Təhsil ekspertlərindən biri təklif edir ki, universitetlərdə seminar dərslərini 90 dəqiqədən 60 dəqiqəyə salmaq daha uyğundur. Qeyd edilir ki, bu həm tələbələrin qavrama qabiliyyətinə, həm də elmi əsaslara uyğundur.
Seminar dərslərinin vaxtı azaldılmalıdırmı?
Redaktor.az-a danışan filologiya elmləri doktoru, dosent Vüsalə Ağabəylinin fikrincə, seminar dərslərinin müddətinin 90 dəqiqədən 60 dəqiqəyə endirilməsi məsələsinə tələsik qərar vermək və ümumi yanaşmaq düzgün olmazdı:
"Bu məsələni həm pedaqoji-metodoloji, həm psixoloji, həm də tədris olunan fənnin ixtisas xüsusiyyətləri baxımından differensial şəkildə qiymətləndirmək lazımdır. Doğrudur, müasir təhsil psixologiyasında tələbələrin diqqət və qavrama müddətinin uzun zaman eyni səviyyədə qalmadığı qeyd olunur. Lakin seminar dərsi mühazirədən fərqli olaraq passiv dinləmə deyil, interaktiv müzakirə, tənqidi təhlil və fikir mübadiləsi formatıdır. Xüsusilə, humanitar və dil-ədəbiyyat ixtisaslarında mətn təhlili, diskussiya, təqdimat və debat üçün 60 dəqiqəlik müddət çox zaman kifayət etmir".
Dosentin sözlərinə görə, problem bəzən dərsin müddətində deyil, onun səmərəli təşkilində olur.
"Əgər 90 dəqiqə effektiv planlaşdırılarsa — mərhələli fəaliyyət, qrup işi, feedback (tələbələrin geri dönüşü), yekun müzakirə və nəticələndirmə ilə, - bu zaman tələbənin həm dərsə olan diqqəti qorunur, həm də dərs daha məhsuldar keçir. Mənim fikrimcə, vahid şəkildə bütün seminarların vaxtını azaltmaq əvəzinə, ixtisaslara və dərsin xarakterinə uyğun çevik bir model tətbiq etmək daha məqsədəuyğun olar. Təhsildə, tədris prosesində əsas meyar zamanın miqdarı deyil, onun keyfiyyətli və məqsədyönlü istifadəsidir", - deyə elmlər doktoru vurğuladı.
Aytəkin TOFİQQIZI