AZ

"Özümü "10 nömrə" mövqeyində daha yaxşı hiss edirəm" - Xoni Montiel

"Qarabağ"ın futbolçusu Xoni Montiel Çempionlar Liqasının pley-off mərhələində "Nyukasl"a qarşı keçirəcəkləri cavab oyunu haqda danışıb.

"Football-plus.az" xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi görüşdən əvvəl təşkil olunan mətbuat konfransında ilk oyundakı səhvlərə toxunub və cavab matçında yaxşı nəticə əldə etməyin mümkün olduğunu deyib:

"İlk oyunun 1-ci hissəsində çox uğursuz, bizə yaraşmayan şəkildə oynadıq. 2-ci hissədə isə daha yaxşı idik. 1-ci hissədə də belə oynamalı idik. Amma bu yarışın səviyyəsi hər kəsə bəllidi. Artıq həmin oyunu unutmalı, cavab matçı barədə düşünməliyik. İlk oyunun 2-ci hissəsindəki kimi mübarizə aparsaq, düşünürəm ki, yaxşı nəticə əldə edə bilərik".

Montiel geridə qalan liqa mərhələsini dəyərləndirib:

"Ümumilikdə Çempionlar Liqasının səviyyəsi məni təəccübləndirmədi. Hər hansı bir oyunun çox asan keçdiyini xatırlamıram. Bu da normaldı, Çempionlar Liqasıdı. Gözləntilərimə qaldıqda isə Azərbaycanın ən böyük klubu olaraq "Qarabağ"dan gözləntilər həmişə yüksəkdi. Biz də bacardığımız qədər bu gözləntilərin qarşılığını verməyə çalışırıq".

İsaniyalı futbolçu "Daha çox 10 nömrə möveyində özünüzü sərbəst hiss edirsiz. Lakin bəzi matçlarda sağ cinahda oynamaq məcburiyyətində qalırsız. Hansı mövqedə daha çox qol vuracağınızı düşünürsüz" sualını belə cavablandırıb:

"Xoşbəxtlikdən müxtəlif mövqelərə tez uyğunlaşıram. Müxtəlif mövqelərdə çıxış etmək bacarığım var. Amma özümü "10 nömrə" mövqeyində daha yaxşı hiss edirəm. Düşünürəm ki, bu mövqedə öz bacarığımı daha rahat göstərə və komandaya faydalı ola bilərəm. Lakin bilirəm ki, o mövqedə oynaya biləcək başqa futbolçular da var. Ona görə də lazım gələrsə, başqa mövqelərdə də oynamağa həmişə hazıram".

O, vətəni İspaniyada da "Qarabağ"ın uğurlu nəticələri haqda danışıldığını deyib:

"Bura gələndən bəri İspaniya mətbuatına bir neçə müsahibə vermişəm. Həmişə demişəm ki, burda olmaqdan məmnunam və çox xoşbəxtəm. Komanda üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Burda bizə belə dəyərlər aşılanır. Tələblər də yüksəkdi. Demişəm ki, tələblər yüksək olduğu kimi biz də uğurlu olmaq üçün əlimizdən gələni edirik".
Seçilən
33
2
football-plus.az

3Mənbələr