Qlobal iqtisadi qeyri-müəyyənliklərin, enerji bazarlarındakı dalğalanmaların və geosiyasi risklərin artdığı bir dövrdə Azərbaycanın makroiqtisadi göstəriciləri ölkənin möhkəm maliyyə dayaqlarına malik olduğunu və regionda dayanıqlı inkişaf modelini formalaşdırdığını nümayiş etdirir. Mövcud statistik rəqəmlər və həyata keçirilən strateji layihələr göstərir ki, Azərbaycan iqtisadiyyatı həm qısa, həm də uzunmüddətli perspektivdə sabitlik və artım potensialını qoruyur.
Bunu AZƏRTAC-a açıqlaması zamanı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Aydın Hüseynov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard dollardan çoxdur. Bu göstərici ölkənin illik ümumi daxili məhsuluna (ÜDM) demək olar ki, bərabərdir və makroiqtisadi təhlükəsizlik baxımından mühüm rol oynayır. Güclü ehtiyat bazası milli valyutanın sabitliyini təmin etməklə yanaşı, xarici şoklara qarşı “maliyyə yastığı” funksiyasını yerinə yetirir.
A.Hüseynov müqayisə üçün qeyd edib ki, region ölkələrindən Gürcüstanın ümumi ehtiyatları təxminən 5 milyard dollar, Ermənistanın isə 4 milyard dollar civarındadır. Bu fərq Azərbaycanın iqtisadi təhlükəsizlik və maliyyə dayanıqlılığı baxımından açıq üstünlüyünü göstərir.
“Azərbaycanın dövlət borcu ÜDM-in 6,3 faizini təşkil edib. Bu, beynəlxalq standartlara görə olduqca aşağı göstərici hesab olunur və ölkənin məsuliyyətli borclanma siyasəti apardığını təsdiqləyir. Gürcüstanda dövlət borcu ÜDM-in 40 faizindən çox, Ermənistanda isə 60 faizə yaxın səviyyədədir. Qlobal praktikada yüksək borc yükü iqtisadi riskləri artırır, büdcə imkanlarını məhdudlaşdırır və sosial-iqtisadi proqramların maliyyələşdirilməsini çətinləşdirir. Azərbaycan isə aşağı borc göstəricisi ilə həm investisiya cəlbediciliyini qoruyur, həm də uzunmüddətli fiskal sabitliyi təmin edir. Son 20 ildə Azərbaycana 300 milyard dollardan çox investisiya yatırılıb. Bu investisiyalar əsasən infrastrukturun yenilənməsi, sənaye parklarının yaradılması, nəqliyyat-logistika şəbəkəsinin genişləndirilməsi və enerji sektorunun modernləşdirilməsinə yönəldilib. Bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər hövzəsində əsas tranzit qovşaqlarından birinə çevrilib. Bakı–Tbilisi–Qars dəmir yolu Avropa ilə Asiya arasında yükdaşımaların alternativ və sürətli marşrutunu təmin edir. Cənub Qaz Dəhlizi isə Azərbaycanın enerji resurslarını Avropa bazarına çıxarmaqla ölkəni qitənin enerji təhlükəsizliyində əsas tərəfdaşa çevirib. Bu layihələr artıq gəlir gətirən aktivlərdir və iqtisadiyyatın dayanıqlı gəlir bazasını formalaşdırır”, - deyə o vurğulayıb.
Aydın Hüseynov bildirib ki, Azərbaycan Avropa ilə Asiyanı birləşdirən qlobal logistika xəritəsində strateji mövqeyini möhkəmləndirməklə yanaşı, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır: “Azərbaycan 2030-cu ilə qədər 8 giqavata yaxın yaşıl enerji istehsalını həfələyir ki, bu da ölkəmizin yaşıl enerji ixracatçısına çevrilməsi perspektivini gücləndirir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına artıq milyardlarla manat dövlət investisiyası yönəldilib. İnfrastrukturun yenidən qurulması, sənaye və kənd təsərrüfatı layihələrinin icrası həmin bölgələri yaxın illərdə yeni iqtisadi artım mərkəzinə çevirəcək. Son illərdə Azərbaycanın qeyri-neft ixracı 3 dəfədən çox artıb. Bu dinamika ölkənin iqtisadiyyatının tədricən şaxələndiyini, sənaye və aqrar sektorun inkişaf etdiyini göstərir. Sənaye parklarının fəaliyyəti, ixracyönümlü istehsalın genişlənməsi və logistika imkanlarının artması bu prosesi sürətləndirir”.
A.Hüseynov əlavə edib ki, bütün bu göstəricilər Azərbaycanın iqtisadi modelinin dayanıqlı və strateji əsaslara söykəndiyini təsdiqləyir.