm ekspertə, həm tamaşaçıya, həm də medianın özünə qarşı ədalətsizlikdir. Ən vacibi isə: cəmiyyət dəyəri yenidən mükafatlandırmalıdır.

Cəmiyyət kimə pul verir, kimi səhnəyə çıxarır, kimə söz verir — gələcəyinin mədəni konturunu özü müəyyən edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
hurriyyet.az

1Mənbələr