AZ

“WhatsApp”da yeni funksiya:Qrupa yeni qoşulanlar...

“WhatsApp” istifadəçilərin uzun müddətdir tələb etdiyi yeniliklərdən birini tətbiq etməyə başlayıb. Yeni funksiya sayəsində artıq qrupa yeni əlavə olunan istifadəçilər qoşulmazdan əvvəl yazılmış son mesajlarla tanış ola biləcəklər.

Mövcud sistemə əsasən, istifadəçi qrupa əlavə edildikdən sonra yalnız həmin andan etibarən göndərilən mesajları görə bilirdi. Daha əvvəl aparılmış yazışmalar görünmədiyi üçün xüsusilə aktiv və çoxsaylı mesajlaşmaların olduğu qruplarda bu vəziyyət anlaşılmazlıq yaradırdı.

Yeniliyə görə, qrupa yeni üzv əlavə olunduqda digər iştirakçılar son mesajları seçərək ona yönləndirə biləcəklər. Bu isə yeni qoşulan şəxsin müzakirələrin məzmununu daha tez başa düşməsinə və söhbətə uyğunlaşmasına imkan yaradacaq. Hazırkı qaydalar standart olaraq qüvvədə qalacaq. Yəni köhnə mesajların paylaşılması üçün əlavə əməliyyat tələb olunacaq. Qrup administratorları isə istəsələr, müvafiq qrup üçün bu funksiyanı deaktiv edə biləcəklər.

Məlumata görə, bu funksiya aktiv edilərkən son 25-dən 100-ə qədər mesajın ötürülməsi imkanı təqdim olunacaq. Bu zaman qrupdakı bütün iştirakçılara bildiriş göndəriləcək və yönləndirilmiş mesajlar fərqli şəkildə işarələnəcək ki, onların ötürülmüş olduğu aydın şəkildə görünsün.

Şirkət vurğulayıb ki, bu mesajlar platformadakı digər yazışmalar kimi ucdan-uca şifrələnmə ilə qorunur. “WhatsApp” açıqlamasında bildirib ki, yeni funksiya ekran görüntüsü almağa və lazımsız mesaj ötürmələrinə ehtiyac qalmadan söhbətlərin axarını daha sürətli və məxfi şəkildə davam etdirməyə imkan verir.

Qeyd olunub ki, yenilik mərhələli şəkildə istifadəçilərin ixtiyarına verilir.

Şahnigar Əhmədova, “İki sahil”

Seçilən
9
ikisahil.az

1Mənbələr