AZ

Milli dirçəlişdən mütləq Zəfərə

Suverenliyimizin ilk sınağı olan 1988-ci ilin  fevralından böyük Qələbəyə gedən yol

Azərbaycanın müasir dövlətçilik tarixi həm böyük faciələrin, həm də sarsılmaz qəhrəmanlığın vəhdətindən ibarətdir. 1988-ci ilin fevralında başlayan hadisələr sadəcə ərazi münaqişəsi deyil, bütöv bir xalqın varlığına, suverenliyinə və mənəviyyatına qarşı yönəlmiş sistemli hücum idi. Həmin il fevralın 22-si Azərbaycanın müasir tarixinə suverenliyimizə qarşı açılan ilk atəş günü kimi həkk olundu. O məşum tarixdə xalqımız Ermənistanın haqsız ərazi iddiaları və xəyanətkar siyasəti ilə üz-üzə qaldı. Lakin 35 illik bu çətin və keşməkeşli yol 2023-cü ildə Xankəndinin Zəfər meydanında ucaldılan bayrağımızla öz məntiqi və möhtəşəm zirvəsinə çatdı. 

Bəli, bu gün Xankəndidə dalğalanan bayrağımız 1988-ci ildə atılan ilk xain atəşə verilən ən qətiyyətli və əbədi cavab, Azərbaycan xalqının öz qanı və canı bahasına əldə etdiyi tarixi ədalət oldu.

Prezident İlham Əliyevin Xankəndinin Zəfər meydanından dünyaya bəyan etdiyi kimi: "Mən qürur hissi ilə Azərbaycan bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"

Erməni şovinizminin növbəti mərhələsi

Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş planların kökü hələ 100 il əvvələ - 1923-cü ilə dayanır. O zaman heç bir tarixi və siyasi əsası olmadan yaradılan Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) ilə regionda gələcək münaqişələrin təməli qoyuldu. DQMV regionun bağrına sancılmış bir xəncər oldu. 

Əvvəlcə Şuşa şəhəri, sonradan isə daşnak, xalqımızın qanına susamış Stepan Şaumyanın adı verilən və əhalisinin böyük əksəriyyəti azərbaycanlılar olan Xankəndi  qurumun mərkəzi olmuş, kənardan gəlmələrin hesabına getdikcə bu sahədə ermənilərin sayı çoxalmağa başlamışdı. Bütün idarəetmədə rəhbərlik ermənilərə məxsus olmuş, azərbaycanlıların sıxışdırılmasına başlanmışdı. Əslində, DQMV-nin yarandığı vaxtlardan etibarən zaman-zaman Ermənistana birləşdirilməsi məsələsinə cəhd edilmiş, amma bu, 1988-ci ildə daha açıq müstəviyə keçirilmişdi. Xüsusilə 1987-ci ildə Ulu Öndər Heydər Əliyevin vəzifədən uzaqlaşdırılması erməni şovinistləri üçün "fürsət pəncərəsi" açmışdı. Onlar dərhal iqtisadi geriliyi bəhanə gətirərək separatçılıq toxumları səpməyə başladılar. Məsələ qaldırdılar ki, DQMV Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilsin. Bu məsələni ilk dəfə erməni millətçisi A.Aqambekyan Fransa qəzetlərinin birinə müsahibəsində söyləmişdi və Azərbaycanın Qarabağ bölgəsinin iqtisadi cəhətdən Ermənistana birləşdirilməsinin daha faydalı olacağını bildirmişdi.

Aqambekyan kimilərin xarici mətbuatda səsləndirdiyi iddialar, əslində, ikiəsrlik erməni şovinizminin növbəti mərhələsi idi. 

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Sərsəng və Suqovuşan su anbarlarının tikilməsi, Ağdamdan Xankəndiyə dəmir yolu çəkilməsi, Xankəndidə ali məktəb və fabriklərin açılması bölgənin dirçəlişinə xidmət edirdi. Həmin dövrdə Qarabağ Azərbaycanın ən inkişaf etmiş bölgələrindən biri idi. 

Buna görə də ermənilərin "iqtisadi gerilik" iddiası sadəcə işğalçılıq niyyətlərini pərdələyən yalan idi.

Münaqişənin ilk qurbanları

1988-ci il fevralın 13-dən Xankəndinin mərkəzi meydanında ermənilərin fasiləsiz mitinqləri başlamış və proses fevralın 20-nə qədər kütləvi şəkildə davam etdirilmişdi.

Fevralın 20-də isə ermənilər DQMV-nin İcraiyyə Komitəsinin sessiyasını çağıraraq azərbaycanlı deputatların iştirakı olmadan qərar qəbul etmişdilər ki, bu vilayət Azərbaycanın tərkibindən çıxır və Ermənistana birləşdirilir. Bu bədnam qərara və ermənilərin azğın davranışlarına görə etirazlarını bildirmək üçün 1988-ci il fevralın 22-də Əsgəran rayonu ərazisində Ağdam və Əsgəran rayon sakinləri dinc nümayiş keçirmişdilər. Həmin zaman ermənilərin atəş açması nəticəsində Ağdam şəhərinin sakinləri - iki azərbaycanlı gənc Əli Hacıyev və Bəxtiyar Quliyev qətlə yetirilmişdi.

Əli Hacıyevin və Bəxtiyar Quliyevin qanı ilə başlayan bu mübarizə Azərbaycan xalqının öz torpağı uğrunda canını belə verməyə hazır olduğunun ilk siqnalı idi.

Bu, qanlı hadisənin törədildiyi 1988-ci il fevralın 22-si tarixi, həm də Azərbaycanın suverenliyinə açılan ilk atəş günü oldu. Bundan sonra başlayan proseslər xalqımız üçün ağır sınaqlarla müşayiət olundu. Çünki, məhz həmin qanlı tarixdən sonra erməni faşistləri daha geniş əl-qol açaraq xalqımızı deportasiyalarla, kütləvi qətllərlə, soyqırımları ilə yenidən üz-üzə qoydular, torpaqlarımıza açıq şəkildə iddia etməyə, ardınca isə işğala başladılar. 

Təkcə 1980-ci illərin sonlarında Qərbi Azərbaycandan - tarixi yurdlarından üç yüz mindən çox soydaşımız qaçqın düşüb. Həmin dövrlərdə mərkəzi hakimiyyətin erməni millətçilərinin bu cinayətlərinə göz yumması ilə yanaşı, onlara hər cür dəstək göstərməsi də hadisələrin Azərbaycan və azərbaycanlılar üçün daha faciəvi hal almasına gətirib çıxarmışdı. Əlbəttə ki, ölkəmizə səriştəsiz, ən əsası milli mövqeyi olmayan şəxslərin rəhbərlik etməsi birinci səbəblərdən idi. Azərbaycan müstəqilliyini yenicə əldə etdikdən sonra isə Ermənistan respublikamıza qarşı işğalçı müharibəyə başladı. O dövrdə Azərbaycanda "kreslo" uğrunda torpağını belə satmağa hazır olan anti-milli qüvvələrin hakimiyyətdə olması fəlakətlərimizin üzərinə daha dəhşətlilərini əlavə etdi. Təcavüzkar müharibə nəticəsində ərazilərimiz işğal olundu, vətəndaşlarımız didərgin salınaraq məcburi köçkünə çevrildi. 

Həmin dövrdə Xocalıda və daha neçə-neçə yurdlarımızda xalqımıza qarşı soyqırımları, qətliamlar törədildi.

1988-2024-cü illərdə 3493 nəfəri mülki, 15 min 357 nəfəri hərbi qulluqçu olmaqla, ümumilikdə 18 min 850 şəxs qəsdən öldürülüb, 4435 nəfəri mülki, 51 min 803 nəfəri hərbi qulluqçu olmaqla, ümumilikdə 56 min 268 şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürülmələrinə cəhd edilib.

1988-2023-cü illərdə ermənilər tərəfindən Azərbaycanın Qarabağ bölgəsi və ətraf ərazilərində yüzdən çox fərqli-fərqli işgəncə metodları tətbiq edilməklə 1698 azərbaycanlı girov götürülüb. Əsir və girov götürülən 1284 dinc sakindən 122-i mülki sakin, əsir götürülmüş 414 nəfər hərbi qulluqçudan isə 48 nəfəri, ümumilikdə 170-i işgəncələr və qeyri-insani rəftar tətbiq edilməklə qəsdən öldürülüb.

Bütöv Azərbaycan

Xalqımızın 1988-ci ildən başlayan mübarizə yolu Vətən müharibəsi və Qarabağda keçirilən antiterror tədbirləri ilə öz zəfər mərhələsinə qədəm qoydu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu cəmi 44 gün ərzində "keçilməz" hesab olunan düşmən sədlərini darmadağın etdi. Torpaqlarımızın 30 illik işğalına son qoyuldu. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyat qaynayır, el-obasından didərgin düşən insanlarımız sevinclə yurdlarına dönürlər. 

2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə separatizmin kökü birdəfəlik kəsildi. Sərsəm "miatsum" xülyası tarixin zibilliyinə atıldı.

Qalib lider İlham Əliyev tərəfindən Xankəndidə Azərbaycan bayrağının qaldırılması sadəcə hərbi uğur deyil, Azərbaycan Konstitusiyasının bütün ölkə ərazisində mütləq hakimliyinin təmin olunması,  Azərbaycanın bütövləşməsi idi.

Bu gün Xankəndinin Zəfər meydanında dalğalanan üçrəngli bayraq həm Əli Hacıyev və Bəxtiyar Quliyevin, həm Xocalı şəhidlərinin, həm də bütün Vətən fədailərinin intiqamının alınmasının rəmzidir.

Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Seçilən
29
azerbaijan-news.az

1Mənbələr