Prezident İlham Əliyev ötən həftələr ərzində üç mühüm beynəlxalq platformada iştirak edib. Bu səfərlər – Münhen Təhlükəsizlik Konfransı, Serbiyaya rəsmi səfər və Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclası – Azərbaycanın xarici siyasət gündəliyində strateji əhəmiyyət daşıyan addımlar kimi qiymətləndirilir.
Səfərlər çərçivəsində Azərbaycan beynəlxalq səhnədə mövqeyini gücləndirməyə, regional və qlobal təhlükəsizlik məsələlərində dialoq platformalarında fəal iştirakını nümayiş etdirməyə çalışıb. Rəsmi Bakı həm siyasi, həm də iqtisadi istiqamətdə tərəfdaşlıq imkanlarını genişləndirməyi hədəfləyir.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Fərhad Məmmədov bildirib ki, hər üç səfər mahiyyət etibarilə bir-birindən fərqlənsə də, ümumi strateji xəttin tərkib hissəsidir:
“Münhen Təhlükəsizlik Konfransı Avrasiya məkanında təhlükəsizlik mövzusunda ən nüfuzlu platformalardan biridir. Avropada və qlobal səviyyədə qərarvermə prosesinə təsir göstərən siyasətçilər burada bir araya gəlirlər. Konfransın əsas xüsusiyyəti ondan ibarətdir ki, ötən mərhələyə qiymət verilir və gələcək çağırışlar müzakirə olunur. Azərbaycan Prezidenti həm plenar iclaslarda iştirak etdi, həm də bir sıra ikitərəfli görüşlər keçirdi. Bu cür platformalar böyük güclərin dünyada baş verən proseslərə baxışını öyrənmək və Azərbaycanın mövqeyini çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyır.
Prezidentin Serbiyaya səfəri isə rəsmi xarakter daşıyırdı. İki ölkə arasında xüsusi münasibətlər mövcuddur və iqtisadi, siyasi, eləcə də təhlükəsizlik sahələrində əlaqələr son illərin ən yüksək səviyyəsinə çatıb. Balkan regionunda Azərbaycana ən yaxın tərəfdaşlardan biri məhz Serbiyadır.
Vaşinqtona səfər beynəlxalq tədbirdə iştirak çərçivəsində baş tutdu. Sülh Şurasının ilk iclasında ABŞ Prezidenti tərəfindən tərəfdaş kimi qiymətləndirilən ölkələrin liderləri iştirak edirdi. Bu, Azərbaycanın qlobal proseslərdə rolunun təsdiqi kimi dəyərləndirilə bilər. Eyni zamanda Qəzza ilə bağlı sülh və bərpa proseslərində Azərbaycanın potensial investor və tərəfdaş kimi iştirak perspektivini də gündəmə gətirir”.
Atilla Rzasoy