AZ

Finlandiyada büdcə kəsirləri miqrantların dil öyrənməsini əngəlləyir

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Stokholm, 24 fevral, Nərgiz Cəfərli, AZƏRTAC

Finlandiya hökumətinin inteqrasiya proqramlarının maliyyələşdirilməsini azaltmaq planları təhsil sektorunda və bələdiyyələr arasında narahatlıq doğurur.

AZƏRTAC xəbər verir ki, hökumət inteqrasiyanın təşviqinə ayrılan xərcləri təxminən 47 milyon avro azaltmağı və xidmətləri bələdiyyə məşğulluq zonalarına yönəltməyi təklif edir. İnteqrasiya təlimi əsasən işçi qüvvəsinin hazırlıq sisteminin bir hissəsi olmalıdır.

Təklifə əsasən, xalq kollecləri və vətəndaş kollecləri kimi qeyri-dövlət təhsil müəssisələrində miqrantlar üçün məcburi fin dili tədrisi dayandırıla bilər. Hökumətin təklifi on minlərlə insana şamil ola bilər. 2024-cü ildə ölkə üzrə təxminən 57 min nəfər bu cür proqramlara qəbul edilib.

Kouvola şəhərinin beynəlxalq iş üzrə koordinatoru Kaysa Spies inteqrasiya ilə əmək bazarı arasında daha sıx əlaqənin düzgün istiqamətdə atılan addım olduğunu hesab edir. Bununla belə, o, dövlət maliyyələşdirməsinin azalması ilə bələdiyyələrin vəsaitləri müxtəlif əsas xidmətlər arasında yenidən bölüşdürməli olacağını xəbərdar edir. Onun sözlərinə görə, dil tədrisinin azaldılması işsizliyin artmasına, tərcüməçi xərclərinin artmasına və işçi qüvvəsinin çatışmazlığına səbəb ola bilər.

Təhsil müəssisələri xüsusilə narahatlıq ifadə edirlər. Kümenlaakso Kolleci hər il 500-600 miqranta təhsil verir ki, onların yarısından çoxu ali təhsillidir. İslahat qəbul edilərsə, kollec ildə 700 min avroya qədər itirə və hətta kampuslarından birini bağlaya bilər. Müəllimlərin iş yerləri də risk altında olacaq.

Təhsil sektorundakı həmkarlar ittifaqları və işəgötürənlər yüzlərlə iş yerinin itirilməsi və dil öyrənmə imkanlarının azalması barədə xəbərdarlıq edirlər. Eyni zamanda, bəzi bələdiyyələr islahatı maliyyələşdirmə sisteminin sadələşdirilməsi və xidmətlərin təşkilində çevikliyin artırılması istiqamətində atılan addım kimi qiymətləndirərək dəstəkləyirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
4
azertag.az

5Mənbələr