AZ

Kişilərdə saç tökülməsinə son: Yeni vasitə hazırlandı

Kişilərin qorxulu yuxusuna çevrilmiş saç tökülməsinin müalicəsi üçün yaradılmış yeni vasitə əhəmiyyətli saç artımı göstərib. Söhbət ilkin olaraq aknenin müalicəsi üçün hazırlanmış klaskoteron tərkibli losyondan gedir.

Turkustan.az Bizim.Media-ya istinadən xəbər verir ki, SCALP 1 və SCALP 2 adlı iki böyük klinik tədqiqatda Avropa və ABŞ-dan 1465 kişi iştirak edib.

Sınaqlardan birində altı ay ərzində ölçülən sahədə saçların sayı plasebo ilə müqayisədə 539%, digərində isə 168% artıb. Effekt eyni baş dərisi sahəsinin fotoşəkilləri çəkilərək və saçların sayılması ilə qiymətləndirilib.

Vasitənin istehsalçısı Cosmo Pharmaceuticals şirkətidir. Nəticələr dərc edildikdən sonra şirkətin səhmləri bir gün ərzində 40% artıb.

Preparat hələ satışa çıxarılmayıb: istehsalçı yaz aylarında ABŞ və Avropada təsdiq üçün sənədlər təqdim etməyi planlaşdırır. Tənzimləyici qurumlar icazə versə, vasitə bu il apteklərdə satışa çıxarıla bilər.

Klaskoteron mövcud preparatlardan fərqli mexanizmlə təsir göstərir. O, dihidrotestosteronun (DHT) təsirini birbaşa saç follikulunda bloklayır. Finasterid və dutasterid kimi həblər isə DHT səviyyəsini bütün orqanizmdə azaldır və libidoya təsir göstərə bilər. Yeni losyonun isə yalnız yüngül dəri reaksiyaları — qızartı və ya qaşınma yaratdığı bildirilib.

Professor Mariya Xordinski qeyd edib: “Bu, çox vacib məqamdır, çünki libido, erektil funksiya və əhval-ruhiyyə ilə bağlı narahatlıqlar finasterid və ya dutasteridi daxilə qəbul etməyi düşünən bir çox kişi üçün ciddi maneədir”.

Eyni zamanda, mütəxəssislər bildirirlər ki, müalicə dayandırıldıqda saç tökülməsi prosesi çox güman ki, yenidən başlayacaq. Maksimal effekt saçların seyrəkləşdiyi erkən mərhələlərdə gözlənilir, tam saç itkisi zamanı isə təsir məhdud ola bilər.

Seçilən
0
3
turkustan.az

10Mənbələr