AZ

“Avrora”nın satış üzrə nümayəndəsi şirkətin 25 min manatını mənimsədi – MƏHKƏMƏ

Qazax Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Yusif Rəfiyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nemət Musayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə Yusif Rəfiyev 2 il müddətə azadlıqdan məhrum edilib və o, məhkəmə iclas zalında dərhal həbs olunub.


İttihama əsasən, Yusif Rəfiyev “Avrora” MMC-nin təsisçisi və prezidenti Ceyhun Abbasovun 2022-ci il tarixli əmri ilə həmin şirkətin Satış Departamentində satış üzrə nümayəndə vəzifəsinə təyin olunub. O, MMC ilə arasında bağlanmış 2022-ci il tarixli əmək müqaviləsi, eyni tarixli tam maddi məsuliyyət haqqında müqavilə və vəzifə təlimatına əsasən satışın təşkili, satış məntəqələrində maddi vəsaitə nəzarət, inventar qalığının çıxarılması, sifarişlərin terminal vasitəsilə elektron qaydada rəsmiləşdirilməsi, satılmış mallara görə yığılan vəsaitin vaxtında və tam şəkildə cəmiyyətin xəzinəsinə təhvil verilməsi kimi səlahiyyət və öhdəliklərə malik maddi məsul şəxs olub.
 

İttihamda göstərilib ki, təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə mənimsəmək məqsədilə 2022-2023-cü illərdə olan müddətdə əl terminalı vasitəsilə Qazax rayonu ərazisində fəaliyyət göstərən ticarət obyektlərinə mallar sifariş edib. Həmin dövrdə 22 410,89 manat dəyərində mallar cəmiyyətin anbarına geri qaytarılıb, yoxlama dövrünün əvvəlinə satış nöqtələrində 51 695,25 manat məbləğində mal qalığı mövcud olub, yoxlama müddətində isə hesabından 19 892,05 manat şəbəkələr üzrə azalma qeydə alınıb.


Aparılmış hesablamalara əsasən, müxtəlif ticarət obyektlərindən ümumilikdə 25 049,42 manat məbləğində vəsait toplanıb. Yusif Rəfiyev həmin vəsaiti şirkətin xəzinəsinə təhvil verməyərək mənimsəyib və nəticədə zərərçəkmiş hüquqi şəxsə xeyli miqdarda ziyan vurulub.


Məhkəmə istintaqı zamanı Yusif Rəfiyev özünü təqsirli bilib. O, ifadəsində deyib ki, 2022-ci ilin may ayının 5-dən 2023-cü ilin yanvar ayınadək “Avrora” MMC-də satış üzrə nümayəndə kimi çalışıb. Vəzifəsinin quru qida məhsullarını müxtəlif mağazalara təklif etmək, sifarişləri terminal vasitəsilə elektron bazaya daxil etmək və satış prosesini təşkil etməkdən ibarət olduğunu deyib. Məhsulların Bakı şəhərindən Gəncə şəhəri, Poçt qəsəbəsində yerləşən filial anbarına gətirildiyini, daha sonra sürücülər tərəfindən faktura əsasında satış nöqtələrinə çatdırıldığını bildirib.


Onun sözlərinə görə, mallar əsasən nisyə verilib, ayın sonunda ödənişlər yığılıb və nağd vəsait terminal vasitəsilə kassa qeydiyyatına salınmalı olub. Lakin şəxsi ehtiyacları yarandığı üçün mağazalardan yığdığı vəsaitləri hissə-hissə şəxsi məqsədləri üçün xərcləyib.


2023-cü ilin yanvar ayında şirkətin auditorları tərəfindən aparılmış yoxlama nəticəsində 2022-2023-cü il tarixlərinədək olan dövr üzrə 25 049,42 manat məbləğində çatışmazlıq müəyyən edilib. Təqsirləndirilən şəxs verdiyi ifadəsində həmin məbləği mənimsədiyini etiraf edib və qaytaracağını bildirib. O, məhkəmədə də göstərilən məbləği tam şəkildə cəmiyyətin hesabına ödədiyini deyib.


Yusif Rəfiyev ona təqdim edilmiş əmək müqaviləsi, tam maddi məsuliyyət haqqında müqavilə və vəzifə təlimatındakı imzaların, eləcə də üzləşdirmə aktlarında adının qarşısındakı imzaların ona məxsus olduğunu təsdiqləyib. Aktlarda göstərilən əskik məbləğin onun tərəfindən mənimsənildiyini qəbul edib.
 

Kamal Məmmədov 

Tarix: 24 Fevral 2026, 08:25   
Seçilən
11
pravda.az

1Mənbələr